Azərbaycan-Böyük Britaniya əməkdaşlığında yeni mərhələ …

 

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanan  “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki dövlət arasında tərəfdaşlığı yeni inkişaf mərhələsinə qaldırdı. Bəyannamənin qəbul edilməsi iki dövlət arasında münasibətlərin yalnız ənənəvi sahələrlə məhdudlaşmadığını, yeni və perspektivli istiqamətləri də əhatə etdiyini göstərir.  

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Birləşmiş Krallıq ölkəmizin ən yaxın tərəfdaşlarından oldu.  Böyük Britaniya 31 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Ölkələrimiz arasında diplomatik münasibətlər  11 mart 1992-ci ildə qurulmuşdur. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra xarici ölkələrlə, beynəlxalq təşkilatlarla qurulan genişmiqyaslı əməkdaşlıq münasibətlərində Böyük Britaniya əsas dövlətlərdən biri olmuşdur. Böyük Britaniya ilə Azərbaycan arasında 1994-cü il 23 fevralında Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə və 1998-ci il 21 iyul tarixində Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Xüsusilə enerji sahəsində qurulan əməkdaşlıq iki ölkənin iqtisadi əlaqələrinin onurğa sütununa çevrildi və Britaniya kapitalı Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran mənbələr sırasında yer aldı. 1994-cü ilin sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” ilə Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatorlarından biri oldu. Sonrakı mərhələdə bu əlaqələr daha da genişləndi. 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Saziş imzalandı. Neft-qaz sənayesi ilə yanaşı, digər sahələr üzrə də Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq mövcuddur. Rəsmi məlumata görə, hazırda Böyük Britaniyanın Azərbaycanda 645 şirkəti qeydiyyatdan keçib. Ümumilikdə Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 83 milyard ABŞ dolları sərmayə qoyub. 2025-ci ildə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsinin həcmi 956 milyon dollardan çox olub.  Britaniyanın “Chapman Taylor LLP” şirkəti ilə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında Şuşa və Cəbrayıl şəhərlərinin Baş planlarının hazırlanmasına dair müqavilələr imzalanıb. Azərbaycan da öz növbəsində Böyük Britaniyanın iqtisadiyyatına böyük həcmdə investisiyalar yatırır. 2026-cı ilin ilk yarısında Azərbaycan Böyük Britaniya iqtisadiyyatına 329,2 milyon ABŞ dolları həcmində investisiya yatırıb. Onilliklər ərzində qazanılmış bu etimad bu gün tərəfdaşlığı strateji səviyyəyə yüksəltməyə imkan verdi.

Birgə Bəyannamənin ən mühüm müddəalarından biri tərəflərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, beynəlxalq hüququn prinsip və normalarına sadiqliyinin təsdiqidir. Sənəddə beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət prinsipləri xüsusi vurğulanır. 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyəti vurğulanır. Vaşinqton zirvəsi Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli qarşıdurmadan sonra sülhə doğru tarixi mərhələ kimi qəbul olunub. Dublin Bəyannaməsi iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları alqışlayır. Diqqətəlayiq məqam ondan ibarətdir ki, Birləşmiş Krallıq sülhə ikitərəfli dialoq yolu ilə nail olmaq səylərinə dəstək ifadə edir. Bu yanaşma Azərbaycanın illərdir müdafiə etdiyi mövqe ilə üst-üstə düşür. Beynəlxalq tərəfdaşların bu prosesi dəstəkləməsi sülhün dönməzliyini gücləndirir və Cənubi Qafqazda əməkdaşlıq, nəqliyyat əlaqələri və iqtisadi inteqrasiya üçün yeni imkanlar açır.

Bəyannamə tərəfdaşlığın üç əsas sütununu müəyyən edir. Birincisi, müdafiə və təhlükəsizlikdir. Tərəflər təlim, potensialın artırılması və qarşılıqlı fəaliyyətə yönəlmiş müdafiə əməkdaşlığını inkişaf etdirəcək, müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin imkanlarını araşdıracaq, hüquq-mühafizə, sərhəd idarəçiliyi, məhkəmə və hüquqi əməkdaşlığı gücləndirəcəklər.  İkincisi, ticarət, investisiya və artımdır. Bərpaolunan enerji, infrastruktur və xidmətlər prioritet sektorlar kimi müəyyən edilib. Tərəflər Orta Dəhlizin inkişafını dəstəkləyəcək, təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlıq edəcək, maliyyə və kapital bazarlarında dialoqu dərinləşdirəcəklər. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya bu təşəbbüsləri irəlilətmək üçün əsas platforma olaraq qalacaq. Üçüncüsü, təhsil və innovasiyadır. Ali və peşə təhsili, rəqəmsal və texniki bacarıqlar, icraedici və dövlət sektorunda təlim, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində əməkdaşlıq nəzərdə tutulur. Universitetlər, tədqiqat institutları və sənaye arasında tərəfdaşlıqlar təşviq ediləcək.

Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycanın çoxvektorlu və balanslaşdırılmış xarici siyasətinin uğurlu nəticəsidir. Bu sənəd göstərir ki, Azərbaycan regionun sabitlik, sülh və inkişaf mərkəzi kimi beynəlxalq tərəfdaşlar tərəfindən etibarlı müttəfiq kimi qəbul edilir. Birləşmiş Krallıq üçün isə Azərbaycan Cənubi Qafqazda, Xəzər hövzəsində və Avrasiya bağlantılarında açar rol oynayan tərəfdaşdır.

Nailə Tağızadə

2026-11-18 / 16:35
Facebook