Ermənistanın ekoloji terroru fonunda İrəvanda COP 17 …

 

2026-cı il 19-30 oktyabr tarixlərində  Ermənistanın BMT-nin Biomüxtəliflik Konvensiyası Tərəflərinin 17-ci konfransına (COP17) ev sahibliyi etməsi 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin məruz qaldığı ekoloji dağıntılar fonunda ciddi suallar doğurur.  Qarabağda mina təhlükəsinin davam etdiyi, regionun “saatlı bombası” - Metsamor AES-in mövcudluğunu qoruduğu  halda Ermənistan belə bir beynəlxalq tədbirə necə ev sahibliyi edə bilər?! Çox gülüncdür ki, İrəvanda COP17 çərçivəsində təbiətin qorunmasından, biomüxtəlifliyin zənginləşdirilməsindən və ekoloji problemlərin həllindən danışılır. Ermənistan bununla bağlı hansı fəaliyyətindən söz aça bilər?  

Ermənistanın 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəymişdir. Erməni terroristlərinin fəaliyyəti ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Ermənistanın qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilmişdir. İşğal dövründə Azərbaycan dəfələrlə bu problemi beynəlxalq ictimaiyyət qarşısında qaldırmış, lakin həmişəki kimi Ermənistana yetərli təzyiq olmamışdır. BMT Baş Assambleyası tərəfindən hələ 2006-cı ildə qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmışdı. Həmçinin 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunan Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdu. Ancaq bu beynəlxalq hüquqi çağırışlar cavabsız qalmışdır. Bu ilin oktyabrına olan statistik məlumatlara görə, mina qurbanlarının sayı 443 nəfərə çatıb. Onlardan 73-ü həyatını itirib, 370-i yaralanıb. Ermənistanın ərazilərdə minaları genişmiqyaslı və məqsədyönlü şəkildə yerləşdirməsi beynəlxalq humanitar hüququn və üzərinə götürdüyü öhdəliklərin pozulmasıdır. Bütün bu faktlara rəğmən Ermənistanın COP 17-yə evsahibliyi etməsi  beynəlxalq təşkilatların ikili standartlarından başqa bir şey deyil.

Ümumilikdə, işğal dövründə təbii sərvətlərimiz talan edilmiş, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar Ermənistan tərəfindən qanunsuz istismara məruz qalmışdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar, həmçinin Avropada ən zəngin çinar meşəsi Zəngilanda idi. Yaşı 500-ə, uzunluğu 12 km çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılırdı. Bəsitçay qoruğu Azərbaycanın cənub-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektar idi. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib. Təəssüflər olsun ki, erməni cəlladları tərəfindən ekoloji cəhətdən zəngin olan torpağımızda bir  ağac da olsun qalmamış, meşə ağacları doğranaraq xarici ölkələrə satılmış, yüngül sənaye və digər biznes məqsədləri üçün istismar edilərək iqtisadi cinayətkarlığın qurbanına çevrilmişdir. İşğaldan azad olunmuş Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınmışdır. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb. Qeyd edilən ərazilərdə təmas xəttində meşə sərvətlərinin talan edilməsi işinə birbaşa işğalçı ordunun hərbi qulluqçuları tərəfindən rəhbərlik edilib.

44 günlük müharibə dövründə də Ermənistan 30 ilə yaxın müddətdə həyata keçirdiyi ekoloji terroru davam etdirərək Şuşa meşələrində zəhərli və çətin söndürülən maddələrdən istifadə etməklə qəsdən yanğınlar törədərək nadir meşə örtüyünü məhv etməyə çalışmışdı. Ümumi sahəsi 8 000 hektardan çox olan, qiymətli və çoxillik palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc, qoz ağaclarından ibarət sıx meşəliklərdən ibarət unikal bir ekosistemi məhv etməyə çalışmaqla Ermənistan endem xarakterli bioloji müxtəlifliyə ciddi zərbə vurmuşdur. Bu isə Ermənistanın qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaların, o cümlədən “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması idi. Ağ fosfor tipli bombalardan istifadə edən erməni terrorçuları öz mənfur niyyətlərini reallaşdırmağa çalışırdılar. Qeyd edək ki, bu tipli bombalardan istifadə edilməklə törədilən yanğınların söndürülməsi, eləcə də təbii yollarla sönməsi mümkün deyil və belə yanğınlar uzun müddət davam edir.

Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalmışdır. Bunun nəticəsidir ki Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur. Araz çayını ən çox çirkləndirən çaylardan biri Zəngilan rayonu ərazisindən axan Oxçuçaydır. Ermənistan dağ-mədən kombinatlarının yüz min tonlarla ağır metal duzlarını,kimyəvi turşuları Oxçuçayına axıdır və ekoloji terror törədir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu barədə aparılan monitorinqinin nəticələrinə görə, Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay sanki sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir. Oxçuçay Araz çayına töküldüyünə görə onun da çirklənməsi su ehtiyatlarının keyfiyyətinə mənfi təsir edir. Araz çayındakı suyun keyfiyyətinin ciddi dəyişikliyi onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi istiqamətində ağır fəsadlara gətirib çıxara bilər. Bütün bu yaşanan ekoloji soyqırım fonunda Ermənistan BMT-nin biomüxtəlifliyin qorunmasına həsr olunan beynəlxalq tədbirinə ev sahibliyi edir …

Bu gün regionumuz üçün təhlükə mənbəyi rolunu oynayan Metsamorda baş verə biləcək hər hansı bir fəlakət heç də Çernobıldan geri qalmayacaqdır. Metsamor AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Qəza olacağı təqdirdə radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisini böyük təhlükə ilə üz-üzə qoyacağı şübhəsizdir. Ermənistanın region üçün faciə rolunu oynayan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmaması  beynəlxalq öhdəliklərin yerinə yetirilməməsidir. Azərbaycan daim problemin aktuallığı ilə bağlı həyəcan təbili çalsa da müəyyən siyasi maraqlar naminə hələ də obyektiv, vahid  reaksiya qəti şəkildə bildirilməmişdir.

Dünyanın müxtəlif ölkələrindən nümayəndələrin biomüxtəlifliyin qorunması, təbii yaşayış mühitinin bərpası və ekoloji məsuliyyət məsələlərini müzakirə etdiyi bir şəraitdə Qarabağ və Şərqi Zəngəzurda işğal dövründə törədilən ekoloji terror diqqətdən kənarda qalmamalıdır. Ermənistan kürsüdən pafoslu çıxışlar etməklə törətdiyi cinayətləri ört-basdır edə bilməz. Ermənistan  törətdiyi ekoloji terrora görə dünyəvi arenada cavab verməlidir. Beynəlxalq ictimaiyyət bu ekoloji terrora laqeyd qalmamalıdır. Çünki bu, təkcə Azərbaycanın təbiətinə qarşı deyil, bütün bəşəriyyətin canlı aləminə qarşı törədilən bir cinayətdir. 

Nailə Tağızadə

2026-10-28 / 17:03
Facebook