Xarici diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb

 

ADA Universitetinin İxtisasartırma Proqramı və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı çərçivəsində “Azərbaycanda məcburi köçkünlər probleminin həlli: uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda təlim sessiyası keçirilib.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sessiya çərçivəsində Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə akkreditə olunmuş 16 ölkənin diplomatik nümayəndəliklərinin təmsilçiləri qarşısında “Azərbaycanda məcburi köçkünlər probleminin həlli - uzunmüddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirədə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasətinin ağır nəticələri, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eləcə də uzun illər ərzində onların yarımçıq tikililərdə, zirzəmilərdə, yataqxanalarda və digər ağır sosial-məişət şəraiti olan yerlərdə yaşamağa məcbur qalması barədə ətraflı məlumat verilib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş ardıcıl, kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu çərçivədə həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyeva da qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi həssaslıqla yanaşır, onların sosial rifahının yaxşılaşdırılmasına mühüm humanitar dəstək göstərir.

Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, müasir infrastrukturun yaradılması və ərazilərin dayanıqlı inkişafı istiqamətində mühüm layihələr icra olunur. Eyni zamanda, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili, bu prosesə hazırlıq, əhalinin məlumatlandırılması və reinteqrasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Mühazirə zamanı Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla çirkləndirməsinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışına ciddi əngəllər yaratdığı diqqətə çatdırılıb.

Sessiya çərçivəsində iştirakçılara Dövlət Komitəsinin hazırladığı “Bura mənim evimdir” sənədli filmi, eləcə də Böyük Qayıdış prosesinə həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

2026-11-20 / 17:52
Facebook