.jpg)
2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir.
Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq 2026-cı il oktyabrın 27-dən 29-dək ölkəmizdə təşkil edilən ““Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100 ölkədən təxminən 500 xarici qonaq iştirak etdi. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəldilər. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsəti oldu.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Dövlət başçısı əlavə etdi ki, bu foruma gəldikdə, biz burada qlobal gündəlikdə olan təxirəsalınmaz məsələlər haqqında danışırıq. İlham Əliyevin səsləndirdiyi konseptual fikirlər qlobal siyasətdə dərinləşən ideoloji qarşıdurmaların mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının ideoloji risklərin fiziki təhdidlər qədər təhlükəli olduğunu vurğulaması müasir hibrid müharibələr şəraitində milli təhlükəsizlik anlayışının daha geniş müstəvidə nəzərdən keçirilməsinin vacibliyini göstərdi. Beynəlxalq münasibətlər sistemində ikili standartların tənqid edilməsi, eləcə də kənar güclərin digər dövlətlərə öz həyat tərzini diktə etmək cəhdlərinin qətiyyətlə rədd olunması Azərbaycanın müstəqil xarici siyasət kursunun əsas prinsiplərini bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqenin və artan rolunun göstəricilərini aydın şəkildə ortaya qoyur. Ölkənin iqtisadi potensialı, müstəqil xarici siyasəti və müxtəlif tərəfdaşlarla qurduğu münasibətlər beynəlxalq təşəbbüslərdə daha fəal iştirak üçün imkanlar yaradıb. Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsi də bu siyasətin mühüm istiqamətlərindəndir.
Azərbaycan hər zaman humanist ideyaların öndə gedənlərindən biri kimi çıxış edir. Ümumdünya mədəniyyətlərarası dialoqa çağırışın məhz Bakıdan start götürməsi Azərbaycan xalqının humanist, sülhpərvər xarakterini, həm də onun dövlətinin mövqeyini nümayiş etdirir. Azərbaycanın təşəbbüsü ilə baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu getdikcə daha böyük miqyas alaraq, sülh və təhlükəsizlik sahəsində bir pionerə çevrilib. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən forumlar çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib. Sivilizasiyalar arasında körpü yaratmaq istəyən Azərbaycan müzakirə olunan qlobal miqyaslı problemlərlə Forumun dünyəvi əhəmiyyətini bir daha təsdiqləyir. Bununla Azərbaycan humanist mövqeyini bir daha təsdiqləyir, sülhsevər siyasətini sərgiləyərək insan amilinin inkişafına yönələn siyasətini dünya təcrübəsinə aşılamaq imkanı əldə edir.
Nailə Tağızadə