
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında “Brexit”dən sonrakı münasibətlərin yenidən qurulmasına dair danışıqlar başa çatıb və tərəflər bir sıra mühüm sahələr üzrə razılığa gəliblər.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem bu gün Brüsseldə Avropa İttifaqının rəsmiləri ilə görüşlər keçirir. Baş nazirin ofisi danışıqların yekunlaşdığını və razılığın əldə olunduğunu açıqlayıb. Bununla belə, bəzi məsələlər üzrə müzakirələrin davam etdiriləcəyi bildirilib.
Razılaşma gənclərin qarşılıqlı mobilliyi, ərzaq məhsullarının ixracı, karbon emissiyalarının tənzimlənməsi və miqrasiya kimi sahələri əhatə edir. Gənclərin mobilliyi proqramı çərçivəsində hər il Avropa İttifaqına üzv ölkələrdən 100 min gəncin Böyük Britaniyaya səfər etməsinə, burada işləməsinə və təhsil almasına imkan yaradılması gözlənilir. Eyni sayda britaniyalı gənc də Avropa ölkələrində analoji imkanlardan yararlana biləcək.
Bununla yanaşı, Avropa İttifaqı danışıqlar zamanı Böyük Britaniya universitetlərində Aİ ölkələrindən olan tələbələr üçün təhsil haqlarının azaldılması tələbini irəli sürüb. Avropa İttifaqının rəsmiləri bildiriblər ki, Böyük Britaniyanın Baş naziri Aİ ölkələrindən olan tələbələr üçün universitetlərdə təhsil haqlarının azaldılmasına razılıq verməyəcəyi təqdirdə, saziş qüvvəyə minməyəcək.