Qarabağdan dünyaya mesaj: Azərbaycan–Türkiyə birliyi əbədidir

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın 8 Noyabr – Zəfər Gününün altıncı ildönümündə Qarabağa səfəri Azərbaycan-Türkiyə münasibətlərinin strateji mahiyyətini nümayiş etdirən mühüm siyasi və diplomatik hadisədir. Bu səfər təkcə iki ölkə arasında qardaşlıq münasibətlərinin ifadəsi deyil, eyni zamanda Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə ünvanlanan mühüm mesajdır. Türkiyə Prezidentinin bu əlamətdar gündə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Qarabağda olması rəsmi Ankaranın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına verdiyi dəstəyin növbəti təzahürüdür. Bu səfər həmçinin 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin ruhuna və strateji müttəfiqlik prinsipinə sadiqliyin nümayişidir.

44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi  Türkiyədən aldıq. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə Qarabağımızın bərpası prosesində yanımızdadır. 2023-cü il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələnin ilk günündən Azərbaycanın da qardaş ölkənin yanında olması, bərpa prosesində yaxından iştirakı Türkiyə və Azərbaycanın həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olduğunu təsdiqlədi.

Qeyd edək ki, son zamanlar bəzi türkiyəli rəsmilərin Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışması və Prezident İlham Əliyevin oktyabrın sonundakı Türk Dövlətləri Təşkilatının Ankara sammitinə qatılmaması fonunda media və beynəlxalq analitiklər tərəfindən Bakı-Ankara xəttində soyuqluq iddiaları irəli sürülmüşdü. Ərdoğanın Zəfər Günündə şəxsən Şuşaya gəlməsi və liderlərin, münasibətlərimizə heç kimin müdaxilə etməsinə icazə verməyəcəyik bəyanatları bu gərginlik iddialarını aradan qaldırdı. Ərdoğanın "Azərbaycanla münasibətlərimiz klassik diplomatik əlaqələrdən qat-qat dərindir" ifadəsi iki dövlətin Şuşa Bəyannaməsi ilə rəsmiləşən hərbi-siyasi müttəfiqliyinin mövcud dəyişikliklərdən asılı olmadığını bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev də öz çıxışında xüsusi vurğuladı ki: “ İki xalq, ilk növbədə, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”.

Türkiyə dövlətinin başçısı Azərbaycanla əlaqələrin əhəmiyyətini vurğulayaraq qeyd etdi: “Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər zamanın sınağından keçib. Bu gün biz “Bir millət, iki dövlət” kəlamında təcəssüm olunan qəlblərin birliyindən danışırıq. Əlaqələrimiz ortaq keçmişimizdən güc alır. Qardaşlığımız dil, tarix və mədəniyyətin ümumiliyinin hüdudlarını çoxdan aşıb. Məhz buna görə bu gün Bakı ilə Ankaranın sevincini bir-birindən ayırmırıq”. Ərdoğan bildirdi ki, 2021-ci il iyununda Şuşa Bəyannaməsində təsbit olunan Ankara ilə Bakı arasındakı qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.  Türkiyə Prezidentinin Füzuliyə enərək Şuşa və Xankəndini ziyarət etməsi, Xocalı Soyqırımı Memorialını ziyarət proqramı həm də keçmiş köçkün torpaqlarının sürətli dirçəlişinə Türkiyənin verdiyi böyük iqtisadi və mənəvi dəstəyin simvoludur. Azərbaycanın Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə “X” sosial şəbəkə hesabında paylaşım edən Türkiyə lideri Qarabağın yenidən qurulması istiqamətində Azərbaycanın gördüyü işləri yüksək qiymətləndirərək qeyd edib: “Qarabağda yenidən tüstülənən hər ocaq, ucaldılan hər tikili və bərpa edilən hər tarixi irs Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”.

Səfər həm də Ermənistana və onun arxasında duran qərbli havadarlara mesajdır. Yəni, regionda revanşizm cəhdlərinin heç bir perspektivi yoxdur. İki liderin Qarabağda strateji müzakirələri, regionun logistik inteqrasiyası, xüsusilə Zəngəzur dəhlizi çərçivəsində regional kommunikasiyaların açılması və Türk dünyasının coğrafi cəhətdən birləşməsi hədəflərinə sadiqliyi gücləndirir. Ərdoğanın Şuşada səsləndirdiyi "Qarabağ Zəfəri bütün Türk dünyasının qürurudur" ifadəsi, bu qələbənin təkcə Azərbaycanın deyil, bütövlükdə Türk Dövlətləri Təşkilatının ortaq geosiyasi uğuru olaraq qəbul edildiyini göstərir.

Prezident Ərdoğanın belə mötəbər gündə Qarabağa səfəri Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin sarsılmazlığını təsdiqləyən, regionda yeni geosiyasi və geoiqtisadi imkanların formalaşmasına dəstək verən mühüm hadisədir. Bu səfər göstərir ki, Azərbaycan və Türkiyə yalnız keçmişin ortaq tarixi və qələbələri ilə deyil, həm də gələcəyə dair ortaq strateji baxışları ilə bir-birinə bağlıdır.  Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün təkcə dövlətlərarası əməkdaşlıq müstəvisində deyil, xalqlar arasında da səmimi dostluq və qarşılıqlı etimada əsaslanır. Məhz bu qardaşlıq və birlik ruhu Azərbaycan ilə Türkiyəni təkcə regionda deyil, bütün dünyada nümunəvi dövlətlərdən birinə çevirib. Azərbaycan və Türkiyə bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlar. Bu münasibətlər əbədi və sarsılmazdır.

Nailə Tağızadə

2026-11-11 / 15:46
Facebook