
Özbəkistan-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və özbək xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik əlaqələr 1995-ci il oktyabr ayının 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistanın Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlər sırasında öndə durub və indiyədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra isə Özbəkistanın dəstəyilə Füzuli rayonunda 600 yerlik məktəb tikilib. Bu, Türk Dövlətləti Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr üçün örnək hadisələrdəndir.
Azərbaycan-Özbəkistan münasibətləri son dövrlər ərzində tarixin ən parlaq dövrünü yaşayır. İki ölkə arasında iqtisadi-ticarət əlaqələri də sürətlə inkişaf edir. Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olan özbək və Azərbaycan xalqları istər ikitərəfli, istərsə də beynəlxalq müstəvidə daim dəstək nümayiş etdirir. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin sıx münasibətləri, qarşılıqlı səfərlərinin intensivliyi iki ölkə arasında əlaqələrə mühüm töhfə verir, əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Bu baxımdan, 22 avqust 2026-cı il tarixində Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edəcək. Səfər çərçivəsində “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması Azərbaycan-Özbəkistan qardaşlığının yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də hesablandığını, münasibətlərin dostluqdan daha yüksək səviyyəyə qalxdığını göstərir. Sənəd türk dövlətləri arasında həmrəyliyin artması baxımından da mühüm əhəmiyyət daşıyır.
Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Ölkələrimiz, həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürür.
Müqavilə çərçivəsində tərəflər bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında ticarət-iqtisadi və investisiya əməkdaşlığını inkişaf etdirir, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, yaşıl və rəqəmsal iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinə köməklik göstərəcək. Bu, iki ölkənin iqtisadi münasibətlərinin daha da genişlənməsi baxımından çox önəmlidir.
Tərəflər, eyni zamanda, Azərbaycan və Özbəkistanın turizm potensialından geniş istifadə və turizm məhsullarının tanınmasının artırılması üçün əməkdaşlığı təşviq edəcək.
Müqavilə iki ölkə xalqlarının mənəvi, təhsil və mədəni yaxınlığının qorunub saxlanmasına hərtərəfli dəstək olacaq, elm, təhsil, tibb, mədəniyyət, mədəni irs, gənclər, turizm və idman, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlərdə mübadilə və əməkdaşlığı inkişaf etdirəcək. Müqaviləyə əsasən, tərəflər regionlararası əməkdaşlığın inkişafını dəstəkləyir, şəhərlər və regionlar arasında tərəfdaşlıq əlaqələrinin qurulmasını təşviq edəcək.
Sənəd iki ölkənin bir-birini sadəcə dost deyil, həm də etibarlı və uzunmüddətli strateji tərəfdaş kimi gördüyünü göstərən mühüm mesajdır. Bu sənəd ilə Azərbaycan-Özbəkistan qardaşlığı yeni və daha möhkəm mərhələyə qədəm qoyaraq, iki xalq arasında əbədi dostluğun və sarsılmaz həmrəyliyin rəsmi ifadəsinə çevriləcək.
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclasında və liderlərin mətbuata bəyanatlarında Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müqaviləni yüksək qiymətləndirdilər. Prezident İlham Əliyevin “Dostluq” ordeni ilə təltifolunma mərasimində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Əbədi dostluq haqqında Müqavilənin münasibətlərimizi yeni məzmunla zənginləşdirəcəyinə əminliyini ifadə etdi. Qeyd edək ki, “Dostluq” ordeni Özbəkistanla Azərbaycan arasında əbədi dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə İlham Əliyevin verdiyi böyük töhfəyə hörmətin və minnətdarlığın rəmzidir.
Azərbaycan və Özbəkistanın Orta Dəhliz Beynəlxalq Nəqliyyat Marşrutunda iştirakı xüsusi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizinin reallaşması fonunda isə bu bağlantı Avrasiya logistika şəbəkəsinə əlavə dəyər qazandıracaq. Prezident İlham Əliyev Ali Dövlətlərarası Şuranın 3-cü iclasında Zəngəzur dəhlizinin istifadəyə verilməsi istiqamətində işlərin fəal şəkildə davam etdirildiyini bildirdi.
Prezident İlham Əliyev səfər çərçivəsində Özbəkistanın ən böyük şəhərsalma layihəsi - “Yeni Daşkənd”lə tanış oldu. İlham Əliyev və Şavkat MirziyoyevYeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməlini qoydular. Qeyd edək ki, parkda Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və ənənələrini əks etdirəcək ictimai məkan yaradılacaq.
Dövlət başçıları Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak etdilər. Qeyd edək ki, ölkəmizlə əməkdaşlıq çərçivəsində Füzuli şəhərindəki Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin ilk 5 məzunu qrant əsasında bu universitetdə təhsil almaq hüququ qazanıb.
Azərbaycan-Özbəkistan əməkdaşlığı yalnız iki ölkənin iqtisadi maraqlarına deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu strateji tərəfdaşlıq türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin səfəri bir daha göstərdi ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.
Nailə Tağızadə