Çolpon-Ata Bəyannaməsi; Azərbaycan Mərkəzi Asiya əməkdaşlığının yeni formatı …

 

Mərkəzi Asiya regionu daim beş ölkənin – Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın – adı ilə birlikdə çəkilirdi. Ötən ildən etibarən Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə regional inteqrasiya tamamilə yeni mərhələyə qədəm qoydu. Bu formatla Azərbaycan artıq faktiki olaraq Mərkəzi Asiyanın tərkib hissəsi kimi qəbul olundu və bu istiqamətdə keçirilən bütün təmaslarda tamhüquqlu iştirakçı statusu qazandı. Mərkəzi Asiya ölkələri ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə qalxdı. 2026-cı il 31 iyul tarixində Prezident İlham Əliyevin Qırğızıstan səfəri zamanı Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının ilk qeyri-rəsmi görüşündə iştirakı bu əməkdaşlığın önəmini və perspektivlərini qiymətləndirməyə əsas verir.

Çolpon-Ataya toplaşan dövlət başçıları Avrasiyanın dəyişən geosiyasi mənzərəsində yeni regional əməkdaşlıq modelinin formalaşdığını rəsmən bəyan etdilər. Görüşdən sonra imzalanan Çolpon-Ata Bəyannaməsi göstərdi ki, artıq Azərbaycan və Mərkəzi Asiya dövlətləri əməkdaşlığı vahid strateji baxış əsasında inkişaf etdirməyə çalışırlar. Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar açır. Eyni zamanda, enerji təhlükəsizliyi bu gün bütün dövlətlər üçün ön plandadır. Bu fonda isə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə yeni əməkdaşlıq platformaları qurması yaxın gələcəyə yönəlik strateji hədəf, düzgün atılmış addım kimi qiymətləndirilməlidir. Çolpon-Atada verilən mesajlar onu göstərir ki, Bakı ilə Mərkəzi Asiya dövlətləri arasında formalaşan yeni tərəfdaşlıq modeli yaxın illərdə Avrasiyanın siyasi və iqtisadi xəritəsinə təsir göstərə biləcək mühüm geosiyasi proseslərdən birinə çevrilmək potensialına malikdir.

Çolpon-Ata Bəyannaməsinin ilk müddəalarında göstərilir ki, Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətləri əsrlər boyu formalaşmış ortaq tarixi yaddaş, mədəni irs və sivilizasiya bağları üzərində qurmağı prioritet hesab edir. Sənədin vacib cəhətlərindən biri də beynəlxalq hüququn fundamental prinsiplərinə kollektiv sadiqliyin bir daha təsdiqlənməsidir. Bəyannamədə regional əməkdaşlığın xalqların fundamental maraqlarına cavab verdiyi də xüsusi vurğulanır. Belə ki, tərəflər iqtisadi inkişafın, təhlükəsizliyin və sosial rifahın yalnız qarşılıqlı etimada əsaslanan çoxtərəfli əməkdaşlıq şəraitində təmin oluna biləcəyini qəbul edirlər. Sənəddə diqqətçəkən məqam isə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakının xüsusi qeyd olunmasıdır. Bu, göstərir ki, rəsmi Bakı artıq regionun strateji tərəfdaşı kimi qəbul edilir. Eyni zamanda siyasi qərarların müzakirəsi və ümumi gündəliyin formalaşdırılması kimi vacib məsələlərdə mühüm rol oynayır.

Bəyannamə dövlət başçılarının müntəzəm siyasi dialoqu davam etdirmək və praktiki əməkdaşlığı daha da dərinləşdirmək iradəsini ortaya qoymaqla yanaşı, regionun iqtisadi inteqrasiyasının yeni mərhələsinə keçid üçün konkret prioritetləri də müəyyənləşdirir. Bunlar da ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, biznes və investisiyalar üçün əlverişli mühitin formalaşdırılması, birgə istehsal müəssisələrinin qurulması, sənaye istehsalına diqqətin artırılması kimi istiqamətlərdir. Eyni zamanda Bəyananmədə nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə də xüsusi yer ayrılıb ki, günümüzün reallığı prizmasından bu, ən mühüm istiqamətlərdən biridir. Orta Dəhlizlə bağlı səsləndirilən fikirlər göstərir ki, Azərbaycan Avropa və Mərkəzi Asiya arasında etibarlı tranzit qovşağı kimi mövqeyini daha da möhkəmləndirir.

Bəyannamədə dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi və iqtisadi mexanizmlərlə yox, həm də xalqlar arasında formalaşan humanitar əlaqələrlə də təmin edildiyi üzə çıxır. Məhz buna görə sənəddə mədəniyyət, təhsil, elm, gənclər siyasəti və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi ayrıca strateji istiqamət kimi müəyyənləşdirilib.

Bəyannamədə əksini tapan müddəalar Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Bu baxımdan, Çolpon-Atada verilən siyasi mesajlar təkcə iştirakçı dövlətlər üçün deyil, bütövlükdə Avrasiyanın gələcək geosiyasi və geoiqtisadi arxitekturası baxımından da mühüm əhəmiyyət daşıyır. Bəyannamə, həmçinin Azərbaycanın regionlararası əməkdaşlığın əsas təşəbbüskarlarından biri kimi mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirir. Azərbaycan Şərqlə Qərbi birləşdirən əsas sütundur. Azərbaycan yalnız regional deyil, qlobal əməkdaşlığın da mühüm faktorudur. Bununla Azərbaycan paralel şəkildə iki böyük regional məkanda aparıcı aktor rolunu oynayacaq. Azərbaycan və Mərkəzi Asiya dövlətlərinin vahid formatda fəaliyyətə başlaması türk dünyasının inteqrasiyasına da mühüm töhfə verəcək. Azərbaycan türk dünyasının siyasi, iqtisadi və mədəni birliyini gücləndirən mühüm strateji rolu təmsil edir. Ölkəmizin bu formata qoşulması tək Mərkəzi Asiya dövlətləri ilə deyil, bütövlükdə türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi və möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcək.

Nailə Tağızadə

2026-08-03 / 21:33
Facebook