Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ …

 

21 iyul 2026-cı il tarixində Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri  iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin təməlini qoydu.  Səfər Almaniya Federal Kansleri Fridrix Mertsin dəvəti əsasında həyata keçirildi. Dövlət başçımızın Almaniyada yüksək səviyyəli qarşılanması, keçirdiyi yüksəksəviyyəli görüşlər, imzalanan mühüm sənədlər və dövlət başçısının mətbuata verdiyi bəyanat Azərbaycan-Almaniya əməkdaşlığının müasir durumu və perspektiv inkişafı ilə bağlı böyük ümid vəd edir. Azərbaycan bu gün Avropa üçün etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib. Almaniya isə Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü kimi qlobal proseslərə təsir imkanlarına malikdir. Bu baxımdan iki dövlət arasında münasibətlərin inkişafı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.  

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevlə görüşündə Azərbaycanı regionda sabitlik adası kimi dəyərləndirdi, sülh prosesində əldə edilmiş irəliləyişə görə dövlətimizin başçısına təbriklərini çatdırdı.  Almaniya Prezidenti eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu barədə söz açdı, Rusiya və Avropa arasında gərginlik fonunda Azərbaycanın etibarlı tərəfdaş imicini xüsusi vurğuladı. 

Səfərin ən mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts tərəfindən "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin imzalanması oldu. Eyni zamanda, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin qəbul edilməsi iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün yeni institusional mexanizmlər formalaşdırdı. Bu sənədlər qarşıdakı illərdə siyasi dialoqun dərinləşdirilməsini, ticarət dövriyyəsinin artırılmasını, qarşılıqlı investisiyaların genişləndirilməsini, enerji və yaşıl texnologiyalar, rəqəmsal iqtisadiyyat, sənaye kooperasiyası, elm və təhsil sahələrində əməkdaşlığın yeni mərhələyə keçməsini təmin edəcək. Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında bəyan etdi ki, imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərini yeni səviyyəyə qaldıracaq. Dövlət başçısı bildirdi ki, hər iki ölkə uzun müddətdir strateji dialoqun başlanmasını arzulayırdı və artıq bu məqsədə nail olunub.

Son illərdə Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlıq davamlı inkişaf edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda 200-dən çox Almaniya şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu şirkətlər sənaye, maşınqayırma, tikinti, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, maliyyə və xidmət sektorlarında mühüm layihələr həyata keçirirlər. Dövlət başçısı əminliyini ifadə etdi ki, rəsmi səfərdən sonra Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti daha da genişlənəcək. Qarşılıqlı investisiya qoyuluşu ilə bağlı konkret təkliflərin irəli sürülməsi, biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi və yeni iqtisadi layihələrin hazırlanması bunu deməyə əsas verir..

Prezident İlham Əliyevin bəyanatında enerji əməkdaşlığı xüsusi yer tutdu. Dövlət başçısı bu ildən etibarən Azərbaycanın öz təbii qazını Almaniyaya ixrac etməyə başladığını bəyan etdi. Bununla da Azərbaycan qazı artıq Avropa İttifaqına üzv on ölkəyə çatdırılır. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir.

Azərbaycan yalnız təbii qaz və neft ixrac edən ölkə kimi deyil, həm də yaşıl enerji sahəsində Avropanın gələcək tərəfdaşlarından biri kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, günəş və külək elektrik stansiyalarının tikintisi ölkəmizin enerji strategiyasının yeni mərhələyə keçdiyini göstərir. Almaniyanın alternativ enerji texnologiyaları sahəsində zəngin təcrübəsi bu istiqamətdə əməkdaşlıq üçün geniş perspektivlər yaradır.

Müasir dövrdə qlobal iqtisadiyyatın əsas dayaqlarından biri nəqliyyat və logistika marşrutlarıdır. Prezident İlham Əliyevin çıxışında bu məsələyə də toxunaraq vurğuladı ki, Almaniya şirkətləri logistika və nəqliyyat sahəsində böyük uğurlar əldə ediblər və Azərbaycan bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri nəticəsində Azərbaycan Avropa ilə Asiya arasında əsas tranzit qovşaqlarından birinə çevrilib. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları və beynəlxalq hava limanları Orta Dəhlizin səmərəli fəaliyyətini təmin edən mühüm layihələrdir.

Prezident İlham Əliyev Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olmasını ölkəmizin Avropa ilə Mərkəzi Asiya arasında strateji körpü rolunu daha da gücləndirdiyini qeyd etdi. Bu baxımdan Almaniya ilə logistika və tranzit sahəsində əməkdaşlıq həm iqtisadi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin bəyanatında Cənubi Qafqazda yaranmış yeni siyasi reallıqlar da geniş şəkildə əks olundu. Dövlət başçısı bildirdi ki, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və imzası ilə qəbul edilmiş Birgə Bəyannamə faktiki olaraq otuz il davam etmiş Ermənistan–Azərbaycan münaqişəsinə son qoydu. Bu, regionun tarixində yeni səhifənin başlanğıcıdır. Azərbaycan sülh prosesinə yalnız siyasi bəyanatlarla deyil, konkret addımlarla da töhfə verir. Dövlət başçısı Almaniyanın bu prosesdə oynadığı rolu da yüksək qiymətləndirdi. O vurğuladı ki, Almaniyada xarici işlər nazirləri səviyyəsində keçirilən görüşlər və Berlinin sülh dialoquna verdiyi dəstək etimad mühitinin formalaşmasına mühüm töhfə verib. Bu yanaşma Almaniyanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir.

Ölkə başçısının Almaniyaya rəsmi səfəri zamanı alman iş adamları ilə keçirilən görüşlər səfərin diqqətçəkən məqamları sırasında yer aldı. Bu təmaslar Azərbaycanın iqtisadi imkanlarına və investisiya mühitinə marağın artdığını nümayiş etdirdi. Aparılan müzakirələr yeni layihələrin reallaşması, biznes əlaqələrinin genişlənməsi və uzunmüddətli tərəfdaşlıq üçün mövcud potensialı ortaya qoydu. Prezidentin səfər çərçivəsində Almaniya iqtisadiyyatının Şərq Komitəsinin rəhbərliyi ilə görüşü də iqtisadi əməkdaşlığın səfərin əsas gündəliklərindən biri olduğunu göstərdi.

Mətbuat konfransı zamanı Kansler Fridrix Mertsin Azərbaycan ilə Almaniya arasında davamlı və məhsuldar əməkdaşlığı səbirsizliklə gözləyirəm bəyanatı ölkəmizə olan etimadın, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik xarici siyasət kursuna verilən yüksək qiymətin, eyni zamanda qarşılıqlı etimada əsaslanan əməkdaşlığın gələcək inkişafına olan inamın parlaq ifadəsidir. 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, tranzit imkanlarının genişləndirilməsi və Orta Asiya ilə Avropa arasında mühüm nəqliyyat qovşağına çevrilməsi ölkəmizin strateji mövqeyini daha da gücləndirir. Bu amillər Azərbaycan Almaniya əməkdaşlığının gələcəkdə daha geniş miqyas alacağına və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əsas verir.Almaniya Avropa İttifaqının ən güclü iqtisadiyyatına malik üzvü olmaqla yanaşı, siyasi qərarlarının formalaşdırılmasında da aparıcı rol oynayır. Belə bir dövlətlə münasibətlərin strateji xarakter alması Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndiyini, ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunduğunu nümayiş etdirir.

Nailə Tağızadə

2026-07-22 / 20:02
Facebook