ABŞ-ın Ermənistan ssenarisi …

 

ABŞ Konqresinin Nümayəndələr Palatasında noyabrın 15-də “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmələrin keçirilməsi Azərbaycana qarşı yönəlmiş təxribat olmaqla qeyri-obyektiv yanaşmanın təzahürüdür. ABŞ keçmiş Minsk Qrupunun həmsədri olduğu dövrdə də müxtəlif manevrlər edərək Qarabağ münaqişəsinin həllinə mane olmağa çalışırdı. Fransanın sürətlə Ermənistanı silahlandırması, Aİ-nin missiyasının genişləndirilməsi istiqamətində işlər, Kanadadan sonra ABŞ-ın da bu missiyaya qoşulması, Aİ-nin Ermənistanın silahlanması üçün Avropa Sülh Fondundan istifadə etmək təşəbbüsü və s. məhz Qərbin regionla bağlı riyakar siyasətinin təzahürüdür. Qərb İrəvandan istifadə edərək Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır.

ABŞ Senatının bu yaxınlarda qəbul etdiyi “Ermənistanı Müdafiə Aktı” adlandırılan sənəd tamamilə anti-Azərbaycan əhəmiyyəti daşıyır. Qanun layihəsinin ilhamverici müəllifi 2023-cü ilin sentyabrında Ermənistanda səfərdə olan ABŞ nümayəndə heyətinə rəhbərlik etmiş senator Herri Pitersdir. Onunla yanaşı, senatorlar Robert Keysi, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollen də sənədin həmmüəllifləri sırasında yer alırlar. Bu şəxslərin hər biri ABŞ-da fəaliyyət göstərən erməni lobbi və diaspor təşkilatları ilə sıx əlaqədədir. 

ABŞ Konqresinin yuxarı palatasının Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan S.3000 qanun layihəsini təsdiqləməsi demokratiya fenomenini əlində bayraq tutan Amerikanın beynəlxalq hüququ görməzdən gəlməsidir. Bu qanun ABŞ Prezidentinə Azərbaycan ilə bağlı 907-ci düzəlişi dayandırmağa icazə vermir. Azadlığa Dəstək Aktına edilən 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir. Üstəlik, qanuna əsasən, ABŞ Prezidenti 2002-ci il Xarici Əməliyyatlar, İxracın Maliyyələşdirilməsi və Əlaqədar Proqramlar Aktının II Başlığına (İctimai Qanun 107-115) uyğun olaraq 2024 və ya 2025-ci maliyyə ili üçün ayırmalarla bağlı verilmiş ləğvetmə səlahiyyətindən istifadə edə bilməz.

Qeyd edək ki, 907-ci düzəliş 2002-ci ildən bəri ABŞ prezidentləri tərəfindən hər il dayandırılır. Qərar qüvvəyə minməzdən əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.

ATƏT Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ 30 ilə yaxın dövrdə ərazilərimizin işğalı, etnik təmizləmə, milli-mədəni irsimizin məhv edilməsi, sərvətlərimizin talanmasına görə  məsuliyyət daşıyır. İşğal dövründə Ermənistanı qınamayan, BMT TŞ-nin məlum 4 qətnaməsinin icrası istiqamətində addım atmayan ABŞ 1992-ci ildə Azərbaycana qarşı “907-ci düzəliş”i qəbul etdi. İşğala məruz qalan bir dövlətə qarşı sanksiya tətbiq etmək ABŞ-ın “ədalət” anlayışına uyğundur.  

ABŞ öz ambisiyaları naminə təsir göstərə bildiyi dövlətləri qurban verir. Bu gün Qəzzada baş verənlərin təşkilatçısı, eyni zamanda Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan məhz Vaşınqtondur.

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi birtərəfli və qərəzli fikirlərə bildirdiyi münasibətində qeyd olunur ki: “Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal altında olduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub. Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ separatçı rejimi dəstəkləyən tərəf kimi sözügedən rejimi rəsmən maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini, bu ölkənin rəsmiləri ilə görüşlərini təşkil edən yeganə dövlət olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir”.

Ceyms O’Braynın 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı XİN-in şərhində bildirilir ki, ABŞ tərəfi 1992-ci ildə təcavüzə və işğala məruz qalmış dövlət olmasına baxmayaraq, bu düzəlişlə sanksiyaya məruz qalan Azərbaycana qarşı etdiyi səhvi yenidən təkrarlayır. 2001-ci il 11 sentyabr hücumlarından sonra Azərbaycan ABŞ-ın terrorla mübarizə səylərini dəstəklədiyi zaman həmin il 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması qərarını verən də ABŞ tərəfi olub. Məhz Azərbaycan hava məkanı marşrutlarını və logistika imkanlarını, Şimal Paylayıcı Şəbəkəsini açmaqla ABŞ tərəfinə öz yardım əlini uzadıb. Əfqanıstanda ABŞ tərəfi ilə çiyin-çiyinə mübarizə aparan ilk dövlətlərdən biri də məhz Azərbaycan olub. Azərbaycan, eyni zamanda, Əfqanıstanı tərk edən sonuncu tərəfdaş ölkə idi. Lakin belə çıxır ki, ABŞ tərəfi həmişə Azərbaycanın dəstəyini müvəqqəti hesab edib. Amma unudulmamalıdır ki, tarix təkrarlana bilər. ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır.

Vaşinqtonun Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatı ilə bağlı XİN-in açıqlamasında qeyd olunur ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaq. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik.

Üstəlik, ABŞ-ın belə birtərəfli yanaşması onun vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında 2023-cü il noyabrın 20-də Vaşinqtonda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi vurğulamaq vacibdir.

ABŞ-ın Ermənistan amilini şişirtməsinin əsas səbəbi gələn il reallaşacaq seçkilərlə bağlıdır. Ənənəvi olaraq bu dəfə də erməni lobbisinin maraqlarından çıxış edilib. Ona görə də bütün təzyiqlərə hazır olmalıyıq. Seçki dövründə Azərbaycana qarşı bu cür təzyiqlər və qərarlar dayanmayacaq. Seçki başa çatdıqdan sonra həmişəki kimi erməni lobbisi lazımsız bir əşya kimi kənara atılacaq. Bunu ermənilər özləri də etiraf ediblər. 44 günlük müharibə və sonrakı dövrdə ABŞ-nin bitərəf qalması ermənilərin sərt tənqidlərinə tuş gəlmişdi.

ABŞ-ın bu addımları deməyə əsas verir ki, demokratiya “carçıları” bölgədə sülh istəmir. Rəsmi Vaşinqton Cənubi Qafqazdakı sabitliyə mane olmaq üçün əlindən gələni edir. Ağ Ev özünün regional maraqlarının təmin olunması üçün Ermənistandan istifadə edir. Məqsəd münaqişəni bərpa etmək, sülh prosesinin qarşısını almaqdır. Bu məqsədlə Qərb son zamanlar Ermənistanı sürətlə silahlandırır. 

Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb-çıxarılmasını özü üçün prioritet elan edən ABŞ Ermənistandan sonra Azərbaycanı da təsir dairəsinə almaq istəyir. ABŞ Azərbaycana təzyiq edərək, bizi Qərbin maraqlarının icraçısına çevirmək istəyir.

Əgər ABŞ sözdə deyil əməldə sülh danışıqlarında irəliləyiş istəyirsə, onda Azərbaycana yox, Ermənistana təzyiq etməlidir. Vaşinqtonun ölkəmizlə qarşılıqlı əməkdaşlıq dairəsi onun Ermənistanla münasibətlərinin çərçivəsindən qat-qat genişdir. Qərbə yardım üçün yalvaran Ermənistandan fərqli olaraq Azərbaycanda Rusiyanın hərbi bazaları mövcud deyil. Rusiya sülhməramlılarının ərazilərimizdə qalma müddətinin 20 il uzadılması təklifi ilə çıxış edən Ermənistan, bundan imtina edənsə Azərbaycan olub.

Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün gücdən istifadə etməklə bağlı legitim hüququnu reallaşdırıb. Bu gün münaqişə sona çatıb. Azərbaycanın mövqeyi regionda sülhün bərqərar olması, sabitliyin və təhlükəsizliyin təmin olunmasıdır. ABŞ başda olmaqla Qərbin münaqişəni bərpa etmək yolunda olan bütün cəhdləri əbəsdir. Azərbaycan nə ABŞ, nə də Konqres qarşısında məsuliyyət daşımır. Rəsmi Bakı bu gün Cənubi Qafqazın əsas siyasi aktorudur. Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə də Mərkəzi Asiyada Qərbin siyasəti reallaşa bilər.

                                                                                                         Nailə Tağızadə

2023-11-23 / 16:27
Facebook