Neft bazarında təklif artımı ilə bağlı nikbin gözləntilər güclənir

 

Neft qiymətləri xam neft təklifinin artmasına dair siqnalların Hörmüz boğazı ətrafında gəmilərə qarşı hücumların intensivləşməsini kölgədə qoyması fonunda azalıb.

“Brent” markalı neftin qiyməti bir barelinin qiyməti 90 dollardan aşağıdır. “Light” markalı xam neftin bir barelinin qiyməti isə 80 dollar ətrafında qərarlaşıb.

Bazar iştirakçıları qlobal neft ehtiyatlarının aşağı səviyyədə qalmasına və regionda hücumların davam etməsinə baxmayaraq, qarşıdakı həftələrdə bazarda təklif artıqlığı amilinin üstünlük təşkil edəcəyini proqnozlaşdırırlar.

İran tərəfi daha bir tankerin Hörmüzdə minaya düşdüyünü iddia edib. Bununla da İslam Respublikası tərəfindən son dövrlərdə hədəf alınan gəmilərin sayı artıb.

Tehran, həmçinin tələbləri yerinə yetirilənədək Hörmüz boğazı üzərində nəzarəti gücləndirəcəyi ilə hədələyib. Bu açıqlama təxminən 9 aydır davam edən münaqişənin həllindən hələ də uzaq olunduğunu göstərir.

Davam edən hərbi qarşıdurmaya baxmayaraq, son aylarda Körfəzdən xam neft ixracı sürətlə artıb. Beynəlxalq Enerji Agentliyi (IEA) isə cari rübdə dünya neft bazarında təklif artıqlığının yaranacağını proqnozlaşdırır.

Analitiklərin fikrincə, mövcud vəziyyət daha çox vaxtaşırı gərginliyin artdığı, lakin genişmiqyaslı müharibənin baş vermədiyi ssenariyə uyğundur. Bu şəraitdə qarşıdakı həftələrdə bazarda təklif artıqlığı əsas tendensiyaya çevrilə bilər.

ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərdən sonra İrana qarşı yeni hücumları təxirə salması və Körfəz regionundan neft ixracının kəskin artması fonunda Brent markalı neft bu ay əhəmiyyətli dərəcədə ucuzlaşıb.

Yaxın Şərq neft bazarı üçün mühüm göstərici hesab edilən “Dubai” markalı xam neftin müxtəlif müddətli fyuçersləri arasındakı qiymət fərqinin bu həftə azalma istiqamətinə dəyişməsi də təklifin tələbi üstələdiyinə işarə edir.

Bununla belə, regionda davam edən hərbi qarşıdurmanın neft bazarında qeyri-müəyyənliyi qoruyacağı gözlənilir. İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı hədəf almaqda davam edərkən, Yəməndəki Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri krallığın Fars körfəzində yerləşən ən böyük neft mərkəzi – Ras-Tanura üzərində dörd pilotsuz uçuş aparatının qarşısının alındığını açıqlayıb.

Qeyd edək ki, müharibənin ilkin mərhələsində bu obyekt də hücuma məruz qalmış, nəticədə neft emalı zavodunun fəaliyyəti dayandırılmışdı.

Ekspertlər bildirirlər ki, neft təklifinin yaxşılaşmasına baxmayaraq, qlobal ehtiyatların son dərəcə aşağı səviyyədə qalması bazarı yeni təchizat pozuntuları qarşısında həssas edir. Vurğulanır ki, mövcud vəziyyət neft qiymətlərinin yenidən yüksəlməsi üçün əlverişli zəmin yaradır.

2026-11-25 / 12:44
Facebook