.jpg)
Son illər Azərbaycan ilə Vyetnam arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün yeni inkişaf perspektivləri açır. Enerji, neft-kimya, nəqliyyat-logistika, sənaye və kənd təsərrüfatı qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri kimi önə çıxır. 2025-ci ildə Strateji tərəfdaşlıq haqqında Birgə Bəyənatın qəbul edilməsi bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni perspektivlər açır. Ötən ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon dolları ötməsi iqtisadi əlaqələrin inkişaf dinamikasını göstərir.
19 noyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, birgə bəyanatlar iki ölkə arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Səfər öncəsi Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə dövlət başçımız Vyetnama səfərinin mahiyyətini və gözləntilərini belə ifadə etmişdi: “Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik”.
Energetika sahəsi Azərbaycan-Vyetnam əməkdaşlığının əsas istiqamətlərindən biridir. İstər SOCAR və PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorantumu, istərsə də Vyetnamın “ROX Group” şirkətinin Azərbaycanda tikinti, infrastruktur, o cümlədən, bərbaolunan enerji layihələrinə maraq göstərməsi bu faktı bir daha təsdiqləyir. Bu baxımdan, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində bu şirkətlə imzalanmış sənədlər qeyd edilən istiqamətdə yeni imkanlar yaradır. Bu isə öz növbəsində Azərbaycanın yaşıl enerji sektorunun inkiafı və xarici investisiyaların cəlbi baxımından əhəmiyyətlidir.
İkitərəfli əlaqələrin dərinləşdirilməsindən danışarkən nəqliyyat-logistika sahəsini xüsusilə qeyd etmək lazımdır. 2026-cı ilin ilk doqquz ayında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrünə nisbətən təxminən altı dəfə artaraq 8 min tonu ötməsi bu sahədə müsbət dinamikanı göstərir. Azərbaycanın Orta Dəhliz və "Şimal–Cənub" nəqliyyat dəhlizlərində iştirakı Vyetnam yüklərinin Avropa və digər bazarlara daşınması üçün alternativ imkanlar təqdim edir. Bu baxımdan 20 noyabrda İlham Əliyevin Vyetnam Baş naziri Le Min Hunqla keçirilən görüşündə nəqliyyat-tranzit-logistika məsələləri əsas müzakirə istiqamətlərindən oldu. Müzakirələrdə Mərkəzi Asiya və Transxəzər nəqliyyat-logistika dəhlizi vasitəsilə dəmir yolu əlaqələrinin inkişaf etdirilməsi razılaşdırılıb, eləcə də tərəflər həmçinin hava əlaqələrinin asanlaşdırılmasına dair əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Dövlət başçısının da vurğuladığı kimi, ikitərəfli münasibətlərin digər mühüm istiqaməti humanitar və təhsil əlaqələridir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil proqramlarına dəstək və Azərbaycanın təbii fəlakətlər zamanı göstərdiyi humanitar dəstək qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir. Eyni zamanda, vaxtilə minlərlə Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması və mövcud akademik əməkdaşlıq ənənələri iki ölkə arasında insan kapitalının inkişafı və bilik mübadiləsi üçün əlverişli zəmin yaradır. Mədəniyyət sahəsində tarixi əlaqələrin müxtəlif tədbirlər və birgə təşəbbüslərlə davam etdirilməsi isə xalqlar arasında qarşılıqlı tanınmanı gücləndirir. Bu baxımdan humanitar və mədəni əməkdaşlığın genişləndirilməsi yalnız dostluq münasibətlərinin möhkəmlənməsi üçün deyil, həm də turizm, təhsil, yaradıcı sənayelər və digər sahələrdə iqtisadi tərəfdaşlığın inkişafı üçün əlavə imkanlar yaradır.
Səfər çərçivəsində energetika, günəş və külək enerjisi, ədliyyə, neft-qaz, texnologiya, innovasiya və inkişaf, mədəniyyət, arxiv işi, media, sahibkarlığın inkişafı sahəsində imzalanan sənədlər iqtisadi əməkdaşlığın, yalnız hökumətlərarası razılaşmalarla məhdudlaşmadığını, həm də şirkətlər, sahibkarlıq subyektləri, elm və təhsil müəssisələri, informasiya agentlikləri arasında əlaqələrin qurulmasına yönəldiyini göstərir. Xüsusilə, Birgə Biznes Şurasının yaradılması sahibkarların qarşılıqlı investisiya imkanları barədə məlumat əldə etməsi, tərəfdaş axtarışı və birgə layihələrin hazırlanması baxımından əhəmiyyətlidir və bu mexanizm ticarət dövriyyəsinin artırılması üçün institusional vasitə rolunu oynaya bilər.
Hanoyda rəsmi naharda çıxışı zamanı Prezident İlham Əliyev keçən il Prezident To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırdığını vurğuladı. Vyetnam Prezidenti To Lam Hanoy isə Azərbaycanın sosial-iqtisadi inkişafın sürətləndirilməsində və beynəlxalq aləmdə nüfuzunun artırılmasında nümayiş etdirdiyi cəsarət və yaradıcılıq sayəsində qazandığı böyük nailiyyətləri vurğulayaraq bildirdi ki: “Tamamilə əminəm ki, Sizin mükəmməl rəhbərliyinizlə Azərbaycan hətta bundan da böyük inkişafa nail olacaq, regionda və dünyada sülh, sabitlik amallarına dəyərli töhfəsini verəcək”.
Prezident İlham Əliyevin 19–21 noyabr 2026-cı il tarixlərində Vyetnama rəsmi səfəri zamanı dövlət başçısına göstərilən yüksək qonaqpərvərliyin arxasında iki ölkə arasında illər ərzində yaranmış qarşılıqlı hörmət və etimad dayanırdı. Bu münasibət tarixi dostluğun dövlət rəhbərləri səviyyəsində də eyni həssaslıqla qorunduğunu göstərən bir yanaşma idi. 2025-ci ildə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsi və müxtəlif sahələr üzrə sənədlərin imzalanması bu münasibətlərin institusional əsaslarını formalaşdırıb. 2026-cı il səfəri isə həmin razılaşmaların praktiki nəticələrə çevrilməsi üçün yeni imkanlar yaratdı. Bu səfər Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Vyetnam arasında tarixi dostluq münasibətləri artıq daha geniş iqtisadi və strateji əməkdaşlıq platformasına çevrilməkdədir.
Nailə Tağızadə