Bu ilin fevral ayından etibarən yeni taksi duracaqlarının tikintisinə başlanacaq.
Verilən məlumata görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə heyətinin sədri Vüsal Kərimli bu gün keçirilən mətbuat konfransında bildirib.
V.Kərimli qeyd edib ki, duracaqlarda yalnız fərqlənmə nişanı almış taksilər xidmət göstərə biləcək:
"Taksi sayının yuxarı həddi müəyyən olunub. Hazırda müəyyən istiqamətlərdə qanunvericiliyin təkmilləşdirilməsi aparılır. Ümumilikdə 28 min taksi qeydiyyatdan keçib. Amma onlardan fərqlənmə nişanı alanların sayı 5-6 mindən artıq deyil. Demək qalan taksilər qanunsuz olaraq fəaliyyət göstərir".
BNA rəsmisinin sözlərinə görə, 240 taksi duracağının yeri müəyyənləşdirilib:
"Yerlərin müəyyən edilməsi çətin prosesdir. Çünki bu zaman bütün faktorlar nəzərə alınıb. Bura sərnişin axınından tutmuş, təhlükəsizlik məsələlərinədək bütün amillər daxildir. Həmin dayanacaqların asfalt örtüyü dəyişdirilməli, məhəccərlər və panduslar quraşdırılmalıdır. Bundan sonra taksilər yalnız həmin dayanacaqlarda tam qanuni fəaliyyət göstərəcək".