Torpaqlarımız işğaldan azad olunduqdan sonra Prezident İlham Əliyev tərəfindən Novruz tonqalının azad olunmuş Qarabağda yandırılması ənənə halını alıb. Bu ənənə simvolik xarakter daşıyır, Ermənistan və onun havadarlarına, həm də bütün dünyaya Qarabağın əzəli sahiblərinin torpaqlarına geri qayıtdığı mesajını verir. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talış kəndində bayram tonqalı qalandı.18 mart 2024-cü il tarixində isə Prezident İlham Əliyev Xankəndində Novruz tonqalını alovlandırdı. Bununla, dövlət başçısı dördüncü dəfə idi ki Novruz bayramını işğaldan azad edilmiş ərazilərdə qeyd edirdi və ilk dəfə olaraq Xankəndində bayram tonqalını yandırırdı.
Dövlət başçısı xalqı təbrik nitqində mühüm məqamlara toxundu. Onun çıxışında ən diqqətçəkən məqamlardan biri Ermənistanın İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs çıxarmamasına dair idi: “İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Keçən ilin Novruz bayramı təbriklərimdə mən bu barədə danışmışdım və təəssüf hissimi bildirmişdim ki, İkinci Qarabağ müharibəsindəki onların məğlubiyyəti onlara dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı”.
30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ bu gün özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş Qarabağda həyat yenidən başlayır. Ermənistan isə Qarabağda reallaşan yenidənqurma və bərpa işlərini öz qarayaxma kampaniyalarının tərkib hissəsinə çevirərək Azərbaycana qarşı təzyiqlərə davam edir. Qarabağı xarabalığa çevirən haylar hələ bir utanmadan Azərbaycanın Qarabağı dirçəltmə siyasətini ləkələməyə çalışırlar. Dövlət başçısı çıxışında Xankəndinin tarixinə toxunaraq şəhəri erməniləşdirməyə çalışanları tarixi faktlarlarla ifşa etdi və yenidənqurma prosesinin əvvəlki sürətiylə davam edəcəyinə işarə etdi: “Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. Ermənistan tərəfindən maliyyələşdirilən və silahlandırılan separatçılar faktiki olaraq Ermənistan ordusunun bir hissəsi idi. Məhz bu meydanda xalqımıza qarşı çirkin planlar hazırlanırdı. Məhz bu binada Xocalı soyqırımının törədilməsi üçün əmrlər verilmişdir. Bu gün isə biz bu meydanda dayanmışıq. Əziz xalqıma bildirmək istəyirəm ki, bu meydana mən “Zəfər meydanı” adı vermişəm, bundan sonra bura Zəfər meydanıdır”.
Keçmiş xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi separatizm təyinatlı bütün tikililər ləğv edilir. Bu Azərbaycanın tam suveren hüququdur. Torpaqlarımızda yaradılmış hər bir qeyri-legitim təyinatlı strukturlar dağıdılmalıdır. Ermənilər isə buna siyasi don geydirir, rəsmi Bakı tərəfindən sülh prosesinə əngəl olaraq qiymətləndirirlər. Dövlət başçısı çıxışında bu məsələni də qeyd etdi: “Durduğum yerdə isə separatçılar qondarma parlament binası inşa etmişdilər. Gördüyünüz kimi, artıq burada heç bir bina yoxdur. Bu, azmış kimi, onlar elə Şuşada ikinci parlament binasını inşa etməyə çalışırdılar, onun inşa işləri başlamışdır, amma çatdıra bilməmişlər və o bina söküldü. O binanın yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir. Keçmiş dırnaqarası parlament binası da söküldü və söküntü işləri fevralın 26-da başlamışdır”.
Azərbaycanın dünyada müstəqil siyasətə malik nadir ölkələrdən olduğunu vurğulayan Prezident İlham Əliyev dövlətin siyasətinin ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslandığını bildirdi. Müstəqil siyasətə və güclü iqtisadiyyata malik olan Azərbaycan dünyada geosiyasi dəyişiklərin baş verməsi fonunda həm Qərb, həm də Şərq üçün arzuolunan və etibarlı tərəfdaş imicini formalaşdırıb. Dövlət başçısının da qeyd etdiyi kimi “biz öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır”. Bu mesaj tək Ermənistana yox, həm də onun havadarlarına ünvanlanıb.
Bu gün Azərbaycan Cənubi Qafqazda yeganə güc sahibidir. 44 günlük müharibə ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini və ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərlə terrorçuların kökünün kəsməsini həzm edə bilməyən qüvvələr müxtəlif yollarla ölkəmizə təzyiq etməyə cəhd göstərir, Ermənistanda revanşizmin yüksəlməsinə şərait yaradırlar. Prezident İlham Əliyev martın 18-də Qarabağdan çox mühüm mesajlar verdi. Bu mesajlardan həm Ermənistan, həm də onun havadarları nəticə çıxarmalıdır. Azərbaycan bu gün regionda yeni bir reallıq formalaşdırıb. Bu reallıq Ermənistan və onun havadarları tərəfindən qəbul edilməlidir. Ermənistan sülh üçün səy göstərməlidir. Azərbaycanla etibarlı əməkdaşlıq regionda təhlükəsizliyə, sabitliyə və rifaha xidmət edə bilər.
Nailə Tağızadə