20 ildən artıqdır ki, keçirilən Münhen Təhlükəsizlik Konfransı mühüm beynəlxalq platformadır. Avropa, eləcə də qlobal miqyasda təhlükəsizlik tədbirlərinin nəzərdən keçirildiyi konfransda bir sıra dövlətlərin başçılarının, siyasətçilərin aktual problemlərin həlli ilə bağlı mülahizələri dinlənilir, yekun sənədlər qəbul edilir. Platformanın missiyası dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, özəl sektor, QHT-lər, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər arasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla etimad qurmaq, qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə verməkdir.
Prezident İlham Əliyevin 60-cı Münxen Təhlükəsizlik Konfransına növbəti dəfə dəvət alması və bir sıra görüşlər keçirməsi dövlətimizin başçısının dünya miqyasında yüksək nüfuzunun göstəricisidir. Fevralın 16-dan 18-dək davam edən dünyanın təhlükəsizlik üzrə nüfuzlu tədbirində 180 dövlətin yüksək vəzifəli nümayəndəsi, o cümlədən 50-yə yaxın dövlət və hökumət başçısı iştirak etdi. Konfransın gündəliyində Ukrayna və Yaxın Şərq, eləcə də Somali, Sudan və Haitidəki müharibələr, birgəyaşayış üçün əsas kimi beynəlxalq hüququn aliliyi, BMT Təhlükəsizlik Şurasının mümkün islahatı və iqlim dəyişikliyinə dair məsələlər yer alırdı.
Azərbaycan budəfəki konfransda ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə bərpa etmiş dövlət olaraq təmsil olundu. Eyni zamanda dövlət başçısı yenidən Prezident seçiləndən sonra bu toplantıya qatılmaqla Azərbaycanın təhlükəsizlik, o cümlədən gündəlikdə olan məsələlərə önəm verdiyini nümayiş etdirdi. COP29-a ev sahibliyi edəcəyindən bu tədbir Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edirdi. Prezident İlham Əliyev ilə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin fevralın 17-də Münxen görüşü bu baxımdan mühüm önəmi ilə diqqət çəkib. Həmin görüşdə dövlətimizin başçısı Azərbaycanın COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirdiyini diqqətə çatdırdı. Ölkə rəhbəri Azərbaycanın, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və “yaşıl keçid” prosesi sahəsində ciddi tədbirlər həyata keçirdiyini, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəklədiyini vurğuladı.
Prezident İlham Əliyev C.Kerri ilə söhbətində iqlim maliyyələşdirilməsinin COP29-un əsas mövzusuna çevriləcəyini, Azərbaycanın da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcəyini bildirdi. Con Kerri isə söhbət zamanı iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu, hazırda “yaşıl keçid”lə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə edildiyini, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirdi.
Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Münxen Təhlükəsizlik Konfransının sədri Kriştof Xoysqenin görüşü zamanı isə Münxen Təhlükəsizlik Konfransının Katibliyinin COP29 çərçivəsində Azərbaycanla birgə tədbir keçirəcəyi barədə razılıq əldə olundu. Kriştof Xoysqen qeyd etdi ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində təhlükəsizliyə münasibətdə əhatəli və müfəssəl bir yanaşma var, ona görə iqlim dəyişikliyi də təhlükəsizlik konsepsiyasının bir hissəsi hesab olunur. O, bu xüsusda, Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğuladı. Bu təklif dövlətimizin başçısı tərəfindən məmnunluqla qəbul edildi. Azərbaycanın COP Təşkilat Komitəsi tərəfindən Münxen Təhlükəsizlik Konfransının Katibliyi ilə bu istiqamətində birgə işin aparılacağı diqqətə çatdırıldı. Münxendə dövlət başçısının qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn ilə görüşündə də COP29 müzakirə mövzusu oldu. Amos Hoxşteyn COP29-a ev sahibliyi etməsi münasibəti ilə Azərbaycanı təbrik edərək, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı.
Qeyd edək konfrans çərçivəsində dövlət başçısı ilə reallaşan görüşlərin hər biri rəsmi Bakının yox, məhz qarşı tərəflərin müraciətinə əsasən baş tutub. Bu da bir daha onu təsdiqləyir ki, Azərbaycan regionda əsas güc olaraq özünü təsdiqləməkdə və getdikcə güclənən, inkişaf edən dövlətə çevrilməkdədir. Bu eyni zamanda Prezident İlham Əliyevin şəxsi nüfuzunun göstəricisidir.
Konfrans çərçivəsində Almaniya kansleri Olaf Şoltsun təşəbbüsü ilə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüşü də baş tutdu. Bu tədbirə rəsmi Berlin vasitəçi kimi deyil, yalnız ev sahibi kimi təşkilatçılıq etdi. Görüşün təşəbbüskarı olan Almaniya kansleri Olaf Şoltsun görüşün yalnız başlanğıcında iştirak etməsi, daha sonra görüş məkanını tərk etməsi təsdiq edir ki, o rəsmi Bakının mövqeyinə qətiyyən qarşı gəlməyib. Beləliklə də, Azərbaycan və Ermənistan liderləri birbaşa müzakirələr apardılar və bu artıq Münhen görüşündə pozitiv nəticələr, eləcə də Azərbaycanın, ölkə rəhbərimizin diplomatik qələbəyə imza atması deməkdir.
Fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidin görüşü də baş tutdu. ATƏT sədri ilə görüşdə Qarabağ münaqişəsinin artıq həll olunduğu, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü təmin etdiyi, eyni zamanda Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesinin qlobal deyil, ikitərəfli xarakter daşıdığı ifadə olundu. Ona görə də İlham Əliyev açıq formada ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtının çoxdan yetişdiyini vurğuladı. Dövlətimizin başçısı hazırda ATƏT çərçivəsində büdcə problemlərinin olduğunu nəzərə alaraq, mövcud məhdud maliyyə resurslarını daha məqsədyönlü hədəflərə doğru yönəltməyin önəmini diqqətə çatdırdı.
Münxendə reallaşan bu görüş Prezidentin irəli sürdüyü “vasitəçisiz görüş” şərtinə beynəlxalq tədbirlər çərçivəsində də əməl edildiyinin göstəricisidir. Rəsmi Bakı belə görüşləri keçirməklə irəli sürdüyü təşəbbüslərə, təkliflərə, şərtlərə əməl etdiyini bir daha nümayiş etdirdi. Görüşdə bir daha vurğulandı ki, son eskalasiyanın səbəbkarı Ermənistan tərəfi olub. Azərbaycan Ermənistandan qanunvericiliyin dəyişdirilməsini, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini tələb etdi. Qərb isə bununla razılaşdı. Artıq beynəlxalq miqyasda qəbul olunur ki, istər regional sülh müqaviləsinin şərtlərini, istərsə də həmin müqavilənin formatını məhz Azərbaycan tərəfi təkbaşına müəyyən edir. Bununla da belə məlum olur ki, bir vaxtlar ölkəmizə təzyiq göstərməyə çalışan Qərb özü də qeyd olunan reallığı qəbul etmək məcburiyyətində qalıb.
Prezident Münxendə keçirdiyi görüşlərlə rəsmi Bakının qlobal məsələlərə, iqlim dəyişikliyinə və münaqişələrin həllinə münasibətini bir daha nümayiş etdirdi. Bu, onu da isbatlayır ki, Azərbaycanın xarici siyasəti artıq qlobal xarakter daşıyır. Konfrans bir daha göstərdi ki, Qərb Azərbaycanla razılaşır. Azərbaycana təzyiq etməyin mümkün olmadığını anlayır. Azərbaycan heç bir təzyiqdən çəkinmir, öz hüquq və maraqlarını sonadək müdafiə etmək iqtidarındadır. Qərb üçün Azərbaycanla dialoq aparmaq çox vacibdir. Bu gün Qərbin enerji təhlükəsizliyi məsələsi Azərbaycandan asılıdır və Qərbin Azərbaycana daha çox ehtiyacı var. Məhz buna görədir ki, Münxen Təhlükəsizlik Konfransında keçirilən ikitərəfli görüşlərdə Qərbin nümayəndələri prosesləri yumşaltmağa çalışdı, əməkdaşlığa hazır olduqlarını bəyan etdi. Ümumilikdə, Münxen konfransını Azərbaycanın mövqeyinin bir daha bəyan olunması baxımından olduqca məhsuldar hesab etmək olar. Konfrans çərçivəsində təşkil olunan görüşlər, çıxışlar onu deməyə əsas verir ki, Qərb Azərbaycanın siyasi iradəsini qəbul etməyə məcbur olub. Bu isə Azərbaycanın növbəti diplomatik qələbəsidir.
Nailə Tağızadə