Azərbaycan reallaşdırdığı düzgün və praqmatik siyasət nəticəsində Cənubi Qafqazda həm qərb, həm şərq, həm də şimal üçün etibarlı, tərəfsiz ölkə sayılır. NATO Baş katibi Yens Stoltenberqin 17 mart tarixində Bakıya ilk səfəri də bunu bir daha təsdiqləyir. Qeyd edək ki, Baş katib Cənubi Qafqaza səfərini məhz Azərbaycandan başlayıb.
Azərbaycan özünün çoxvektorlu xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırmışdır. Buna görə də müasir dünyanın ən böyük hərbi alyansı – NATO ilə əlaqələrə daim xüsusi önəm verilmişdir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. 1997-ci ildə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulmuşdur. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) öz əksini tapmışdır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir. 1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərmişdir. Bu əməliyyatlarda iştirak vasitəsilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri NATO qoşunları ilə ortaq əməliyyatlar keçirilməsi təcrübəsi əldə etmiş, NATO standartları ilə yaxından tanış olmuş və sülhməramlı qoşunlarımızın peşəkarlıq səviyyəsini artırmışdır. 2002-ci ildə isə Azərbaycan Əfqanıstana NATO qüvvələrini dəstəkləmək məqsədilə hərbi birlik göndərmişdir. Ölkəmiz 2002-ci ilin noyabrında NATO Parlament Assambleyasının qərarı ilə assosiativ üzv olub. 2004-cü il iyunun 28-də İstanbul Zirvəsində Qafqaz bölgəsi müzakirə edilib. Üzv dövlətlər Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndə vəzifəsi yaratmaqla bağlı qərar qəbul edib. Həmin il sentyabrın 15-də NATO-nun Baş katibinin Qafqaz üzrə ilk xüsusi nümayəndəsi təyin olunub.
Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə imkan verir. 2005-ci ildə Azərbaycan NATO ilə ilk dəfə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlığa başlamışdır. SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığına səfəri çərçivəsində NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb, mətbuata birgə bəyanatla çıxış edib və NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak etmişdir. 2021-ci il dekabrın 14-də Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Daha sonra Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
Yens Stoltenberq Baş katib kimi Azərbaycana ilk dəfə səfər etsə də, təşkilatın müxtəlif vəzifəli şəxsləri dəfələrlə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Gennadi Gerasimovla Bakıda görüşüblər. Baş katibin Prezident İlham Əliyevlə görüşü zamanı Ermənistanla sülh sazişinin bağlanması diqqət mərkəzində olub. Dövlət başçısı Ermənistanla bu istiqamətdə 7 dəfə görüş keçirildiyini vurğulayıb. O, Azərbaycanın sülhməramlı addımlar atdığını qonağın diqqətinə bir daha çatdırıb: “Hazırda biz Ermənistanla sülh danışıqlarının fəal mərhələsindəyik. Sülh danışıqlarına başlamağın bizim təşəbbüsümüz olduğunu bir daha bildirmək istərdim. Bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə görüş baş tutub”. Yens Stoltenberq də sülh cəhdlərinin alqışladıqlarını bildirərək: “Tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir" – deyə qeyd edib.
Dövlət başçısı ilə Baş katibin açıqlamalarında Azərbaycanın regional məsələlərə NATO ilə eyni mövqedən yanaşdığı bir daha isbat olundu. Rəsmi Bakı dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüklərinin toxunulmazlığını müdafiə etməklə yanaşı, bu istiqamətdə ikili yanaşmalara da dəfələrlə etiraz edib. Bu baxımdan Azərbaycan Ukraynanın ərazi bütövlüyünü daim müdafiə edir, bu ölkəyə şəffaf şəkildə humanitar yardımlar göndərir. Prezident Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı rolu da Baş katiblə müzakirə edib. Brüsseldəki son görüşlərindən sonra bəri qaz təchizatı baxımından NATO-ya üzv daha 2 dövlətin Azərbaycanın tərəfdaşı olduğunu vurğulayıb: “Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə tərəfdaş ölkədir”.
Qarşıdakı illərdə bu istiqamətdə tərəfdaşlarının sayının artacağını qeyd edən Prezident: “Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Bu isə həm böyük üstünlük, həm də böyük məsuliyyətdir” –deyə əlavə edib. Dövlət başçısı bununla ərazi bütövlüyümüzün bərpası istiqamətində atdığımız addımların Ermənistanın havadarları tərəfindən təhrif edilməsini, Avropa Parlamentin bu günlərdə qəbul etdiyi anti-Azərbaycan qətnaməyə də eyham vuraraq bu qurumun heç bir məsuliyyət daşımadığını, bu səbəbdən də Azərbaycana qarşı çıxışlar və qəbul edilən sənədləri ilə qərəzli olduqlarını çatdırıb. Baş katib ümumi təhlükəsizlik üçün enerjinin vacibliyini nəzərə alaraq bu sahəyə dair müzakirə aparmaq məqsədi ilə Bakıya səfərinin çox xoş olduğunu vurğulayıb.
NATO həm də dünyanın ətraf mühit problemlərinə diqqət edən beynəlxalq təşkilat olduğu üçün Yens Stoltenberq COP29-un Bakıda keçiriləcəyini də alqışlayıb. Məlumdur ki, Bakının enerji təhlükəsizliyindəki rolu yalnız karbohidrogen ehtiyatları ilə bağlı deyil və NATO Baş katibi ilə müzakirələrdə də ifadə olunduğu kimi, Azərbaycan enerji təminatçısı rolunu alternativ enerji layihələri vasitəsilə daha da genişləndirmək əzmindədir. Bu isə, eyni zamanda, NATO ilə Bakı arasında daha fərqli istiqamətdə - qlobal istiləşməyə qarşı mübarizədə birgəfəaliyyət imkanı açır ki, Azərbaycanın müəyyən etdiyi yaşıl prioritet, habelə COP29-a ev sahibliyi, heç şübhəsiz ki, ölkəmizin təşkilatla əlaqələrini yeni səviyyəyə yüksəldəcək
Regional səfəri çərçivəsində Stoltenberq martın 18-də Müdafiə naziri Zakir Həsənov və Xarici İşlər naziri Ceyhun Bayramovla da danışıqlar aparıb. NATO-nun baş katibi elə həmin gün Tbilisiyə gedərək Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə üz-üzə gəldi. Martın 19-da Stoltenberqin İrəvanda Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşü baş tutdu.
NATO-nun Baş katibi Yens Stoltenberq martın 18-də Azərbaycan Dövlət İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın NATO üçün vacib və dəyərli tərəfdaş olduğunu bildirdi. Baş katib uzun illər bir sıra müxtəlif məsələlərdə Azərbaycanla əməkdaşlıq edən NATO-nun hal-hazırda əməkdaşlığı daha da inkişaf etdirməyin yolları üzərində işlədiyini qeyd edib. Azərbaycanın həm də NATO üçün enerji təhlükəsizliyi baxımından son dərəcə əhəmiyyətli ölkə olduğunu qeyd edən Stoltenberq Azərbaycan tərəfdən artan qaz tədarükünün NATO müttəfiqlərinin qaz təminatçısı kimi Rusiya asılılığından azad olmasına imkan yaratdığını vurğulayıb.
Müstəqil xarici siyasət kursu reallaşdıran Azərbaycan ikili standartlara rəğmən bu gün Qərb üçün arzuolunan tərəfdaşdır. Bu baxımdan NATO Baş katibinin Azərbaycan səfəri tərəflər arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirəcək, əməkdaşlığın çoxşaxəli tərəqqisinə imkan yaradacaq, Azərbaycan-NATO münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verəcək. Bütün bunlar Azərbaycan və NATO qüvvələrini bir-birinə daha da yaxınlaşdıracaq və bu, hər iki tərəf üçün faydalı olacaq.
Nailə Tağızadə