Qarabağ separatçıların qalıqlarından təmizlənir …

 

Erməni vandalları 30 ilə yaxın müddət ərzində Qarabağda yeraltı və yerüstü sərvətlərimizi talamaqla yanaşı, maddi mədəniyyət nümunələrimizin bir qismini yox etmiş, bir qismini isə erməniləşdirməyə cəhd etmişdilər. İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın arxeoloji irsinin məqsədyönlü və planlı şəkildə məhv edilməsi siyasəti həyata keçirilib. Azərbaycan xalqının mədəni irsinə qarşı soyqırımı siyasəti müxtəlif istiqamətlərdə baş tutub. İlk növbədə, müxtəlif saxtalaşdırmalarla Azərbaycanın arxeoloji irsinə yiyələnmək, özününküləşdirmək istiqamətində səylər göstərilib. Belə ki bir sıra abidələrimizin üzərinə erməni dilində yazılar həkk edilmiş, yaxud həmin abidələrin onlara məxsus olması barədə erməni dilində lövhələr yerləşdirilmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycana məxsus bir çox sənəd, memarlıq, tarixi, arxeoloji abidələr, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talan və dağıntılara məruz qalıb. Daha dəqiq desək, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycana məxsus 2645 tarix və mədəniyyət abidəsi, eləcə də 1814 memarlıq abidəsi, 747 arxeoloji abidə, 64 bağ-park monumental və xatirə abidələri, 23 muzey, 102757 muzey eksponatları, 4 dövlət rəsm qalareyası, 376 rəsm əsəri, şəxsi kolleksiyalarda saxlanan 50 mindən çox tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.), mədəni-irs nümunələri dağıdılıb, məhv edilib və ya mənimsənilib. İşğal dövründə azərbaycanlıların istifadə etdiyi məscidlər, ziyarətgahlar talan edilib, vandalizmə, təhqirlərə məruz qalıb və ya tamamilə dağıdılıb. Torpaqlarımız işğaldan azad olunduqdan sonra beynəlxalq ictimaiyyət gördü ki, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında yalnız insanlarımıza qarşı deyil, dini, milli abidələrimizə, təbiətimizə, bir sözlə gözlə görülən hər şeyə qarşı vəhşiliklər törədiblər.

30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ bu gün özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş Qarabağda həyat yenidən başlayır. Ermənistan isə Qarabağda reallaşan yenidənqurma və bərpa işlərini öz qarayaxma kampaniyalarının tərkib hissəsinə çevirərək Azərbaycana qarşı təzyiqlərə davam edir. Qarabağı xarabalığa çevirən haylar hələ bir utanmadan Azərbaycanın Qarabağı dirçəltmə siyasətini ləkələməyə çalışırlar. Keçmiş xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi se­paratizm təyinatlı bütün tikililər ləğv edilir. Bu Azərbaycanın tam suveren hüququdur. Torpaqlarımızda yaradılmış hər bir qeyri-legitim təyinatlı strukturlar dağıdılmalıdır. Ermənilər isə buna siyasi don geydirir, rəsmi Bakı tərəfindən sülh prosesinə əngəl olaraq qiymətləndirirlər. Əvvəla, 3 ildən çoxdur ki, rəsmi Bakının sülh yolunda bütün cəhdlərinə, təkliflərinə baxmayaraq prosesi yubadan tərəf Ermənistanın özüdür. İkincisi isə, Qarabağ beynəlxalq hüquqla tanınmış Azərbaycan torpağıdır. Artıq Ermənistan özü də bunu təsdiqləyir. Belə olan halda torpaqlarımızda həyata keçirdiyimiz işlərdən Ermənistan niyə narahat olur?!

İşğal dövründə qanunsuz rejim tərəfindən Xankəndidə tikilmiş “Artsax parlamenti"nin binasının Azərbaycan üçün əhəmiyyəti nə ola bilər? Azərbaycanda Artsax adında ərazi qurumu yoxdur. Separatçı rejimin təməl sütunu olan bu binanın sökülməsi “Azərbaycan ərazisində ikinci bir eməni dövləti mövcud ola bilməz” deyiminin real sübutudur. Bu binanın açılışı 2007-ci il sentyabrın 2-də olub. Bu cür binalar tikməklə separatçı rejim Qarabağın tarixini saxtalaşdırmaq məqsədi güdürdü. Hətta bununla kifayətlənməyərək Şuşada da parlament binası tikməyə cəhd göstərilmişdi. 44 günlük müharibə dövründə şanlı ordumuz tərəfindən bu cəhdin qarşısı alınmış, həmin bina dağıdılmışdı.

Bəzi Ermənistan rəsmi dairələri və ermənipərəstlər Azərbaycanın Qarabağdakı yenidənqurma işlərindən narahatçılıq keçirir, “erməni mədəni irsinin” məhvi kimi qiymətləndirirlər. Tarixi Azərbaycan torpaqlarında Ermənistana aid hansı mədəni irsdən söhbət gedə bilər?! Qarabağın mədəni irsini, tarixini formalaşdıran Azərbaycan xalqıdır. Azərbaycan öz multikultural dəyərləri ilə dünyanın ən tolerant ölkələrindən biridir. Qarabağda da bu tolerantlığın izləri açıq şəkildə özünü göstərir, hər nə qədər Ermənistan illərlə məhv etməyə çalışsa da. Hal-hazırda Ermənistan tərəfindən məhv olunmağa çalışan tarixi-mədəni abidələrimizin restavrasiyası aparılır. Separatçı rejim tərəfindən işğal dövründə Azərbaycan tarixini saxtalaşdırmaq naminə tikilmiş qanunsuz tikililərə isə suveren torpaqlarımızda yer yoxdur. 30 il ərzində bir dəfə olsun Azərbaycanın haqq səsini müdafiə etməyən, hüquqları əlindən alınmış 1 milyon qaçqınımızın vəziyyəti ilə maraqlanmayan bəzi Qərb dairələri Xankəndində aparılan işləri qınayır, hətta bunu “demokratiyaya zərbə” olaraq dəyəndirirlər. Azərbaycan torpaqlarında ermənilər tərəfindən həyata keçirilən vandallığa göz yumanlar bu gün Azərbaycanın hüquqi əsaslarla gördüyü işlərə damğa vurmağa çalışırlar. İşğal dövründə Azərbaycanın çağırışlarına rəğmən Qarabağda dağıdılan maddi-mədəni irsimiz araşdırılmadı. Dəfələrlə rəsmi Bakı indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılmasını təklif edib. Lakin UNESCO siyasi məsələlərə qarışmadığı bəhanəsini bildirməklə bölgəyə monitorinq aparmaq üçün missiya göndərməkdən imtina edib. Əslində, təşkilat bu mövqeyi ilə ermənilərin siyasi iradəsinin əsirinə çevrildiyini təsdiq etmiş və ölkəmizdə ona olan inamı tamamilə itirmiş oldu. UNESCO-nun laqeyd münasibəti fonunda erməni tərəfi qədim torpaqlarımızda Azərbaycan xalqının yüzilliklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. Bununla da kifayətlənməyən ermənilər xarici dövlətlərdəki mədəni abidələrimizə də hücum etməkdən çəkinmirlər. Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli bir neçə dəfə erməni vandalları tərəfindən təhqirə məruz qalıb. Martın 4-də Parisdə Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinin bağında ucaldılması üçün Evian şəhərindən götürülən heykəl martın 6-da Mədəniyyət Mərkəzinə çatdırılıb. Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb). Fransa hökuməti də bu cür vandallığa imkan yaradıb və heç bir açıqlama verməyib. Azərbaycanı Qarabağın mədəni irsini “məhv etməkdə” günahlandıranlar bu vandallığı görməzdən gəlir.  

Bu gün Azərbaycan ermənilərin yer üzündən silməyə çalışdığı Qarabağ tarixini yenidən yazır. Separatçı rejimin tarixi saxtalaşdırmağa yönələn bütün fəaliyyəti ifşa olunur. İşğaldan azad olunan torpaqlarımızda vurulan zərərə və dağıntılara, habelə son 30 il ərzində mədəni irsin istismarına görə Ermənistan məsuliyyət daşıyır. Biz hələ də UNESCO-nun bu məsələdə mövqeyini və missiyasını gözləyirik. Ermənistan vurduğu maddi-mənəvi ziyana görə təzminat ödəməlidir. Lakin hələ də cəzasız qalır, bu bəs deyilmiş kimi arsızca Azərbaycanı ittiham edir. Beynəlxalq ictimaiyyət də Ermənistan tərəfindən törədilmiş  maddi-mənəvi terrora laqeyd qalmamalıdır. Ermənilərin bu  cəhdləri bəşər mədəniyyətinə qarşı yönəlmiş mənəvi terrordur. Çünki həmin mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə məxsusdur.

                                                                                                          Nailə Tağızadə

2024-03-07 / 17:28
Facebook