Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni dövrü …

 

Azərbaycan-Qazaxıstan münasibətləri son dövrlər ərzində tarixin ən parlaq dövrünü yaşayır. Ortaq tarixi dəyərlərə, mədəniyyətə malik olan Qazax və Azərbaycan xalqları istər ikitərəfli, istərsə də beynəlxalq müstəvidə daim dəstək nümayiş etdirir. Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayevin sıx münasibətləri, qarşılıqlı səfərləri iki ölkə arasında əlaqələrə mühüm töhfə verir, əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Bu baxımdan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə növbəti rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Xüsusi vurğulanmalıdır ki, Qazaxıstan Prezidentinin 2022-ci ilin avqustunda ölkəmizə səfəri zamanı iki ölkə arasında strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalanıb. Bu dəfəki səfər çərçivəsində martın 11-də Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasının keçirilməsi isə olduqca mühüm tarixi hadisədir. Azərbaycan və Qazaxıstan dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının 1-ci iclasının Qərarı”nın adından da göründüyü kimi, ölkələrimizin Liderləri dövlətlərarası münasibətlərin strateji səviyyəsinin daha da dərinləşdirilməsi yolunda siyasi iradə nümayiş etdirirlər. İstər rəsmi mərasimdə, istərsə də işçi qaydada imzalanmış Azərbaycan-Qazaxıstan sənədləri göstərir ki, hər iki dövlət başçısının strateji hədəfi xalqlarımızın və dövlətlərimizin ortaq maraqlarına xidmət edir. Mətbuata birgə açıqlamalar zamanı qarşılıqlı münasibətlərə verilən dəyər bir daha özünü göstərdi. Verilən bəyanatlar göstərdi ki, mürəkkəb geosiyasi qarşıdurma şəraitində dövlət başçıları Türk dünyası çərçivəsində iqtisadi əlaqələrin dərinləşməsinə xüsusi önəm verirlər. Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikir bu mənada olduqca əhəmiyyətlidir: “Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirməyin zəruri olmasına dair vahid fikrə gəldik. Çünki bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir”.

Azərbaycan və Qazaxıstan arasında dostluq əlaqələri Orta Dəhliz layihəsinin inkişafını da sürətləndirir. Eyni zamanda, hər iki ölkənin zəngin enerji daşıyıcıları potensialına malik olması strateji tərəfdaşlıq münasibətlərinin də möhkəmlənməsinə təkan verir. Bu gün iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Siyasi, ticarət-iqtisadi, tranzit-nəqliy­yat, enerji, kənd təsərrüfatı, mədəni-hu­manitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində sistemli layihələr gerçəkləşdirilir. Bunun nəticəsidir ki, 2020-ci ildən etibarən ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 5 dəfə (109 milyon dollardan 529 milyon dollara) yüksəlib. Təkcə keçən il ərzində ticarət dövriyyəsi­nin həcmi 314 milyon təşkil edib. Prezident İlham Əliyev yarım il ərzində qardaş ölkəyə 4 səfər reallaşdırıb. Qazaxıstan Prezidentinin çoxsaylı səfərləri də ölkələrimiz arasında münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir. İki ölkə arasında strateji əməkdaş­lığın inkişafına müsbət təsir göstərən normativ-hüquqi bazanın tədricən ge­nişlənməsi nəticəsində təkcə 1 il 6 ay ərzində 40-a yaxın mühüm ikitərəfli sənəd imzalanıb.

Məlumdur ki, Azərbaycan Şərqdən-Qərbə tranzit yükdaşımaların əsas mərkəzidir. Bu tranzit əlaqələrdə Qazaxıstanın rolu da olduqca vacibdir. Bu baxımdan Trans-Xəzər marşrutunun işə salınması ölkələrimizin tranzit əlaqələrinə mühüm töhfə verəcəkdir. Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində Çinin Sian terminalından Bakının Abşeron stansiyasına konteyner qatarının gəlişinə həsr olunmuş mərasim, TransXəzər nəqliyyat dəhlizinin bütövlükdə Orta Dəhliz Avrasiya məkanı üçün daha çox cəlbedici olduğunu nümayiş etdirdi. Belə ki dünyada hökm sürən geosiyasi dəyişikliklər fonunda mövcud olan dəhlizlərdən bir qisminin təhdid edildiyi bir şəraitdə 7 min kilometr uzunluğunda marşrutun çəmi 11 günə qət edilməsi, heç şübhəsiz ki, həm Asiya, həm də Avropa məkanı üçün iqtisadi cəhətdən olduqca əlverişli və cəlbedicidir. Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat-Logistika Mərkəzi vasitəsilə bu marşrut üzrə ayda 10 konteyner qatarının ölkəmizə çatdırılması nəzərdə tutulur. Bununla, Azərbaycan Şərq-Qərb dəhlizində strateji tərəfdaş statusunu daha da möhkəmləndirəcəkdir.

Qeyd edək ki, hər iki ölkə son illərdə bütün region üçün mühüm önəm daşıyan bir sıra la­yihələrin icrasına fəal qoşulub. Məsələn, Transxəzər Beynəlxalq Nəqliyyat Mar­şrutunun (Orta Dəhliz) imkanlarının ge­nişləndirilməsi, Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin və enerji kabelinin çəkilmə­si, Azərbaycan vasitəsilə neft və uranın ixracı, habelə Qazaxıstandan Azərbay­can bazarına buğda tədarükünün real­laşdırılması istiqamətindəki təşəbbüs­lərin diqqət mərkəzində saxlanılması nəticəsində Azərbaycan-Qazaxıstan mü­nasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası zamanı Azərbaycan və Qa­zaxıstan arasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar sahəsində tərəf­lərin qarşılaşdıqları çətinliklər və onların həlli yolları müzakirə olundu. Həmçinin Orta Dəhlizin davamlı inkişafının təmin olunması üçün Çindən göndərilən tranzit yüklərin hər iki ölkə daşıyıcıları tərəfin­dən daşınması üçün təşkilati işlərin gö­rülməsi barədə razılıq əldə edildi. İclasda bildirildi ki, Azərbaycan və Qazaxıstan arasında daşımaların ümu­mi həcmi, eləcə də region üzrə 3-cü ölkə daşımalarında iki ölkə daşıyıcılarının ak­tivliyi artıb.

Bütün bu və digər həyata keçirilən tədbirlər nəticəsində 2023-cü ildə iki ölkə arasında yükdaşımaların həcmi 1,5 dəfə artaraq 4,3 milyon ton təşkil edib. Orta Dəhliz üzrə həcm isə 65 faiz artaraq 2,8 milyon tona çatıb. Belə yük­sək göstəricilərin əldə edilməsini isə Azərbaycan-Qazaxıstan İşgüzar Şurası çərçivəsində sıx əməkdaşlıq, həmçinin ticari-iqtisadi münasibətlərin stimullaşdı­rılması tədbirləri, Qazaxıstan şirkətlərinin Ələt azad iqtisadi zonasına (AFEZ) cəlb edilməsi, habelə AFEZ ilə Qazaxıstanın azad iqtisadi zonaları arasında qarşılıqlı əməkdaşlığın qurulması şərtləndirib. 

Azərbaycan-Qazaxıstan İnvestisiya Fondunun yaradılması, sənaye və texno­logiya parklarında birgə istehsalın təşkili, Ələt limanında taxıl terminalının inşası, gəmiqayırma sektorunda əməkdaşlığın qurulması, qazax şirkətlərinin azad edil­miş ərazilərin bərpasında iştiraklarına əl­verişli imkan yaradılması kimi məsələlər də ikitərəfli əlaqələrin daha da güclən­məsinə öz müsbət təsirini göstərib. Prezidentlərin mətbuata birgə açıqlamalarında Azərbaycanın tarixi qələbəsinə də toxunan Qazaxıstan Prezidenti Tokayev ölkəsinin və qazax xalqının münasibətini bu cür ifadə etdi: “Azərbaycan Sizin rəhbərliyinizlə böyük tarixi Qələbə əldə edib. Bu, dövlət suverenliyinin bərpa olunmasıdır. Qazaxıstan xalqı bununla bağlı böyük sevinc hissi keçirib”. Martın 12-də Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etmələri Qazaxıstanın qardaş mövqeyinin isbatı oldu. Füzuli şəhərinə səfər çərçivəsində Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa olunmuş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı baş tutdu. Qazaxıstan tərəfindən tikilərək xalqımıza hədiyyə olunmuş Mərkəz həm tarixi ədalətin bərpasına hörmət rəmzi, həm də iki dövlət arasında qardaşlıq münasibətlərinin növbəti nümunəsidir. Açılış mərasimində çıxışında dövlət başçısı İlham Əliyev qeyd etdi ki : “Bu, təkcə Uşaq Yaradıcılıq Mərkəzi deyil, həm də Qazaxıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq mərkəzi olacaq”.

Avropa və Asiyanı əhatə edən Türk dövlətləri böyük iqtisadi və siyasi potensiala sahibdirlər. Müasir dövrün reallıqları göstərir ki, Türk dünyası birgə addımlamalı, birlikdə böyüyüb, inkişaf etməli, əngəllərə qarşı birgə sinə gərməlidir. Prezident İlham Əliyev bütün bunları nəzərə alaraq, andiçmə mərasimində dövlətimizin yeni yol xəritəsini bu cür ifadə etmişdi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Bu baxımdan Türk Dövlətləri Təşkilatının qurulmasının əsas təəssübkeşlərindən olan Qazaxıstan və Azərbaycan arasında əlaqələr xüsusi önəm kəsb edir. Türk Dövlətləri Təşkilatı dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir qurumdur. Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün türk dövlətlətinin həmrəyliyi gücləndirilməli, mövcud ikili standartlara və ədalətsizliyə qarşı birgə mübarizə aparılmalıdır.

                                                                                                      Nailə Tağızadə

2024-03-13 / 18:08
Facebook