Uzun müddətdir ki Azərbaycan-Ermənistan ikitərəfli danışıqlarında Ermənistanın anti-sülh siyasəti ucbatından fasilə yaranmışdı. Fevralın 17-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar qəbul olunmuşdu. Qeyd edək ki, bu dəfə Almaniya sülh dialoqunun yeni təşəbbüskarı kimi diqqət mərkəzindədir. Münxendəki görüşün təşəbbüskarı da Almaniya kansleri Olaf Şolts olmuşdu. Kansler ölkəsinin Ermənistanla Azərbaycan arasında sülh gündəliyinə öz dəstəyini göstərməyə və xoşməramlı əsasda Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirmişdi. Kansler Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulamışdı. 28 fevral 2024-cü il tarixində Ermənistan və Azərbaycan XİN başçılarının Berlində görüşü baş tutdu. Almaniyanın Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirdiyini Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də qeyd etdi. Kansler Şoltsun təşəbbüsü ilə Münxendə Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayan dövlət başçısı Almaniya tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında Berlində görüşün keçirilməsinin də Azərbaycan tərəfindən dəstəkləndiyini qeyd etdi. İrəvanda səfərdə olan Almaniya Bundestaqının hüquqi məsələlər komissiyasının sədri Elizabet Vinlekmayer-Bekker erməni yalanlarını ifşa etməsi də Almaniyanın məsələyə obyektiv yanaşma nümayiş etdirməyə çalışdığını göstərir. Belə ki, erməni jurnalistlər komissiya sədrindən Azərbaycanın Qarabağda suveren hüquqlarının bərpa edilməsinə gətirib çıxardığı antiterror əməliyyatları, eləcə də, bölgədən könüllü çıxan erməni sakinlərin guya zorla çıxarılmasına münasibət bildirmələrini istəyiblər. Erməni jurnalistlər sual ediblər ki, Almaniya Qarabağdan çıxan ermənilərlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinə qoşulacaqmı? Jurnalistlərin aldığı cavab isə gözlənilməz olub. “Beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycan ərazisindədir və heç bir halda Rusiyanın Ukraynada apardığı işğalçı müharibə ilə müqayisə oluna bilməz. Bu, xarici siyasət sualıdır və mənim ona cavab vermək səlahiyyətim yoxdur.”, - deyə komissiya sədri bildirib. Erməni tərəfi Almaniya Bundestaqının hüquqi məsələlər komissiyasının sədrinə rəsmi Berlinin Azərbaycana qarşı mümkün sanksiyalar tətbiq etməsi ilə bağlı təxribatçı sual ünvanlayıblar. Sədr isə belə bir variantı istisna edərək erməniləri eyforiya vəziyyətindən çıxmağa çağırış edib. “Sizin bu məsələdə gözləntilərinizin dərəcəsini aşağı salmağınızı istəyirəm. Çünki indiki məqamda belə bir sanksiyaların tətbiqi sülh prosesinə ciddi maneə ola bilər”, - deyə almaniyalı deputat vurğulayıb.
Belə ki, Almaniya qonşuluğunda yerləşən və Ermənistanı silahlarla təchiz edərək müharibəyə təhrik edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nümayiş etdirir. Fransa XXI əsrdə hələ də kolonial siyasətini davam etdirir. Hazırda Paris Ermənistanı da öz nəzarətinə salmaq ümidilə Cənubi Qafqazda kolonializm siyasətinin yeni bir səhifəsini açmağa çalışır. Fransanın Ermənistanla silah sazişinin imzalanacağı barədə açıqlaması bu barədə düşünməyə əsas verir. Həmçinin Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir. Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir.
“Cozef Borrellin qeyri-adekvat bəyanatları Azərbaycan tərəfini çox məyus edib. Əvvəla, bu bəyanatlar reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Borrell bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Borrell bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur”– bunu Prezident İlham Əliyev 28 fevralda Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycanın sülh prosesinə sadiqliyini bildirən İlham Əliyev müharibə versiyasının cənab Makronun insinuasiyası olduğunu nəzərə çatdırıb: “Bütün bunlar Fransanın, guya, Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə hesablanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat cavab verməli olduq. Bizim cavabımız bir neçə dəqiqə çəkdi və Ermənistanın dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq. Dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrell və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”. Bu yaxınlarda lokal xarakterli antiterror tədbirlərindən sonra şərti sərhəddə ilk dəfə baş verən insident də təsadüfi xarakter daşımır. Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərbi avantüraya Qərbin, birbaşa Fransanın diktəsi ilə getdiyi artıq şübhə doğurmur. Həmin sərhəd təxribatının dərhal ardınca Fransa mediasında Ermənistanın “ildırım sürətli müharibə” planına hazırlaşması barədə xəbərlərin yayılmasının nəyə xidmət etdiyi məlum olur. Sızan məlumatlara görə, baş nazir Nikol Paşinyanın Paris səfərində müzakirə edilən “məxfi plan”ın mahiyyəti ondan ibarət imiş ki, Ermənistan qəfil hücumla Azərbaycanla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirir. Bunun nəticəsində sülh danışıqları prosesində İrəvanın mövqeyi xeyli “güclənir” və guya, Bakının güzəştə getməkdən savayı şansı qalmır. Görünən odur ki, Ermənistan baş nazirinin Paris səfərinin məqsədi heç də İkinci dünya müharibəsində həlak olan ermənilərin xatirəsinə ehtiram nümayiş etdirmək deyilmiş. Səfərin əsas məqsədi Nikol Paşinyanın Emmanuel Makrondan konkret göstərişlər alması və bundan sonrakı fəaliyyətini buna uyğun nizamlamasıdır. Fransa tərəfindən açıq-aşkar Azərbaycanla hərbi qarşıdurmaya təhrik edilən Ermənistanın silahlandırılması da təsadüfi deyil. Paris bu “missiyanı” həyata keçirməyi də öz üzərinə götürüb. Fransa, həm də Hindistan vasitəsilə onun lisenziyası ilə bu ölkədə istehsal olunan silah-sursatı ermənilərə ötürür, həmçinin fransız hərbçilər Ermənistan ordusunun müxtəlif qoşun bölmələrinə təlimlər keçirlər.
Qərb hər vəchlə Ermənistanı müharibəyə təhrik etməklə bölgədə sülh prosesinə əngəl törədir. Son dövrlər Qərb mediasında guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması ilə bağlı şayələrin ortaya atılması da Qərbin məkrli planından xəbər verir. Bununla da gələcək erməni təxribatları üçün informasiya fonu yaradılır. Elə bir təəssürat yaranır ki, Ermənistan “həyati təhlükə”ylə üzləşdiyi üçün Qərb yardım əlini uzadır. Azərbaycan əraziləri işğal altında olan müddət ərzində Qərb tərəfindən ciddi addım atılmadı. 30 ildir ki, 1 milyondan çox azərbaycanlı qaçqının öz torpaqlarına geri qayıtmaq hüququ haqqında susan Qərb indi özünü ermənilərin hüquq müdafiəçisi olaraq təqdim edir. Qərb Ermənistanı açıq şəkildə müdafiə etməklə, hərbi potensialını möhkəmləndirməyə çalışmaqla mövcud vəziyyəti daha da qəlizləşdirir, revanşist erməni qüvvələrin faəliyyətinə rəvac verir, bölgədə sabitliyin yaranmasına əngəl törədir, irqçilik nümayiş etdirir. Ermənistanda yerləşdirilən Avropa İttifaqının “sülh missiyası” isə anti-sülh fəaliyyəti ilə gündəmdədir. Missiya son dövrlər açıq şəkildə anti-Azərbaycan bəyanatlar səsləndirir, eyni zamanda Rusiyanı, onun ölkədəki hərbi kontingentini hədəfə alır.
“Azərbaycan müharibəyə hazırlaşır” kimi cəfəng iddialar irəli sürən Ermənistan hökuməti özü revanşist hisslərlə yaşayır. Biabırçı məğlubiyyətindən hələ də nəticə çıxarmayan rəsmi İrəvan Qərbdəki ermənipərəst qüvvələrdən dəstək alaraq əsrlərdir boyunduruğu altında olduğu Rusiyadan da üz çevirməyə başlayıb. Bu vəziyyət isə Ermənistanın daxilində də birmənalı şəkildə qarşılanmır. 24 fevral 2024-cü il tarixində Armİnfo.am. xəbər portalında verilmiş “Rusiya Federasiyası və KTMT ilə əlaqələrin qırılması, eləcə də, İrəvanın Qərbə meyillənməsi Ermənistan üçün məhvedici vəziyyət yarada bilər” adlı material işğalçı ölkənin bugünkü reallıqlarının qiymətləndirilməsi baxımından olduqca maraqlıdır. Bu ölkədəki Respublika partiyası idarə heyətinin üzvü, keçmiş deputat Eduard Şarmazanovun öz Facebook səhifəsində baş nazirin “France-24” telekanalına verdiyi müsahibə haqqında yazdığı analitik materiala istinad edən sayt Nikol Paşinyanın düşdüyü durumun acınacaqlı olduğunu bildirib.
Azərbaycan Avropanın əsas enerji təminatçılarından biridir. Ölkəmiz Cənubi Qafqazda yeganə güc sahibidir. Qərb 44 günlük müharibə ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini və ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərlə terrorçuların kökünün kəsilməsini həzm edə bilmir. Bunu açıq etiraf edə bilmədiklərindən müxtəlif yollarla ölkəmizə təzyiq edirlər. Avropa revanşist qüvvələrin fəaliyyətini dəstəkləməkdənsə iki ölkə arasında sülhün yaranması üçün fəaliyyətini gücləndirməlidir. Avropa qurumları tərəfindən qəbul edilən qərəzli bəyanatlar Qərbdə tüğyan edən irqçilik, islamofobiya və türkofobiyanın ifrat həddə çatdığını bir daha təsdiq edir. Bu bəyanatlar Ermənistanın simasında birbaşa təcavüzün və terrorun dəstəklənməsidir. Qərb sülh axtarışında tərəflərin səylərini təşviq etməli, öz bəyanatları ilə bu səylərin qarşısını almamalı, başlayan dialoqun tərəflərindən birinə təzyiq göstərməməlidir. Azərbaycan bu gün regionda yeni bir reallıq formalaşdırıb. Bu reallıq Ermənistan və onun havadarları tərəfindən qəbul edilməlidir. Ermənistan özünə yeni mütəffiqlər axtarmaqdansa sülh üçün səy göstərməlidir. Azərbaycanla etibarlı əməkdaşlıq regionda təhlükəsizliyə, sabitliyə və rifaha xidmət edə bilər. Prezidenti İlham Əliyev 26 fevralda Xocalıdan Ermənistana buna dair son sözünü dedi, sərt xəbərdarlıq etdi, onlara yeganə çıxış yolunu göstərdi. Sitat: “Yeni yiyə axtarışında olan, onun-bunun qucağına sığınan Ermənistan bilməlidir ki, yeganə yol Azərbaycanın bütün şərtlərini qəbul etmək və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməkdir!”
Nailə Tağızadə