Azərbaycan–Türkiyə əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir. İki dövlət arasındakı əməkdaşlıq ölkə prezidentlərinin iradəsinə uyğun olaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Belə ki, iki dost ölkənin liderlərinin prezident seçkilərində qələbələrindən sonra ilk səfərlərini məhz Azərbaycana və Türkiyəyə etmələri artıq ənənə halını almışdır. Bu baxımdan İlham Əliyevin 7 fevral prezident seçkilərində qələbəsindən sonra ilk rəsmi səfərini fevralın 18-də qardaş Türkiyəyə etməsi təsadüfi deyildir. Prezidentlər istər təkbətək, istər geniş tərkibdə görüşlərində, istərsə də mətbuata birgə bəyanatlarında bu mühüm addımın bir ənənə halını alaraq münasibətlərimizin göstəricisi olduğunu xüsusi vurğuladılar.
Bu gün Azərbaycan və Türkiyə regionda, eyni zamanda beynəlxalq aləmdə baş verən bütün hadisə və proseslərə münasibətdə eyni mövqedən çıxış edirlər. 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi siyasi dəstək Azərbaycanın haqq işinin qazanılmasında böyük rol oynadı. Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi Türkiyədən aldıq. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbə qardaş ölkələrin həm də hərbi-siyasi əməkdaşlığına, iqtisadi əlaqələrinə və diplomatik gücünə, Azərbaycan-Türkiyə amilinin möhkəmlənməsinə töhfə verdi. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə Qarabağımızın bərpası prosesində yanımızdadır. Ötən il fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələnin ilk günündən Azərbaycanın da qardaş ölkənin yanında olması Türkiyə və Azərbaycanın həm sevincli, həm də kədərli anlarında biri-birinin yanında olduğunu təsdiqlədi. Fevralın 19-da Azərbaycan və Türkiyə dövlət başçılarının birgə mətbuat konfransında bu məsələyə toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın göstərdiyi yardımdan bəhs edərək Azərbaycanın Kahramanmaraşda 320 hektar sahədə 1000 yaşayış evi və 799 iş yeri tikdiyini xüsusi vurğuladı.
Dövlət başçılarının çıxışında ticarət, enerji və müdafiə sənayesi sahələrində ölkələrimizin ikitərəfli ticarət dövriyyəsinin 2023-cü ildə bir il əvvəlkinə nisbətən 16 faizdən çox artımla 7,5 milyard dollar səviyyəsinə çatdırıldığı vurğulandı. Bununla belə əsas hədəfə – ticarət dövriyyəsinin 15 milyard dollara yüksələcəyinə də əminlik ifadə olundu. Qeyd edək ki, ötən il Azərbaycandan qardaş ölkəyə ixracın həcmi 2022-ci illə müqayisədə 51,2 faiz və ya 1 milyard 814 milyon dollar artaraq 5 milyard 359,3 milyon dollara bərabər olub. Hesabat dövründə Azərbaycandan Türkiyəyə 783 milyon 861 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2022-ci ilə müqayisədə 9,9 faiz çoxdur. 2023-cü ildə Azərbaycanın ümumi ticarət dövriyyəsi 51 milyard 183 milyon dollar, qeyri-neft ixracı isə 3,3 milyard dollar təşkil edib.
Dövlət başçılarının Ankarada keçirilən geniş tərkibdə görüşündə geosiyasi nizama təsir edən koronavirus pandemiyası və Ukrayna müharibəsi kimi proseslərin Orta Dəhlizin etibarlı marşrut olduğu bir daha vurğulandı. Eyni zamanda, 2017-ci ildə açılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Orta Dəhlizin strateji mərhələsi olduğu, bu xətdəki işlərin ən qısa zamanda başa çatdırılması və xəttin tamamilə işlək vəziyyətə gətirilməsinin iki ölkənin ortaq mənfəətinə xidmət etdiyi diqqətə çatdırıldı. Eyni zamanda, vurğulandı ki, may ayında Ankarada keçiriləcək birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək. Səfər çərçivəsində imzalanan “Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” də iki qardaş ölkənin bununla bağlı qarşıda duran məqsədlərə çatmasına mühüm töhfə verəcək.
Görüşdə iki ölkənin enerji sahəsindəki əməkdaşlığına da toxunularaq Avropadan keçən layihələrdə birgə təşəbbüslərin artırılmasının önəmi vurğulandı və Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı və İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin ən qısa zamanda başa çatdırılmasının vacibliyi qeyd olundu. Görüşdə, həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a bu il evsahibliyi edəcəyi qərarının verilməsinin qardaş Türkiyədə böyük məmnunluqla qarşılanması diqqətə çatdırıldı. Türkiyə lideri Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq etdiyi məhdudiyyətə qəti şəkildə etiraz etdiklərini vurğulayaraq gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini bildirdi. Rəcəb Tayyib Ərdoğan yeni dövrdə mükəmməl şəkildə davam edən əməkdaşlığımızın həmişəkindən daha yüksək səviyyəyə çatdırılacağına əminliyini ifadə etdi.
Ankarada prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu da imzalandı. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Türkiyə-Azərbaycan Universitetinin yaradılması sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir”. Şübhəsiz ki, yaradılacaq təhsil ocağı bütövlükdə türk dünyası üçün ideoloji mərkəz rolunu oynayacaq, türk dünyası birliyinin güclənməsinə mühüm töhfə verəcək.
Dünyada cərəyan edən proseslərin fonunda Türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə zərurət özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki nitqində bununla bağlı Azərbaycanın dövlət xəttini bəyan etdi: “Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında da bir daha vurğuladı ki: “Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək”. Bu ilin iyulunda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçiriləcəyini bildirən dövlətimizin başçısı qeyd etdi ki: “Eyni zamanda, bu görüşdə müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək”. Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar isə öz növbəsində dəvət üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və Türk dünyasının bir olmasının vacibliyini vurğulayıb. Şuşada baş tutacaq görüş Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da artıracaq, böyük bir ailə olan Türk dünyasının birliyini möhkəmləndirəcək.
Türkiyə bu gün regionun və dünyanın ən aparıcı, söz sahibi olan ölkələrindəndir. Prezident İlham Əliyev bu amilə xüsusi toxunaraq bildirdi ki: “Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır”. Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi isə regionun inkişafına, sabitliyinə və təhlükəsizliyinə xidmət edir. Azərbaycan və Türkiyənin həyata keçirdiyi enerji və nəqliyyat layihələri Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin edilməsinə mühüm töhfələr verir, təkcə vahid bir xalqın deyil, regionda yaşayan bütün xalqların firavan həyatlarının təmin edilməsi üçün geniş imkanlar açır. Azərbaycan və Türkiyə bundan sonra da gələcək hədəflərinə doğru çiyin-çiyinə və qətiyyətlə addımlayacaqlar. Bu münasibətlər əbədi və sarsılmazdır.
Nailə Tağızadə