İlin əvvəlindən bəri Azərbaycana gələn turistlərin sayında 21 faiz artım qeydə alınıb.
Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.
Nazir müavininin sözlərinə görə, bu müddətdə ölkəmizə 2 milyon 71 min xarici vətəndaş gəlib. Xarici turistlər arasında Rusiya, İran və ərəb ölkələrindən gələnlər üstünlük təşkil edir. Artım dinamikası daxili turizmdə də qeydə alınıb. Daxili turizm bu ilin 9 ayı ərzində 20 faiz artıb. Yay aylarında - iyun, iyul və avqustda Azərbaycanın bölgələrində 860 min turist istirahət edib. Daxili və xarici turist sayı 3 milyon nəfərdən çoxdur.