.jpg)
Azərbaycanın xarici siyasət kursunda İtaliya Respublikası ilə qarşılıqlı faydalı münasibətlər mühüm yer tutur. İki ölkəni möhkəm dostluq və əməkdaşlıq ənənələri bağlayır. Tərəflərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Avropada siyasi təsir imkanları getdikcə artan, dünyanın 7-ci böyük iqtisadiyyatı sayılan, “Böyük yeddilik”də təmsil olunan İtaliya Azərbaycanla əlaqələrin əhatə dairəsinin genişləndirilməsinə xüsusi maraq göstərir. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Xüsusilə də Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxardı.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildən bəri İtaliyaya 3 səfər reallaşdırıb. Dövlət başçısının iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümündə - 2022-ci il avqustun 31-də İtaliyaya işgüzar səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, strateji əməkdaşlıq və tərəfdaşlığın daha yüksək səviyyəyə qalxmasına imkan yaratdı. Səfər zamanı Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirildi.
Xüsusi vurğulanmalıdır ki, İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya Avropada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycanla ticarət təşkil edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 12 milyard dollar olub. Azərbaycan xüsusən də enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir. Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya bazarına mavi yanacağın ixrac edilməsi ticarət dövriyyəsinin həcminə birbaşa təsir göstərir. Ötən il Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetr təbii qazın 9,5 milyardı İtaliya bazarına ixrac edilmişdir. Eyni zamanda, Azərbaycan İtaliyaya neft ixracı sahəsində də mühüm rol oynayaraq 2-ci yerdə qərarlaşıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. Son bir neçə il ərzində Azərbaycan İtaliya iqtisadiyyatına təxminən 3 milyard ABŞ dolları dəyərində sərmayə qoyub. Bütün bunlar ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır.
Ölkələrarası münasibətlərdə hərbi və hərbi-texniki sahədə əməkdaşlıq strateji prioritet kimi mühüm yer tutur. Azərbaycan müdafiə nazirinin bu günlərdə İtaliyaya reallaşdırdığı yüksəksəviyyəli səfər və keçirilən səmərəli görüşlər iki ölkənin müdafiə sənayesi sahəsindəki bağlarının yeni keyfiyyət mərhələsinə yüksəldiyini nümayiş etdirir. Bu əməkdaşlığın ən bariz və praktiki nəticələrindən biri kimi Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalının müasirləşdirilməsi məqsədilə İtaliyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir yük təyyarələrinin alınması hərbi tərəfdaşlığın daha dərin və strateji müstəviyə qədəm qoyduğundan xəbər verir. Bu addım təkcə ordumuzun logistik və operativ imkanlarını genişləndirmir, həm də İtaliyanın Azərbaycanın milli təhlükəsizlik arxitekturasında NATO standartlarına uyğun etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Beləliklə, hərbi sahədəki bu sıx koordinasiya siyasi müttəfiqliyi real güc amili ilə tamamlayaraq regional sabitliyin qorunmasına xidmət edir.
Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyib. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpası işində dost ölkə olaraq İtaliya şirkətləri də iştirak edir.
2026-cı il 4 may tarixində İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakıya səfəri iki ölkə üçün də mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək və geniş tərkibdə görüşləri baş tutdu, daha sonra isə mətbuata bəyanatlarla çıxış etdilər. Mətbuata bəyanatı zamanı İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni İtaliya ilə Azərbaycan arasında olan dostluq əlaqələrinin bundan sonra daha da inkişaf edəcəyinə və daha yüksək səviyyələrə qalxacağına əminliyini ifadə etdi. Çox geniş formada aparılan müzakirələrə görə dərin təşəkkürünü bildirən C.Meloni vurğuladı: “Biz bir daha təsdiq etdik ki, əməkdaşlığımızı daha da genişləndirməliyik”. Prezident İlham Əliyev iki ölkə arasında siyasi əlaqələrin ən yüksək səviyyədə, ticarət əlaqələrinin isə çox yaxşı vəziyyətdə olduğunu bəyan etdi. Dövlət başçısı qeyd etdi ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. İlham Əliyev Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndiriləcəyini də bəyan etdi. Prezident bildirdi ki, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda İtaliya şirkətləri 23 layihə həyata keçirib və keçirir. Dövlət başçısı vurğuladı ki, xarici ölkələrin şirkətlərinə baxdıqda bu layihələrin icrasında İtaliya yenə qabaqcıl yerlərdədir.
Qeyd edək ki, son günlər Avropa İttifaqından Azərbaycana qarşı təzyiqlər yenə artmaqdadır. Bir tərəfdən Avropa Azərbaycanı özünün ən etibarlı enerji tərəfdaşı adlandırır, digər tərəfdən isə Avropa Parlamenti qərəzli qətnamələr qəbul edərək siyasi təzyiq rıçaqlarını işə salır. Bu addım Azərbaycan kimi etibarlı enerji və nəqliyyat tərəfdaşı ilə münasibətlərin zəifləməsinə səbəb olur. Buna cavab olaraq isə Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul etdi. Azərbaycana edilən təzyiqlər fonunda Ciorcia Meloninin Bakıya səfəri xüsusi məna daşıyır. C. Meloninin Ermənistanda bir çox Avropa və Qərb liderlərinin toplantısından bilavasitə sonra Bakıya gəlməsi Avropada hökm sürən ikili standartlara verilən cavabdır. Bu səfər həm də onun göstəricisidir ki, heç də Avropa ölkələrinin hamısı Azərbaycana qarşı eyni mövqedən çıxış etmir.
Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir və bu münasibətlər tarixin ən yüksək mərhələsinə qədəm qoymuşdur. İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Bakı səfəri, şübhəsiz ki, iki ölkə arasında strateji tərəfdaşlığı daha da inkişaf etdirəcək və münasibətlərdə yeni səhifə açacaq. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək.
Nailə Tağızadə