
Dekabrın 7-də Heydər Əliyev Sarayında III Beynəlxalq Opera Festivalının möhtəşəm bağlanış mərasimi – “Yarım əsrlik sənətkar ömrünün Karmeni” adlı qala-konserti keçiriləcək.
Bu barədə Xalq artisti Fidan Hacıyeva məlumat verib.
O bildirib ki, yubileyinə və opera səhnəsindəki 30 illik fəaliyyətinə həsr olunan musiqi gecəsi festivalın ən yaddaqalan hadisələrindən biri olacaq. Konsertdə dünya opera sənətinin ən sevilən obrazlarından biri olan Karmenin musiqi dünyası, Azərbaycan və dünya klassik musiqisinin seçilmiş nümunələri, eləcə də ispan musiqisinin özünəməxsus çalarları təqdim ediləcək.
Qala-konsertin repertuarına Jorj Bizenin “Karmen” operasından məşhur ariyalar, Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Aqustin Laranın, Luçio Dallanın və Vinçenso Çiaranın əsərləri, həmçinin dünyaşöhrətli tenor Luçano Pavarottinin repertuarından seçilmiş nümunələr daxil edilib. Frank Sinatranın ifası ilə məşhurlaşan əsərlər də gecənin musiqi rəngarəngliyini tamamlayacaq.
Qala-konsertində Xalq artisti Fidan Hacıyeva, ispan rəqslərini təqdim edəcək xoreoqrafiya qrupu, eləcə də Azərbaycanın Xalq artisti, maestro Yalçın Adıgözəlovun rəhbərliyi ilə Niyazi adına Dövlət Simfonik Orkestri çıxış edəcək.