Dövlət Suverenliyimizin bərpası tarixi Zəfərimizin zirvəsidir!

 

2020-ci il sentyabrın 27-də Azərbaycanın torpaqlarını işğaldan azad etməsi üçün başlatdığı “Dəmir yumruq” əməliyyatı 44 günlük müharibə ilə başa çatdı. Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Ancaq bu məğlubiyyət onlara dərs olmadı. Azərbaycanın Qarabağdan könüllü şəkildə çıxmaq üçün vaxt qoyduğu separatçılar və terrorçular nəinki bu humanist çağırışa məhəl qoymadılar, əksinə vaxtaşırı müxtəlif səpgili silahlı hücumlar edərək Azərbaycanın təhlükəsizliyini, dövlət suverenliyini pozmağa cəhdlər etdilər. 2023-cü il sentyabrın 19-u tarixi isə bardağı daşıran son damla oldu. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələ­ri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa av­tomobil yolunda terror məqsədilə əvvəl­cədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu.  Erməni silahlı qüvvələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyaraq, döyüş mövqelərindən və hərbi postlardan çıxarıldı və tam şəkildə tərk-silah olundu. Razılaşmanın icrası Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkil­də həyata keçirildi. Bundan sonra bizim şərtlərimiz qəbul edildi və dəfələrlə bizim nümayəndələrimizlə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə məcbur oldular. 

Antiterror əməliyyatı zamanı qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur hədəf alındı. Mülki əhali və ob­yektlərə isə heç bir halda hücum edilmədi. Ermənistan silahlı qüvvələrinin bir­ləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında hərbi infrastrukturun yerləş­dirilməsini nəzərə alaraq, Azərbaycan ərazidə olan mülki əhalini hərbi obyekt­lərdən kənar durmağa çağırdı. Mobil SMS xidməti, səsgücləndirici texniki vasitələr və məlumat vərəqələri vasitəsilə Azərbay­canın Qarabağ bölgəsinin erməni sakinlə­ri müvafiq olaraq məlumatlandırıldı. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ermənilərin və havadarlarının Azərbaycan torpaqlarında törətdikləri özbaşınalıqlara, cinayətlərə son qoydu. Qondarma rejim iflasa uğradı. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarında qanunsuz şəkildə lövbər salmış ermənilər diz çökdürüldü, separatçıların "liderləri" həbs olundular. Ruben Vardanyan, Davit Manukyan, Levon Mnatsakanyan, David Babayan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan Azərbaycana qarşı törətdikləri bütün cinayət əməllərinə görə Bakıda ifadə verirlər.

Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq ərazi bütövlüyünü təmin etdi. Ordumuzun qələbəsi münasibətilə xalqa müraciət edən dövlətimizin başçısı İlham Əliyev qeyd etdi: “Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”. 

Bu hadisə Azərbaycanın müasir tarixinə daha bir şərəfli günün daxil edilməsinə səbəb oldu. 2024-cü il sentyabrın 19-da antiterror əməliyyatının birinci ildönümündə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzaladı. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 20 sentyabr Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə Prezident İlham Əliyev bu günlə bağlı bildirdi ki: “Düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”.

Beləliklə, antiterror əməliyyatı ilə Azərbaycan ərazi bütövlüyünü tam bərpa etdi, erməni separatizmi birdəfəlik aradan qaldırıldı. Azərbaycan Silahlı Qüvvələrinin birgünlük antiterror əməliyyatı Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin zirvəsi, Azərbaycanın gücünün nümayişi oldu. Suverenliyimiz əbədi olsun!

                                                                                                         Nailə Tağızadə

2024-09-20 / 17:21
Facebook