COP29-a qərəzli münasibət …

 

Bu il Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qəbul edilmiş qərar ölkəmizin növbəti beynəlxalq qələbəsidir. Bu hadisə Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edir. Sonuncu COP28 ötən il Dubayda baş tutub. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT-nin tarixində ən genişmiqyaslı tədbir olub. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılıb. Sözügedən tədbirdə ilk dəfə olaraq Prezident İlham Əliyev də iştirak edib.

II Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevə ünvanlanan COP29-la bağlı bəzi suallarda bu beynəlxalq tədbirin müəyyən Qərb mətbuatında qeyri-obyektiv, qərəzli formada işıqlandırılacağına dair fikirlər öz əksini tapmışdı. Forum iştirakçılarından biri dövlət başçımıza sualla müraciət edərkən belə bir ifadə işlətmışdi: “...böyük ehtimalla bu tədbir (COP29) Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırılacaqdır.” Dövlət başçısı isə bildirmişdi ki, COP28-in ev sahibi olan Birləşmiş Ərəb Əmirlikləri də eyni mövzuda ittihamlarla üzləşmişdir. Lakin bu mövzuda irəli sürülən ittihamlar əslində tamamilə absurddur. Çünki bu ittihamların əsasında ölkəmizin zəngin qazıntı yanacağı ehtiyatlarına malik olması faktı durur. Bu əlbəttə ki, Qərbin növbəti riyakarlığının bir təzahürüdür. Belə ki hal-hazırda bütün dünya ölkələrinin, o cümlədən Avropanın enerji təhlükəsizliyi birbaşa neft və qaz yanacağı hesabına təmin edilir. Əlbəttə ki, Azərbaycan hazırda bərpaolunan enerji istehsalı istiqamətində intensiv çalışmalar həyata keçirir və bu sahəyə böyük investisiyalar qoyur. Bununla belə, bu gün Avropa ölkələrinin əlavə qaza böyük ehtiyacı var və bu tələbat getdikcə artır. Bu da o deməkdir ki, faydalı qazıntı yanacağına ehtiyac hələ uzun illər olacaq.

Qlobal səhnədə tez-tez iqlim liderləri kimi təsvir olunsalar da, Böyük Britaniya, ABŞ, Kanada, Norveç və Avstraliya  kimi ölkələr 2020-ci ildən bəri qlobal olaraq verilmiş bütün yeni neft və qaz lisenziyalarının üçdə ikisindən çoxuna (67%) cavabdehdir. Ancaq bununla belə, bəzi Qərb KİV-lərində bir sıra ölkələrdə, xüsusilə COP29-a ev sahibliyi edəcək Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə dair beynəlxalq tədbirlərin, forumların və müzakirələrin keçirilməsinin guya məqsədəuyğun olmaması ilə bağlı sifarişli xəbərlər tirajlanır, Azərbaycanın qeyri-neft sektorundan asılılığın azaldılması istiqamətində reallaşdırdığı tədbirlər, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər diqqətdən kənarda saxlanılır. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl” gündəliyin təbliği istiqamətində məqsədyönlü siyasəti, bu istiqamətdə reallaşan yorulmaz fəaliyyət müəyyən dairələri qıcıqlandırır.

COP 29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Dövlətimiz “yaşıl enerji” zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindədir.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın COP29-a evsahibliyi etməsini qısqanclıqla qarşılayan bəzi qərb dairələri erməni lobbisinin təsiri altındadır. Bunun nəticəsidir ki, ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlarla dolu kampaniyalar reallaşdırılır. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarının işğalda qalmasına, talanmasına, bir milyona yaxın vətəndaşının qaçqın düşməsinə, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə, olmazın şiddətlərə, soyqırıma məruz qalmasına göz yuman Qərb dairələri, Azərbaycanın öz ərazi suverenliyini bərpa etməsi ilə barışa bilmir. Guya Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək adı altında Azərbaycana qarşı qarayaxma kompaniyası aparılır. Azərbaycan ilk gündən Qarabağda yaşayan ermənilərə öz əlini uzatdı, onların da Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi eyni hüquq və azadlıqlara sahib olacağını, Azərbaycan vətəndaşı olaraq hər bir imtiyaza sahib olacaqlarını bəyan etdi. Lakin yerli ermənilər erməni rəsmi dairələrinin hədə-qorxusu nəticəsində könüllü şəkildə Qarabağı tərk etdilər. İndi isə erməni rəsmi dairələri bunu əllərində bayraq tutaraq, həmişəki yazıq və məzlum obrazlarına bürünüb hər cür şər, böhtan yayaraq COP29-u boykot etməyə çağırışlar edirlər. Maraqlıdır ki, COP29 üçün öz namizədliyini irəli sürən Ermənistan Azərbycanın xeyrinə öz namizədliyini geri çəkmişdi.

Son zamanlar özünü sözdə hüquq müdafiəçiləri adlandıran, realda isə hüquq anlayışını hələ də dərk etməyən erməni lobbisinin hesabına irəli getməyə çalışan bir qrup şəxslər COP29-u boykot etməyə çağırışlar edir, imzatoplama kompaniyası başladır, Bakıda həbsdə olan erməni separatçılarının azad olunması tələbini irəli sürürlər. Beynəlxalq hüquqda bir dövlətin ərazisində terrorçuluq fəaliyyəti ilə məşğul olan, dövlət suverenliyinin pozulmasına cəh edən şəxslər cəzasızmı qalır? Əgər cəzasız qalmırsa, bu hüquq müdafiəçiləri Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisi olan Qarabağda separatçılıqla məşğul olan bu şəxslərin azadlığı üçün niyə bu qədər canfəşanlıq edirlər?! Azərbaycan həm beynəlxalq hüququ, həm də dövlətin ana qanunu olan Konstitusiyasını rəhbər tutaraq bu şəxsləri həbs edib, indi isə layiqli cəzalarını alırlar. Eyni zamanda Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşlarının mütəmadi olaraq həmin şəxslərə baş çəkməsi, saxlanma şəraitləri ilə tanış olması, yaxınları ilə əlaqə saxlaması üçün imkanlar yaradır.

COP29-a ev sahibliyi etməyimiz Azərbaycanın növbəti beynəlxalq uğurudur. Bununla Azərbaycan dövlət başçımızın timsalında beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi.  Prezident İlham Əliyev bir daha bütün təzyiqləri, şayələri  dəf edərək Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Dövlətimizə qarşı həyata keçirilən bütün qarayaxma kompaniyaları yenə nəticəsiz qalacaq, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

                                                                                                       Nailə Tağızadə

2024-08-01 / 16:06
Facebook