Azərbaycan və Pakistan arasındakı əlaqələr tarixi köklərə, ortaq dini dəyərlərə və qardaşlıq münasibətlərinə əsaslanır. Bu əlaqələr siyasi, iqtisadi, hərbi və geosiyasi sahələrdə müxtəlif formatlarda özünü göstərir. İki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Məhz Pakistan və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk iki dövlətdir. Pakistan Ermənistan-Azərbaycan münaqişəsinin həllində də hər zaman Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində çözümünə tərəfdar çıxıb, ölkəmizə birmənalı dəstəklərini nümayiş etdirib. 44 günlük Vətən müharibəsi zamanı həm dövlət, həm də millət səviyyəsində ən güclü dəstəyi də Türkiyə və Pakistandan aldıq. Ordumuzun əldə etdiyi qələbə hər iki qardaş ölkədə çoşğu ilə qarşılandı, ölkəmizin hər yerində - küçələrdə, binalarda, maşınlarda və müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı Pakistan bayrağı dalğalandı.
Prezident İlham Əliyevin iyulun 11-də Pakistana dövlət səfəri, dövlət başçımızın xüsusi ehtiramla qəbul olunması qardaş Pakistan xalqının həm dövlət başçımıza, həm də Azərbaycan xalqına olan dərin rəğbətini və sevgisini bir daha nümayiş etdirdi. Səfər zamanı Prezident İlham Əliyevin təyyarəsinin Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri tərrəfindən qarşılanması və enənədək müşayiət etməsi, dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılması, Azərbaycana, onun liderinə olan hörmət və ehtiramın təzahürü idi. Bu səfər iki dost, qardaş ölkənin münasibətlərinin daha da genişlənməsinə, yeni prioritetlərin müəyyənləşdirilməsinə geniş imkanlar açdı. “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq” fikirləri ilə dostluğumuzun, qardaşlığımızın dildə deyil, atılan hər bir real addımda öz təsdiqini tapdığını əsaslı şəkildə diqqətə çatdıran Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif əminliklə bildirdi ki, bu səfər iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın daha da möhkəmlənməsini təmin edəcək.
Prezident İlham Əliyevin iyulun 11-12-sini əhatə edən dövlət səfəri Azərbaycan və Pakistan arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edir. Hər bir səfərin əhəmiyyətini nümayiş etdirən mühüm məqamlardan biri də əməkdaşlığın müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanmasıdır. Dövlətimizin başçısının bu səfəri çərçivəsində 10-dan artıq sənəd imzalandı.
Prezident İlham Əliyevin səfəri ilə bağlı diqqətçəkən məqamlardan biri ölkələrimiz arasında ikitərəfli investisiyanın həcminin 2 milyard dollara yüksəldilməsi barədə razılaşmanın əldə edilməsidir. Pakistanın Baş naziri Şahbaz Şərifin mətbuata bəyanat zamanı ifadə etdiyi bu öhdəlik qarşılıqlı inkişaf üçün imkanlar vəd edir. Baş nazir bu ilkin rəqəmin başlanğıc olacağına ümid etdiyini bildirərək cari ilin payızında Azərbaycana gözlənilən səfəri zamanı mühüm sazişlərin imzalanacağından əminliyini ifadə edib.
Prezident İlham Əliyevin səfər çərçivəsində İslamabadda Milli Aerokosmik Elm və Texnologiya Parkı ilə tanışlığı müdafiə sektorunda strateji tərəfdaşlıq üçün yeni yollar açır, ölkələrimizin innovasiya imkanlarını artırır. Elmi və texnoloji əməkdaşlıq haqqında razılaşmalar isə innovasiya və tədqiqat sahəsini inkişaf etdirərək, yeni iqtisadi imkanlar yaratmağı hədəfləyir.
Birgə mətbuat konfransı zamanı Pakistanın Baş naziri Şahbaz Şərif bu ilin noyabrında Azərbaycanın evsahibliyi edəcəyi beynəlxalq COP29 tədbirinə dəvət olunduğunu məmnunluqla dilə gətirdi. Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim sammiti hər iki xalq üçün əlamətdar hadisədir. Pakistanın Baş nazirinin qeyd etdiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29 inkişaf etməkdə olan ölkələrin, o cümlədən Pakistanın üzləşdiyi iqlimlə bağlı problemlərin səmərəli şəkildə həllinə töhfə verəcək.
Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasındakı ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət gətirəcək, qarşılıqlı əməkdaşlığın daha geniş sahələri əhatə etməsinə imkan yaradacaq. Səfər nəticəsində diplomatik əlaqələrimizin möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi və strateji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində də yeni səhifələr açılacaq. Azərbaycanla Pakistan arasında əməkdaşlığın şaxələndirilməsi Azərbaycanın regional iqtisadi inteqrasiyada rolunu gücləndirir. Bu əlaqələr Türk dövlətləri üçün də sabitlik və iqtisadi inkişafı təşviq etmək baxımından önəmlidir. Pakistan hər zaman türk dövlətləri ilə qardaşlıq və həmrəylik nümayiş etdirir. Türk birliyi nüvə silahına sahib Pakistanın dəstəyi ilə daha böyük gücə çevriləcək. Bu isə yeni bir tarixi dövrün başlanğıcı hesab oluna bilər.
Nailə Tağızadə