Xankəndində futbol bayramı …

 

21 dekabr 2023-cü il tarixində daha bir tarixi ana şahidlik etdik. Böyük Qayıdışla həyat canlanan Qarabağda 30 ildən sonra futbol da canlandı. Xankəndində “Qarabağ” və MOİK klubları arasında Azərbaycan kubokunun 1/8 final qarşılaşmasının oyunu keçirildi.

Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun oldu. 1993-cü ilin mayında “Qarabağ” ilə “Turan” (Tovuz) Ağdamın “İmarət” stadionunda qarşılaşmışdı. Bu matçdan cəmi 2 ay sonra Ağdam işğal olunduğundan, “Qarabağ” rəqiblərini Mingəçevir, Sumqayıt və Bakıda qəbul etmək məcburiyyətində qaldı. 2009 və 2010-cu illərdə isə “köhlən atlar” Azərbaycan çempionatı və kubokunda bir neçə ev oyununu Ağdamın Quzanlı qəsəbəsində keçirdi.

Dövlət siyasətinin vacib elementi kimi idman da Böyük Qayıdış prosesinin tərkib hissəsidir. Artıq azad edilən ərazilərdə bir sıra idman tədbirləri həyata keçirilib. İlk olaraq Suqovuşanda avarçəkmə yarışı keçirilib və avarçəkmə işğaldan azad edilmiş ərazilərə “ayaq açan” ilk idman növü olub. Keçən ilin sentyabrında Şuşada ilk dəfə beynəlxalq şahmat turniri təşkil olunub. “Shusha Chess 2022” turnirinə dünya şahmat elitasında yer alan bir çox məşhur “iti zəka sahibi” qatılıb. Bu il isə Şuşa daha bir beynəlxalq turnirə - 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının mərhələ oyunlarına ev sahibliyi etdi.

Nəhayət, futbol da işğaldan azad olunan ərazilərimizə qayıtdı. 24 saata yaxın davam edən lokal anti-terror əməliyyatlarından sonra azad edilən Xankəndində stadion təxminən iki ay ərzində görülən işlər nəticəsində demək olar ki, yenidən qurularaq tam hazır vəziyyətə gətirildi. Stadionun meydançası yenilənib, tribuna və digər yerlərdə separatçılara məxsus tör-töküntülər təmizlənib. Arenanın tribunalarına “Xankəndi” sözünün və “Qarabağ Azərbaycandır” ifadələrinin yazılması isə hər bir azərbaycanlını fərəhləndirir.

Xankəndində reallaşan futbol matçı idman oyunundan daha çox simvolik məna daşıyır. Oyununun mənəvi tərəfi və verdiyi mesajlar daha böyük əhəmiyyət kəsb edir. Meydana doğma Qarabağı təmsil edən, Azərbaycan futbolunun qüruru “Qarabağ”la Qarabağı işğaldan azad edən ordunun təmsilçisi Mərkəzi Ordu İdman Klubu (MOİK) çıxırdı. Oyunu idarə edən hakimlər briqadası da bütünlüklə 44 günlük müharibədə iştirak edənlərdən təşkil edilmişdi. Belə ki, baş hakim Əli Əliyev, dördüncü hakim funksiyasını yerinə yetirən Kamal Umudlu və yan xətt hakimi Taleh Məmmədov 44 günlük Vətən müharibəsinin iştirakçısı olublar. Matçın hakim-inspektoru Munis Abdullayev isə vaxtilə Xankəndinin "Qarabağ" komandasında oynayıb. Bir sözlə, oyunun təşkilatçılığı ilə bağlı hər bir detal nəzərə alınmışdı. Futbolçular meydana Qarabağı işğaldan azad edərkən şəhid olan qəhrəmanlarımızın övladlarının əlindən tutaraq, onlarla birgə çıxdılar. Qarşılaşmanın böyük əhəmiyyətini göstərən ən önəmli məqam Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın oyunu stadiondan izləməsi idi. Prezident İlham Əliyev də çıxışını şəhid əmanətlərini alqışlayaraq və alqışladaraq başladı. Oyunu da məhz onların əhatəsində izlədi.

Ali Baş Komandan İlham Əliyev stadiona təşrif buyuraraq çıxış etdi. “Xankəndiyə xoş gəlmişsiniz” ifadəsi ilə çıxışına başlayan dövlət başçısı buradan Xankəndi ilə bağlı tarixi həqiqətlərdən, şanlı qələbəmizdən, azad edilən torpaqlarda aparılan quruculuq-abadlıq işlərindən danışaraq bir çox məsələlərə toxundu. Qarabağ-Ordu-Xalq birliyinin zəfərimizin əsas mənbəyi olduğunu vurğulayan Ali Baş Komandan Azərbaycan xalqının Qarabağ sevgisi, orduya güvənini ifadə etdi. Prezident tezliklə “İmarət” stadionunun tikintisinə başlanılacağının anonsunu verməklə futbolsevərlərə növbəti sevinc yaşatdı. İlham Əliyevin futbolçular və hakimlərlə bir-bir görüşməsi, onlarla xatirə fotosu çəkdirməsi, topa ilk toxunuşu etməsi tribunalarda əyləşənlərin gurultulu alqışları ilə müşayiət olundu. Dövlət başçısı stadionda çıxışı zamanı matçın nəticəsindən asılı olmayaraq, qalibin Azərbaycan xalqı, Azərbaycan dövləti olduğunu bildirib. Elə bunun da nəticəsində dostluq ab-havasında keçən qarşılaşmadan sonra nə meydanda, nə də meydandan kənarda üzülən yox idi. Arenanın tribunalarında klubların azarkeşləri öz komandalarını dəstəkləməkdən çox “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!” və buna bənzər müxtəlif birlik şüarları səsləndiriblər. Azərbaycan futbolu uzun illərdən sonra məhz Xankəndidə birləşdi, bütövləşdi.

İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, nəqliyyat, idman infrastrukturlarının yaradılması, “Böyük qayıdış”ın həyata keçirilməsi Azərbaycanın sülh quruculuğunda nə qədər səmimi olduğunu göstərən başlıca faktorlardan biridir. Azərbaycanlılar doğma yurd-yuvalarına qayıdır və oraları gözəlləşdirirlər. 30 ilə yaxın müddət ərzində hər cür mədəni, idman, sosial və digər xarakterli tədbirlərdən kənar qalan, məhv edilən tarixi torpaqlarımıza yeni nəfəs gəlməkdədir. Xankəndinə futbol bayramı ilə qayıtmaqla Azərbaycan bir daha bütün dünyaya mesaj verdi ki, biz sülh istəyirik. Bu qürurlu hadisəni, müqəddəs hissləri bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə, qəhrəman şəhidlərimizə və cəsur qazilərimizə, rəşadətli ordumuza dərin minnətdarıq.

                                                                                                          Nailə Tağızadə

2023-12-26 / 15:07
Facebook