Azərbaycanın praqmatik yaşıl enerji siyasəti …

 

Müasir dövrdə dünyada baş verən qlobal ekoloji problemlər yeni, ekoloji cəhətdən təmiz enerji mənbələrinin axtarışı və tətbiqini aktual edir. Hal-hazırda enerjiyə getdikcə artan tələbatın ödənilməsi dünyanın üzləşdiyi əsas problemlərdəndir. Belə ki, bərpa olunmayan enerji mənbələrinin - neft, qaz, daş kömürünün  nə vaxtsa tükənəcəyi reallığı qaçılmazdır. Digər tərəfdən, ənənəvi enerjinin istismarı zamanı planetimizin ekoloji durumuna mənfi təsiri də getdikcə daha da qabarıq şəkildə ortaya çıxır. Belə olan halda bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsi daha çox ön plana çıxır. Bu səbəbdəndir ki, bir sıra qabaqcıl dövlətlər enerji təhlükəsizliyinin təmin edilməsi və bərpa olunan alternativ enerji mənbələrinin mənimsənilməsi məsələsini özünün prioritet vəzifəsi sayır. Külək, günəş, dalğa və kiçik çayların hidroloji enerjisi məhz belə mənbələrdən sayılır və onların potensial imkanları hədsiz və tükənməzdir.

Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetləri müəyyənləşdirilib. Həmin 5 Milli Prioritetdən biri olan təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi istiqaməti qarşıya yeni vəzifələr qoyub. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsi qəti vəzifə olaraq müəyyən edilib.

Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün ərazi bütövlüyümüzün bərpa olunduğu son 4 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır. Ölkəmizdə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensial mövcuddur. Belə ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması, Qarabağ və Şərqi Zəngəzuru "yaşıl enerji" zonasına çevirmək kimi mühüm məqsədləri qarşısına qoyub. Dövlətimiz “yaşıl enerji” zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər “Karbon neytral” zonasına çevirmək əzmindədir.

Mütəxəssislər hesablamışlar ki, 3000 Kvt-a qədər gücə malik elektrik stansiyaları qurmaqla ildə 13 min ton şərti yanacağa qənaət etmək, atmosferə atılan karbon qazının miqdarını 23 min ton azaltmaq olar. Rəsmi mənbələrə istinad etsək, ölkəmizdə külək enerjisinin illik potensialı 800 Mvt, başqa sözlə isə 4 milyard kvt/saat təşkil edir. Bu isə öz növbəsində ildə 1 milyon ton şərti yanacağa qənaət edilməsi, atmosferə 3,7 milyon ton karbon qazının atılmasının qarşısını almaq deməkdir. Azərbaycanda bu sahədə geniş imkanlar mövcuddur. Abşeron regionunda külək enerjisinin sənaye məqsədləri üçün istifadəsi kifayət qədər real və sərfəlidir. Bakı ətrafı ərazilərdə ilin orta hesabla 250 günü küləkli olur. Hesablamalara görə, normal külək enerjisindən istifadə etmək üçün onun sürəti saniyədə 3-4 metr olmalıdır. Bakıda isə küləyin orta illik sürəti saniyədə 11 metrdən çoxdur.

Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə də zəngindir. Xüsusilə Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, respublikanın bəzi bölgələrində isə 2900 saata çatır. Xarici mənbələrə görə, il ərzində bir kvadratmetr yer səthinə düşən günəş enerjisinin miqdarı ABŞ-da 1500-2000 kVt/s, Rusiyada 800-1600 kVt/s, Azərbaycanda isə 1500-2100 kVt/s təşkil edir. Göründüyü kimi, respublikamızın günəş enerjisindən istifadə potensialı xeyli yüksəkdir. Qeyd edək ki, Azərbaycanda ildə 300 günəşli və 270 küləkli günün olması regionda günəş energetikasının inkişafını şərtləndirən əsas amillərdən biridir. Eyni zamanda, günəş enerjisindən istifadə külək enerjisinə nisbətən daha böyük sərmayə tələb edir.

2020-ci il 9 yanvar tarixində Azərbaycanın Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair icra müqavilələri imzalanıb. Müqavilələrə əsasən, "ACWA Power" şirkəti ilə Azərbaycanda 240 MVt gücündə külək, "Masdar" şirkəti ilə isə 200 MVt-lıq günəş stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, ildə təxminən 1,4 mlrd. kVt-saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Bu şirkətlər Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirəcək pilot layihələr çərçivəsində 400 mln. ABŞ dollarına yaxın sərmayə yatıracaq. Sözügedən istehsalat güclərinin istifadəyə verilməsi ildə 300 mln. kubmetr qaza qənaət etməyə imkan yaradacaq ki, bu da Azərbaycanda əhali üzrə qaz istehlakının 10%-nə bərabərdir. 

13 yanvar 2022-ci il tarixində Gülüstan sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik təməlqoyma mərasimi keçirildi. Bu stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Layihənin investisiya dəyəri 300 milyon ABŞ dolları həcmində qiymətləndirilir. Bu obyektin istifadəyə verilməsi 220 milyon kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu, atmosferə 400 min ton karbon qazının buraxılmasının qarşısını almaq deməkdir. 2022-ci il 15 mart tarixində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirildi.

Qeyd edək ki, Ermənistanın 30 ilə yaxın müddətdə davam edən hərbi təcavüzü nəticəsində ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, su hövzələrinə, ümumilikdə işğal altında olan ərazilərin ekologiyasına ciddi ziyan dəymişdir. Erməni terroristlərinin fəaliyyəti ətraf mühitin məhvi və ciddi zərər görməsi ilə nəticələnən fəsadlara gətirib çıxarmışdır. Ermənistanın qadağan olunmuş silahlardan istifadəsi nəticəsində ətraf mühit fiziki və kimyəvi çirklənməyə məruz qalmaqla yanaşı, burada mövcud olan müxtəlif nadir bitki və heyvan növləri məhv edilmiş, flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Təmiz su mənbələrinin kimyəvi çirklənməsi nəticəsində çay və göllərdə özü-özünü tənzimləmə prosesi dayanmış, nəticədə su hövzələri bütün canlılar üçün zərərli, ölü bir zonaya çevrilmişdir. İşğal dövründə Azərbaycan dəfələrlə bu problemi beynəlxalq ictimaiyyət qarşısında qaldırmış, lakin həmişəki kimi Ermənistana yetərli təzyiq olmamışdır. Ermənilər Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyasını məhv etmişlər. 2021-ci il mayın 18-də Prezident İlham Əliyev Ağdamda ictimaiyyət nümayəndələri ilə görüşündə bütün Qarabağın “yaşıl enerji” zonası olacağını bildirmişdi. Azad edilmiş torpaqlarda genişmiqyaslı işlərə başlayan dövlətimiz elektroenergetika sahəsinə də böyük diqqət göstərir. Azad edilmiş torpaqlarımızda cəmi bir il ərzində 7 yarımstansiya yaradılıb. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının sayının 30-dan çox olacağı planlaşdırılır. Aparılmış dəqiq təhlil nəticəsində bəlli olub ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. COP29 çərçivəsində 20 noyabr tarixində Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Clean Energy Invest LLC və Baltech Green LLC arasında Kəlbəcər Külək Elektrik Stansiyasının inkişafına dair Anlaşma Memorandumu (MoU) imzalanıb. Bu layihə 3100 metr hündürlükdə həyata keçiriləcək unikal bir layihədir. Clean Energy Invest LLC və Baltech Green LLC layihə çərçivəsində birgə müəssisə yaradaraq yaxın zamanda ölçmə kampaniyalarına və layihə hazırlıqlarına başlayacaq. Külək elektrik stansiyasının 200-240 MVt gücündə 2028-ci ilin əvvəlində kommersiya fəaliyyətinə başlaması gözlənilir. Ərazinin yüksəkliyinin yaratdığı unikal şərait sayəsində layihənin ümumi gücünün gələcəkdə 600 MVt-a qədər çatdırılması potensialı mövcuddur. Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda ictimai binaların günəş panelləri ilə təchiz olunması, yolla­rın və küçələrin işıqlandırılmasında bərpaolunan mənbələri əsaslı ava­danlıqlardan istifadə, bununla yanaşı dayanacaqlarda və digər “yaşıl enerji” konseptləri də nəzərdə tutulur. Qazlaşmayan binalarda isə təbii ki, artıq istilik enerjisinin alınması üçün müəyyən qurğuların quraşdırılması və isti suyun əldə olunması üçün müəyyən yanaşmaların tətbiqi də planlaşdırılır. “Yaşıl enerji” zonasının yaradılma­sı ilə bağlı 2022–2026-cı illəri əhatə edən tədbirlər təkcə bərpaolunan enerjinin inkişafı ilə məhdudlaşmır, enerji keçidinin bütün komponentləri üzrə fəaliyyəti də əhatə edir. Bu çərçivədə azad olunan ərazilərdə ümumi gücü 636 KVt olan Arximed qurğusu, 200-dən çox fərdi yaşayış evində günəş kollektoru, 170-dən çox evdə günəş paneli, ictimai və sosial binalarda ümumi gücü 800 kVt-dan çox olan günəş enerjisi sistemləri, 2300-ə yaxın LED lampalarla təchiz olun­muş və günəş enerjisi əsaslı, enerji səmərəli işıq dirəkləri, “ağıllı” dayan­caqlar, elektrik doldurma məntəqələri quraşdırılıb.

2023-cü ildə “yaşıl enerji” ilə bağlı ilk Yaşıl Enerji Məşvərət Şurası keçirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tədbirlər reallaşdırılıb. Naxçıvandan Türkiyəyə elektrik enerjisinin ixracı istiqamətində də çox ciddi layihələrin icrasına başlanılıb.

Alternativ enerji mənbələrinin istifadəsi bu potensialın yüksək olduğu və ənənəvi yanacaq resurslarının çatışmadığı rayonlarda daha perspektivlidir. Azərbaycanda bu cür yerlər ucqar dağ kəndləri və dağlıq ərazilərdir. Azərbaycanın “Yaşıl enerji” strategiyasına keçidi enerji təhlükəsizliyinə verilən əvəzsiz töhvədir. Bütün bunlar onu göstərir ki, Azərbaycan nəinki xam neft, neft məhsulları və təbii qaz, eyni zamanda, elektrik enerjisinin böyük istehsalçısı və ixracatçısı olacaqdır. 2022-ci il dekabrın 17-də Rumıniyanın Buxarest şəhərində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Azərbaycanın bu sahədə potensialının realizə olunmasını və dünyanın enerji bazarında əhəmiyyətli rolunun daha da yüksəlməsini şərtləndirir. Belə ki, ölkəmizdə bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Qonşu ölkələrdə, ümumilikdə Avropa qitəsində isə elektrik enerjisinə böyük ehtiyac vardır. Məhz buna görədir ki, dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Heç şübhəsiz ki, ölkəmiz yaxın gələcəkdə yeni layihələrin başlanmasına start verəcək.

Azərbaycanın həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) Bakıda keçirildi. COP 29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərir. Bu, həmçinin Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyini ifadə edir.

                                                                                                      Nailə Tağızadə

2024-11-20 / 19:04
Facebook