COP29 - qlobal iqlim dəyişmələri ilə mübarizədə tarixi tədbir …

 

11-22 noyabr 2024-cü il tarixlərində dünyanın ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a də ev sahibliyi etməsi Azərbaycanın növbəti beynəlxalq qələbəsidir. Bu hadisə Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur.

Azərbaycanın qonaqpərvərliyi və yüksək səviyyədə təşkilatçılıq qabiliyyəti COP29 konfransının iştirakçıları tərəfindən xüsusi minnətdarlıqla qarşılandı. Beynəlxalq iştirakçıların - dövlət və hökumət başçılarının, tanınmış simaların və minlərlə qonağın Azərbaycanın təşkilatçılıq qabiliyyətini yüksək dəyərləndirməsi ölkəmizin həm təhlükəsizlik, həm də peşəkarlıq baxımından qlobal nüfuzunu göstərdi. Bu mötəbər tədbirə ev sahibliyi etməklə Azərbaycan qlobal problemlərin həllində fəal iştirakçı olduğunu və beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha sübut etdi. Dövlətimiz tədbirin hər bir detalı ilə bağlı yüksək peşəkarlıq nümayiş etdirərək, göstərilən etimadı layiqincə doğrultdu. Eyni zamanda aylardır ki, dövlətimizə qarşı həyata keçirilən bütün qarayaxma kompaniyaları nəticəsiz qaldı, ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində odu.

Qlobal səhnədə tez-tez iqlim liderləri kimi təsvir olunsalar da, Böyük Britaniya, ABŞ, Kanada, Norveç və Avstraliya  kimi ölkələr 2020-ci ildən bəri qlobal olaraq verilmiş bütün yeni neft və qaz lisenziyalarının üçdə ikisindən çoxuna (67%) cavabdehdir. Ancaq bununla belə, bəzi Qərb KİV-lərində bir sıra ölkələrdə, xüsusilə COP29-a ev sahibliyi edəcək Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizəyə dair beynəlxalq tədbirlərin, forumların və müzakirələrin keçirilməsinin guya məqsədəuyğun olmaması ilə bağlı sifarişli xəbərlər tirajlanır, Azərbaycanın qeyri-neft sektorundan asılılığın azaldılması istiqamətində reallaşdırdığı tədbirlər, alternativ enerji mənbələrinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər diqqətdən kənarda saxlanılırdı. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin “yaşıl” gündəliyin təbliği istiqamətində məqsədyönlü siyasəti, bu istiqamətdə reallaşan yorulmaz fəaliyyət müəyyən dairələri qıcıqlandırır.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycanın COP29-a evsahibliyi etməsinə qarşı qarayaxma kompaniyası aparan bəzi qərb dairələri erməni lobbisinin təsiri altındadır. Bunun nəticəsi idi ki, tədbir öncəsi və tədbir zamanı da ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlarla dolu xəbərlər tirajlandı. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarının işğalda qalmasına, talanmasına, bir milyona yaxın vətəndaşının qaçqın düşməsinə, dörd minə yaxın azərbaycanlının itkin düşməsinə, olmazın şiddətlərə, soyqırıma məruz qalmasına göz yuman Qərb dairələri, Azərbaycanın öz ərazi suverenliyini bərpa etməsi ilə barışa bilmir. Guya Qarabağ ermənilərinin hüquqlarını müdafiə etmək adı altında Azərbaycana qarşı çirkin kompaniya aparılır. Azərbaycan ilk gündən Qarabağda yaşayan ermənilərə öz əlini uzatdı, onların da Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi eyni hüquq və azadlıqlara sahib olacağını, Azərbaycan vətəndaşı olaraq hər bir imtiyaza sahib olacaqlarını bəyan etdi. Lakin yerli ermənilər erməni rəsmi dairələrinin hədə-qorxusu nəticəsində könüllü şəkildə Qarabağı tərk etdilər. Erməni rəsmi dairələri bunu əllərində bayraq tutaraq, həmişəki yazıq və məzlum obrazlarına bürünüb hər cür şər, böhtan yayaraq COP29-u boykot etməyə çağırışlar edirdilər. Lakin bir məqam da unudulmamalıdır ki, COP29 üçün öz namizədliyini irəli sürən Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkmişdi.

COP 29 kimi mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmiz ətraf mühitə vediyi önəmi, böyük mənada isə sağlam bir dünyanın gələcək nəsillərə ötürülməsinə biganə qalmadığını göstərdi. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək.

Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq.

COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.

COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.

Eyni zamanda, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.

Bakıda qəbul olunan bu qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi yaradacaq. Prezident İlham Əliyev bir daha bütün təzyiqləri, şayələri  dəf edərək Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübut etdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində oldu. Azərbaycan bir daha sübut etdi ki, o, qlobal əhəmiyyətə malik məsələlərin müzakirəsi üçün ideal platformadır. Azərbaycanın müasir infrastrukturu, təşkilatçılıq təcrübəsi və təhlükəsizlik baxımından təminatlı mühiti tədbirin uğurla keçməsinin əsas amillərdən biri oldu. Bu konfrans təkcə iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsi üçün deyil, həm də ölkələrin əməkdaşlıq etməsi üçün yeni körpülər qurmaq baxımından da əhəmiyyətli oldu. Bir sözlə, Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 həm təşkilatçılıq, həm iştirak, həm də əldə olunan nəticələrə görə tarixi tədbir oldu və iqlim dəyişikliyi ilə mübarizəyə önəmli töhfələri ilə yadda qalacaq. 

                                                                                                         Nailə Tağızadə

2024-11-26 / 18:33
Facebook