Azərbaycan BRICS sammitində …

 

Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir. Həyata keçirdiyi balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu ilə regional və qlobal təhlükəsizliyə mühüm töhfələr verən, dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan beynəlxalq və regional təşkilatlarda uğurla təmsil olunaraq etibarlı tərəfdaş imicini qazanıb. BMT, NATO, İƏT kimi dünya siyasətində söz sahibi olan təşkilatlarda respublikamızla əməkdaşlıq strateji prioritet kimi müəyyənləşdirilir. Bu mənada Azərbaycanın BRICS-lə əməkdaşlığı da milli və iqtisadi maraqlarımızdan doğur.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir. Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır. Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət də ünvanlayıb. Rəsmi Bakının qrupla əməkdaşlığı bir çox üstünlüklərə gətirib çıxaracaq. Bu, Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı ticarət həcmini artıracaq. Qrupa üzvlük Azərbaycana potensial iqtisadi fayda və beynəlxalq arenada dəstək təklif edə bilər. Eyni zamanda, Azərbaycan etibarlı tərəfdaş və arzuolunan üzvdür. BRICS-ə Cənubi Qafqazın ən böyük iqtisadi gücə malik dövlətinin qoşulması qrupun özü üçün də faydalıdır.  

BRICS-in təsir gücü inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq və iqtisadi böyümə üçün alternativ bir platforma yaratmaq məqsədindən qaynaqlanır. Təşkilat üzvləri xüsusilə qlobal qərarların qəbul edilməsində daha böyük rol oynamaq və beynəlxalq arenada ədalətli güc balansının təmin edilməsini təşviq etmək məqsədini daşıyır. Qrup dünya əhalisinin 45%-ni təmsil edir və dünya neft ehtiyatlarına mühüm təsir göstərərək dünya iqtisadi istehsalının 28% - nə nəzarət edir. BRİCS üzvləri prioritetləri müəyyən etmək, mühüm iqtisadi və siyasi qərarlar qəbul etmək üçün hər il toplanır. Prezident İlham Əliyevin 22-24 oktyabr tarixlərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirakı və çıxışı mühüm əhəmiyyət kəsb edir.

Sammitdə çıxışı zamanı Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarı olduğunu vurğulayan Prezident İlham Əliyev bunun 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirildiyini bildirdi. Bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Dövlət başçısı həmin təcrübənin bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək etdiyini qeyd etdi. Dövlət başçısı çıxışında iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektoru ilə bağlı investisiyaların artırılması, “yaşıl enerji” təşəbbüsləri və texnoloji innovasiyaların inkişaf etdirilməsi məsələlərini vurğuladı. Azərbaycan Prezidenti, BRICS+ çərçivəsində iqtisadi və siyasi məsələlərin müzakirə olunmasının, həmçinin iştirakçı ölkələr arasında dostluq və işbirliyinin güclənməsinin vacib olduğunu bildirdi. Prezident İlham Əliyev qlobal təhlükəsizlik və enerji təminatı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və digər aktual məsələlərə də toxunaraq, bu problemlərin müzakirəsi üçün BRICS+ platformasının əhəmiyyətini vurğuladı və iştirakçı ölkələri birgə fəaliyyət göstərməyə dəvət etdi.

Sammiti bizim üçün önəmli edən digər amil isə oktyabrın 24-də Kazanda Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün baş tutması oldu. Sammit çərçivəsində ikitərəfli dialoq yolu ilə çox ciddi addımların atılmasının şahidi olduq. Görüşdə ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişinin, sərhədlərin delimitasiyası və demarkasiyası, qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi sülh müqaviləsinə doğru mühüm addımdır.  Görüşdə hər iki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verildi. Bu görüş Azərbaycanla Ermənistan arasında heç bir vasitəçiyə ehtiyac olmadığını, ikitərəfi danışıqların daha uğurlu və məhsuldar olduğunu bir daha göstərdi. Bu səbəbdəndir ki, Kazanda aparılan müzakirələrdən sonra sülh müqaviləsi ilə bağlı proseslərin müsbət məcraya doğru yönələcəyi ümidi getdikcə artmaqdadır. 

Sammit bir daha göstərdi ki, Azərbaycan milli maraqlarını qorumaq, geosiyasi rolunu artırmaq, özünü ən əlverişli təhlükəsizlik şəraiti ilə təmin etmək üçün bütün beynəlxalq platformaların imkanlarından faydalanır. Azərbaycanın BRICS-in fəaliyyətinə cəlb olunması ölkəmizə, ilk növbədə, dünya siyasətində qlobal tendensiyalardan kənarda qalmamağa imkan verir, həmçinin Avropa və Asiya arasında mühüm nəqliyyat–tranzit qovşağı olan Azərbaycanın əhəmiyyətini daha da artırır, eləcə də ölkəmizin potensial imkanlarından daha səmərəli istifadəyə imkan yaradır. Mühüm geostrateji mövqedə yerləşən ölkəmiz balanslaşdırılmış siyasət yürütməli, beynəlxalq nizamın müxtəlif sistemlərindən yararlanmalıdır. Bu siyasi kurs Cənubi Qafqazda daha ədalətli və uzunmüddətli sülhün bərqərar olmasına töhfə verəcək. Bu baxımdan, BRICS – iqtisadi əməkdaşlıq və inkişaf üçün strateji tərəfdaşlığın yeni istiqamətidir. Dünyada baş verən geosiyasi dəyişikliklər deməyə əsas verir ki, BRICS yaxın gələcəkdə  beynəlxalq arenada daha vacib rol oynayacaq və təşkilatın coğrafiyası daha da genişlənəcək.

                                                                                                          Nailə Tağızadə

2024-10-29 / 18:21
Facebook