Türk dünyasının ən qiymətli kitablarından biri - Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyi UNESCO çərçivəsində qeyd olunub.
UNESCO-nun mənzil-qərargahında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın UNESCO üzrə Milli komissiyalarının təşəbbüsü və Türk Mədəniyyəti və İrsi Fondu, eləcə də UNESCO yanında Daimi Nümayəndəliklərin birgə təşkilatçılığı ilə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans uğurla başa çatıb.
Beynəlxalq konfransa Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev moderatorluq edib. O, bu gün türkdilli dünyanın zəngin dil və mədəni irsinin sübutu, şah əsəri olan Mahmud Kaşğari yaradıcılığının əbədi irsinin qeyd edildiyini bildirib: “Bu qərar bəşəriyyətin ortaq irsinin bir hissəsi kimi belə mədəni sərvətlərin qorunmasının vacibliyini vurğulayır, UNESCO-nun dünyada dil və mədəni kimlikləri qeyd edən və qoruyan təşəbbüsləri dəstəkləməyə sadiqliyini nümayiş etdirir”, - deyə daimi nümayəndə qeyd edib.
Konfrans Mahmud Kaşğarinin XI əsrdə yaratdığı monumental əsərinin əhəmiyyətini yenidən araşdırmaq, onun müasir dövr üçün aktuallığını vurğulamaq və bu irsin gələcək nəsillərə ötürülməsi üçün yeni təşəbbüslər irəli sürmək kimi məqsədlərini geniş auditoriyaya çatdırıb.
Açılışda çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ortaq Türk mədəni irsinin ən qiymətli əsərlərindən olan “Divanü lüğat-it türk”ün 950 illik yubileyinin 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunmasının böyük əhəmiyyət kəsb etdiyindən, bu şah əsərin tarixi mahiyyəti və hazırda mədəniyyətlərarası dialoqda oynadığı rolundan söz açıb.
UNESCO Baş direktorunun Prioritet Afrika və Xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko konfrans iştirakçılarını salamlayıb. O, Mahmud Kaşğarinin bu əsərinin təkcə Türk dünyası deyil, həm də qlobal mədəni irs üçün böyük əhəmiyyətini vurğulayıb, “Divanü Lüğat-it-Türk”ü türk xalqlarının tarixini əks etdirən ensiklopediya adlandırıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru dosent Vəfa Abdullayeva-Nəbiyeva “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda tədqiqi, Azərbaycan dilinə tərcüməsi və nəşri haqqında ətraflı məlumat veriblər.
Azərbaycan nümayəndə heyətinin üzvləri çıxışlarında Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!” kəlamını xatırladaraq, bugünkü beynəlxalq konfransın məhz bu fikrin davamı olduğunu diqqətə çatdırıblar.
Bununla yanaşı, tədbir çərçivəsində orijinalı İstanbulda Ali Emiri Efendi kitabxanasında saxlanılan “Divanü lüğat-it türk”ün xüsusi hazırlanmış replikası, eləcə də əsərin tarixini və Mahmud Kaşğariyə dair məlumatları özündə əks etdirən stendlər nümayiş olunub.
Qeyd edək ki, UNESCO-nun 42-ci Baş Konfransında leksikoqraf və filoloq Mahmud Kaşğarinin (1074-cü il) yazdığı “Divanü Lüğat-it-Türk” (Türk ləhcələri və dilləri məcmuəsi) əsərinin 950 illiyini 2024-2025-ci illər üçün UNESCO ilə əlaqəli ildönümlər siyahısına daxil edilib. Bu qərar Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın birgə təklifi əsasında Macarıstan, Mavritaniya, Mərakeş, Qətər və Tacikistanın dəstəyi ilə qəbul olunub.
Konfrans Türk dövlətlərinin UNESCO yanında milli komissiyalarının, eləcə də daimi nümayəndəliklərinin dəstəyi ilə həyata keçirilib.
Tədbirdə Türk dövlətlərinin Fransada akkreditə olunmuş səfirləri, UNESCO üzrə Milli Komissiyaların Baş katibləri və UNESCO yanında daimi nümayəndələri, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Macarıstan və digər ölkələrdən olan görkəmli alimlər, beynəlxalq qurumların nümayəndələri, eləcə də Türk dünyasının tanınmış ziyalıları iştirak və çıxış ediblər.
Konfransın sonunda UNESCO yanında daimi nümayəndə E.Abdullayev yekun çıxış edərək, “Divanü Lüğat-it-Türk”ün linqvistik şedevrdən qat-qat artıq, mədəniyyətləri, dilləri və tarixi birləşdirən körpü olduğunu bildirib.
Sonda UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi ilə nəşr edilmiş “Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” kitabının təqdimatı olub.