Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar yaradılıb və seçkilər keçirilib. Təşkilat 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların, sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.
Qərbi Azərbaycan İcması məhz vaxtilə Qarabağın məcburi köçkünlər icmasına məxsus binada yerləşir. 24 dekabr 2022-ci il tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü baş tutmuşdu. İcmanın bu binada yerləşməsi və Prezidentin görüşünün də həmin məkanda keçirilməsi rəmzi məna daşıyırdı. Bununla bağlı gələcək perspektivləri yüksək dəyərləndirən dövlətimizin başçısı vurğulamışdı ki: “Burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.
Dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrlərdə Qarabağın işğalı sanki Qərbi Azərbaycanla bağlı məsələlərin bir qədər kölgədə qalmasına gətirib çıxardı. Halbuki, tarixə nəzər salsaq, XX əsr boyunca – 1905, 1918-1920-ci, 1948-1953-cü illərdə və 1980-ci illərin sonlarında Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının deportasiyası və doğma yurdlarından qovulması Qarabağın və digər ərazilərimizin işğalına hazırlıq mərhələləri olmuşdur. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Ad dəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib. Deportasiyadan sonra atılan bu addımlar azərbaycanlıların izlərini tamamilə silmək məqsədi daşıyırdı. Bütün bu proseslərin gedişində beynəlxalq aləm xalqımızın üzləşdiyi bu cinayətlərə ikili standartlarla yanaşaraq biganə qalmışdır.
Möhtəşəm Zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Prezident İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır. Ölkə Prezidentinin təşəbbüsü və birbaşa nəzarəti altında Qarabağda və Ermənistan ərazisində tarixi Azərbaycan toponimlərinin əsil adlarının göstərildiyi xəritələrin hazırlanması, yeni dərsliklərin tərtib olunması, real tarixi faktların yetişən nəsillərə ötürülməsi, beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi bu fəaliyyətin əsas istiqamətləridir. İlham Əliyev Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını vermişdir.
26 yanvar 2023-cü il tarixində Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – QAYIDIŞ KONSEPSİYASI qəbul edildi. Bu Konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans qaçqınların geri qayıdışı mövzusunda təcrübə mübadiləsi və dünya ictimaiyyətinin diqqətini bu mövzuya cəlb etmək üçün əhəmiyyətli platformadır. 5-6 dekabr 2024-cü il tarixində baş tutan II beynəlxalq konfransda 51 ölkədən 200-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdiyi konfransda müxtəlif panel sessiyaları keçirildi.
“Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış”, “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri”, “Beynəlxalq vəkillik və diplomatiyanın rolu”, “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması”, “Mədəni irsin qorunması və bərpası” adlı panel sessiyalarında qonaqlar mühüm müzakirələr aparıblar.
Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətdə 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüzminlərlə azərbaycanlının dədə-baba yurdunu tərk edərək Azərbaycana sığındığı vurğulanıb: “Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilib”. Dövlət başçısı müraciətində ölkə ərazisindəki azərbaycanlılara aid tarixi-mədəni abidələrin dağılmasına işarə edilərək, Ermənistanın Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışdığını da qeyd edib: “Ermənistan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi - tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb, UNESCO tərəfindən ümumbəşəri mədəni dəyər kimi tanınan Azərbaycan aşıq sənətinə ciddi zərər vurub”.
Dövlət başçısı onu da bildirib ki, Ermənistan Qərbi Azərbaycan icmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. O, icmanın məqsədinin Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarının dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarət olduğunu vurğulayıb.
Prezident Ermənistan hakimiyyətini hüquqları tapdanan vətəndaşları, Qərbi azərbaycanlılarla dialoq aparmağa çağırıb. O, bunun üçün rəsmi İrəvanın aşağıdakı şərtlərə əməl etməsini irəli sürüb: Ermənistan İcma ilə danışıqlara başlamalı, Qərbi azərbaycanlıların fundamental hüquqlarının bərpa edilməsi istiqamətində praktik addımlar atılmalı, Azərbaycan xalqının Ermənistandakı tarixi-mədəni irsinin dağıdılması, təhrif edilməsi ilə bağlı vəziyyətin monitorinqi məqsədilə UNESCO-nun faktların araşdırılması missiyasının səfərinə icazə verməli və bu sahədə əməkdaşlıq etməlidir.
6 dekabr tarixində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edildi. Konfransın yekun sənədini Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreybanın oxuması da Qərbi Azərbaycan türklərinin pozulmuş hüquqlarının bərpasının tədricən beynəlxalq mahiyyət daşıdığını təsdiqləyir.
Sənəddə iştirakçılar vurğulayıb ki, repatriasiya - qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunmuş və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd ediblər.
İştirakçılar Ermənistandan zorla qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıqlarını bildiriblər. Onlar Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırıblar.
Qərbi Azərbaycan türklərinin vətəndaşlıq və mülkiyyət hüquqlarının bərpasının təmini Cənubi Qafqazda ümumi rifaha və sabitliyə səbəb ola bilər. Bu, həmçinin yeni erməni cəmiyyətinin yaranmasına da stimul olar, Ermənistan cəmiyyətinin Azərbaycan və Türkiyəyə baxışını dəyişə bilər. Qeyd edək ki, bir müddətdir Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın yeni tarix dərsliyinin yazılmasını gündəliyə gətirib. O, həmçinin Ağrı dağın, Qarabağın Ermənistana aid olmadığını söyləyib. Bununla Baş nazir reallıqları qəbul etdiklərini birbaşa və dolayı yolla açıqlayır. Bu baxımdan, Qərbi Azərbaycan məsələsi də bir həqiqətdir.
Dövlət başçısının qarşıya qoyduğu hədəfə nail olmaq üçün millət olaraq yenə yumruq şəklində birləşərək ideoloji, siyasi mübarizəmizi aparmalıyıq. Ermənilər vandalizm törədərək Qərbi Azərbaycandakı tarixi, dini, mədəni abidlərimizi dağıdıblar, lakin müxtəlif faktlar - sənədlər, xəritələr qalmaqdadır. Qərbi Azərbaycanın elmi irsi araşdırılmalı, mədəniyyətini dünyaya tanıtmaq üçün fəal işlər görülməlidir. Bunun üçün hər kəs bacardığı işi layiqincə yerinə yetirməlidir, gənc nəslin tarixi yaddaşı gücləndirilməlidir. Qərbi Azərbaycandan olan ziyalılar Zəngəzurun, İrəvanın Azərbaycan ərazisi olduğunu bütün dünyaya çatdırmaq üçün əllərindən gələni etməlidirlər. Bu, Prezidentin ziyalılar qarşısında qoyduğu tapşırıqdır. Beynəlxalq ictimaiyyət isə zorla öz yurdlarından çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun təmin olunması məsələsinə daha həssas yanaşmalı, regionda davamlı sülhün qurulması üçün bu hüququn həyata keçirilməsinə dəstək verməlidir.
Nailə Tağızadə …