Qarabağa dönüş …

 

Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. Forumda dünyanın 30 ölkəsindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloqlar iştirak edib. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olundu, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparıldı. Forum ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqların fonunda Azərbaycanın gələcəyə dair strateji konsepsiyasının təhlili baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlət başçısı İlham Əliyev Forumda 30 il düşmən tapdağı altında qalan torpaqlarımızda son üç ildə aparılan bərpa-quruculuq işlərindən danışaraq qeyd etdi ki, keçmiş məcburi köçkünlərə maksimal həyat şəraitini yaratmaq üçün əlimizdən gələni etməyə çalışırıq. Prezident xüsusi vurğuladı ki, ən yaxşı memarlıq təcrübəsinə əsaslanaraq, ən yaxşı texnologiyalardan irəli gələrək, yaşıl texnologiyaları tətbiq etməklə və həmçinin ən yaxşı şəraitləri yaratmaqla bərpa işlərini mümkün qədər tezləşdirmək üçün səy göstərilir. Dövlət başçısı, həmçinin çıxışında Qarabağda əsas maneənin basdırılmış minalar olduğunu qeyd etdi. İlham Əliyev bunun üçün maliyyə ehtiyatlarımızın səfərbər edildiyini vurğuladı. Prezident Qarabağın dirçəldilməsinin ən mühüm prioritet olduğunu bird aha bəyan etdi.

Prezident qanunsuz erməni silahlı birləşmələrinin və separatçı siyasi rejimin Qarabağdan çıxarılması ilə sülh yolunda dayanan ən son maneənin aradan qaldırıldığını vurğuladı. Dövlət başçısı Azərbaycanın Ermənistanla sülh gündəliyinə hazır olduğunu yenə də bəyan etdi. Eyni zamanda açıq formada bildirdi ki, əgər Ermənistan tərəfindən Azərbaycana münasibətdə hər hansı formada təhdid müşahidə olunarsa, Azərbaycan beynəlxalq normaları rəhbər tutaraq bu təhlükələri aradan qaldırmaqda qətiyyətlidir. Bu, əslində Ermənistana “aglını başına toplamaqla” bağlı verilən mesaj idi. Təəssüf ki, Ermənistan son dövrlər sülh deyil, daha çox revanşist bəyanatlarla çıxış etməyə üstünlük verir. Bir çox Qərb dairələrinin Ermənistanda revanş ritorikasına dəstək verməsi, Ermənistanı yeni münaqişəyə təşviq etməsi, həmçinin İrəvanın sürətlə silahlandırılması Ermənistanın sülh  prosesinə nə dərəcədə “yaxın” olmasından xəbər verir. “Fransa və Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqala yanacaq tökürlər və Ermənistanda qeyri-real fikir formalaşdırırlar” söyləyən dövlətimizin başçısı onu da əlavə etdi ki, Ermənistan fikirləşə bilər ki, həmin silahları istifadə etməklə yenidən Dağlıq Qarabağı işğal edə bilər: “Mən hələ o silahların keyfiyyəti haqqında danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi insanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibəsindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min fərarisi olub. Yəni, onlar Azərbaycan qarşısında tab gətirə bilməzlər.”

Sülh prosesinin təşəbbüskarının məhz Azərbaycan olduğunu diqqətə çatdıran dövlət başçısı gələcək sülh müqaviləsinin ana prinsiplərindən, Azərbaycanın Ermənistana beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini təklif etməsindən, iki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalq ekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmasının vacibliyindən bəhs etdi. Eyni zamanda, Prezident forumdakı çıxışında Ermənistan ilə gələcək münasibətlərimizə dair önəmli açıqlama verdi, İrəvandakı revanşist qüvvələrə açıq mesaj göndərdi: “Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər”. Dövlətimizin başçısı bir daha vurğuladı ki, Ermənistan xilası və inkişafı, digər böyük qardaşı kənarda axtarmamalıdır. İrəvan regional əməkdaşlığa imkan verən siyasət aparmaqla buna nail ola bilər.

Azərbaycanın xarici siyasət kursu ilə bağlı vacib bəyanatlarla çıxış edən dövlət başçısı xarici ekspertlərin suallarını cavablandırarkən bəyan etdi ki, Azərbaycan xarici siyasət konsepsiyasında Avropa İttifaqının (Aİ) üzvü olmağı hədəfləmir. Prezident bu kursu çox sadə şəkildə izah edərək dedi: “Bu, çox praqmatik yanaşmadır, çünki bizi heç vaxt qəbul etməyəcəklər. Bunun səbəbi də bəllidir. Yəni, Azərbaycanı oraya qəbul etməyəcəklərsə, biz nədən o qapını döyək və ev yiyəsini nəyə görə narahat edək? Eyni zamanda, özümüzü niyə bir növ biabır edək. Biz bunu hədəfləmirik, biz əməkdaşlıq qurmağın, əlaqələr qurmağın yolunu tapmışıq”.

Azərbaycan BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edib. Bu, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan suveren hüququdur. Günümüzün əsas çağırışı regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Bunun üçün Azərbaycanın bu təklifini dəstəkləyən Ermənistan, həmçinin digər ölkələr bəyanatlardan real addımlara keçməlidirlər. Dövlət başçısı İlham Əliyev Forumda belə bir çağırışı da etdi ki, biz artıq Azərbaycanın ərazi bütövlüyünün bəyanatlarla deyil, imza ilə təsdiqlənməsini gözləyirik. İlham Əliyev dekabrın 6-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenlə görüşündə də bir daha vurğuladı ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev bildirdi ki, münaqişə başa çatandan və Azərbaycan suverenliyini tam şəkildə bərpa edəndən sonra sülhün bərqərar olunması üçün tarixi imkanlar yaranıb və ABŞ da yeni reallıqlar nəzərə alınaraq bu prosesə öz töhfəsini verə bilər.

Bu gün Azərbaycan tarixi ədaləti bərpa edib. Ermənistan bu reallığı qəbul etməli, hansısa vasitəçilərin yalan vədlərinə inanmamalı, sülh prosesinin reallaşması üçün səy göstərməlidir. Azərbaycanla sülh Ermənistana ancaq yaxşı perspektiv və əmin-amanlıq vəd edir. Ordusu fərarilik edən Ermənistan “cəsarətlə” revanşdan danışa bilməz. Revanşist hisslərlə yaşayan, vaxtaşırı baş qaldırmağa çalışan erməni cəmiyyəti və hakim dairələri bilməlidir ki: Dəmir yumruq yerindədir!

                                                                                                           Nailə Tağızadə

2023-12-07 / 17:54
Facebook