Ötən həftə Bakı növbəti dəfə mötəbər bir tədbirə ev sahibliyi etdi. 24-28 noyabr 2023-cü il tarixlərində məhz Azərbaycanın təşəbbüsü ilə ilk dəfə SPECA-ya üzv dövlətlərin Zirvə görüşü baş tutdu. Ona görə də builki toplantı digərlərindən fərqlənir və tarixi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) proqramı koordinasiya edir və həyata keçirilən fəaliyyətlərə birgə dəstək verir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, ölkələrin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmaların təşviqidir. SPECA-nın ildə bir dəfə Rəhbər Şurasının iclası, bir dəfə də İqtisadi Forumu keçirilir. Proqram çərçivəsində “Su, enerji və ətraf mühit”, “Statistika”, “Dayanıqlı nəqliyyat, tranzit və əlaqəlilik”, “Elmə əsaslanan inkişaf”, “Ticarət”, “Gender və dayanıqlı inkişaf məqsədləri” işçi qrupları fəaliyyət göstərir. Azərbaycan bütün işçi qruplarında iştirak edir. Yəni ümumi desək, proqramın işi bir növ BMT-nın sosial-iqtisadi məqsədlərinin Mərkəzi Asiya ölkələri üzrə daha effektiv reallaşmasına kömək etməkdir. Ölkəmiz ən son 2016-cı ildə SPECA-ya sədrlik edib, indi də sədrlik ölkəmizdədir.
Tədbirə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla yanaşı, Prezident İlham Əliyevin dəvəti ilə Gürcüstanın və Macarıstanın baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi qonaq qismində dəvət olunmuşdular. Azərbaycanın bu təşəbbüsü yeni və daha geniş iqtisadi əməkdaşlıq formatının yaranmasına imkan yaradacaq. Zirvə görüşündə çıxışında Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, SPECA yarananda müstəqilliyinə yeni nail olmuş üzv ölkələrin qarşısında həllini gözləyən bir çox ağır problemlər, çağırışlar durmuşdu. Lakin ötən illər ərzində bu ölkələr həmin problemləri həll etmiş, dövlət suverenliklərini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən xeyli inkişaf etmişlər. Bu dövlətlər müstəqil siyasət yürüdürlər və bu siyasətin prioritetlərini yalnız öz ölkələrinin milli maraqları əsasında müəyyənləşdirirlər. Daha bir vacib amil təşkilata üzv ölkələrdə ictimai-siyasi sabitliyin hökm sürməsidir. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət aldığı halda, həm Azərbaycanda, həm də Mərkəzi Asiya ölkələrində sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf və quruculuq prosesləri uğurla gedir. Bu isə əlbəttə ki, ölkələrimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edən önəmli məqamdır. Dövlət başçısı qonşu Ermənistanın timsalında dünyada asılı, özünü daha böyük dövlətlərin marionetinə çevirən ölkələrin də az olmadığını diqqətə çatdırdı. Əlbəttə ki, belə ölkələrə heç bir halda müstəqil demək olmaz. Belə dövlətlərin siyasəti xalqlarının iradəsinə əsaslanmır və onların taleyi xarici sponsorların əlindədir. Necə ki, Ermənistanın da siyasəti hazırda Fransa tərəfindən müəyyən edilir və yönləndirilir.
Dövlət başçısının çıxışında bir daha aydın oldu ki, Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr məkanı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü deyir. Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan investisiya cəbediciliyini qorumaqla yanaşı, sərmayə yatıran ölkə kimi də nüfuz qazanır. Diqqətə çatdırıldı ki, son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
Azərbaycanın öz torpaqlarını erməni işğalçılarından təmizləyərək ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib. Azərbaycan irəli sürdüyü təşəbbüslərlə, reallığa çevirdiyi enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır.
Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərimizdə aparılan işlər barədə sammit iştirakçılarını məlumatlandıraraq bildirdi ki, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Artıq keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Böyük bir ərazidə sıfırdan yeni şəhər və kəndlərin inşası əlbəttə ki, böyük resurslar tələb edən işdir. Bütün bunlar isə, ilk növbədə Azərbaycanın iqtisadi gücünün göstəricisidir
Zirvə görüşü vacib məsələlərin müzakirəsi ilə yadda qaldı. Belə ki, Azərbaycanın sədr olaraq uğurlu idarəetməyə verdiyi töhfə Birləşmiş Millətlər Təşkilatı tərəfindən yüksək qiymətləndirilərək, Təşkilatın Baş Assambleyası tərəfindən qətnamə qəbul edildi. Bu qətnamə ilə yanaşı SPECA-nın da BMT-nin himayəsi altında Etimad Fondu təsis olundu və humanitar təşəbbüslərin məkanı olan rəsmi Bakı SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları ayıracağını bildirməklə, növbəti dəfə əməkdaşlıq münasibətlərinə verdiyi dəyəri nümayiş etdirdi.
Noyabrın 22-dən 25-dək BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində "SPECA Ölkələri Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq" adlı sərgi keçirilib. Azərbaycanın xüsusi təşəbbüsü ilə SPECA-nın yaradılmasının 25 illiyinə həsr edilən sərginin açılışında Prezident İlham Əliyev iştirak edib. SPECA üzvü olan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Azərbaycan stendlərinin yer aldığı sərgidə tibb, sənaye, qida, tekstil, kənd təsərrüfatı və texnoloji sistemlərə dair məhsullar təqdim olunub. Sərgidəki Azərbaycan Milli Stendi iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar, nəqliyyat infrastrukturu və tranzit, energetika, turizm, işğaldan azad olunmuş ərazilərin bərpası və inkişafı kimi istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsini də əhatə edib.
Avropa ilə Şərq arasında önəmli nəqliyyat dəhlizlərinin keçdiyi Azərbaycanın SPECA kimi bir platformada iştirak etməsi və verdiyi imkanlardan istifadə ölkəmiz üçün olduqca faydalıdır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Proqramın üzvü olan Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Başqa sözlə, ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimal ilə Cənubun kəsişməsində yerləşməsi ona əlverişli tranzit imkanları yaradır. SPECA-nın fəaliyyətinin aktivləşməsi Orta Dəhlizin önəmli parçası olan Azərbaycanın da maraqlarına tam cavab verir.
Nailə Tağızadə