Azərbaycanın yerləşdiyi Qafqaz regionu geostrateji mövqe baxımından yeni dünya nizamında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müasir dövrdə Cənubi Qafqazın lider dövləti kimi çıxış edir. Bu isə əsaslı olaraq müəyyən öhdəliklərin yerinə yetirilməsini, qonşu dövlətlərlə düzgün və vəziyyətə uyğun olaraq atılan çevik xarici siyasət xəttinin həyata keçirilməsini tələb edir. Bu baxımdan biz öz siyasi dəsti-xəttimizi elə qururuq ki, daxili müstəqilliyimizin təmini ilə yanaşı, qonşu dövlətlərlə də məqsədyönlü və qarşılıqlı əməkdaşlığa imkan verən əlaqələr yaradılsın. Bu gün qlobal siyasi arenada tanınmaq istəyən və maraqlarının təmininə çalışan dövlət qonşuları və region dövlətləri ilə əlaqələrdən təcrid olunmamalı, qarşılıqlı anlaşmaya, dialoqa əsaslanan siyasət həyata keçirməlidir. Bu şərtlər daxilində düzgün bir xarici siyasətin həyata keçirilməsi Azərbaycanın nüfuzu baxımından çox önəmlidir.
Azərbaycan şimalda ən böyük əraziyə malik, beynəlxalq güc kimi qəbul olunan, həmçinin regional proseslərin mərkəzində dayanan Rusiya Federasiyası ilə qonşudur. Azərbaycanın Rusiya ilə əlaqələrini xarakterizə edərkən qeyd etmək olar ki, bu əlaqələrin əsası strateji tərəfdaşlığa və qarşılıqlı təsirə dayanır. Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər 1992-ci ilin aprelin 4-də qurulub. Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb. Bununla da tarixən davam edən Azərbaycan-rus əlaqələri dövlətlərarası münasibətlər səviyyəsinə yüksəldi və Rusiya ilə münasibətlərin yeni dövrü başlandı. 2005-ci ildə Rusiyada “Azərbaycan ili”, 2006-cı ildə isə Azərbaycanda “Rusiya ili” çərçivəsində ümumilikdə 110 tədbir keçirilib.
Rusiya Federasiyası ilə bütün səviyyələrdə tərəfdaşlıq mövcuddur. Bu, hər iki tərəf arasında münasibətlərin bütün kompleksini əhat edir. İqtisadi sahədə Azərbaycanın tərəfdaş olduğu dövlətər siyahısında Rusiya əsas yeri tutur. Azərbaycana idxalın həcminə görə Rusiya birinci yerdədir. Rusiya ilk növbədə, bizim kənd təsərrüfatı məhsulları üçün çox mühüm bazardır. Bu əlaqələr yalnız dövlətlər səviyyəsində deyil, eyni zamnda regional mərkəzlər arasında da həyata keçirilir. Belə ki, Rusiyanın 70-dən artıq regionu Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanla Şimali Qafqaz federal dairəsi arasında ticarət dövriyyəsinin 80 faizdən çoxu Dağıstanın payına düşür. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olub və olmaqdadır. MDB ölkələri ilə ticarət dövriyyəmizin 50 faizdən çoxu Rusiyanın payına düşür.
Siyasi sahədə dövlət başçıları timsalında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur və mütəmadi qarşılıqlı səfərlər həyata keçirilir. Azərbaycan və Rusiya beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü kimi təsdiqlənməsində BMT TŞ-nın daimi üzvlərindən biri olan Rusiya Federasiyası aktiv dəstək olmuşdur. Son illər ərzində qarşılıqlı əməkdaşlıq, strateji tərəfdaşlıq zəminində hər iki tərəf üçün mühüm olan bir sıra məsələlərin həllində qarşılıqlı razılığa, birgə anlaşmaya əsaslanan və hər iki tərəfin xeyrinə olan yolları tapmaq mümkün olmuşdur. Belə ki, Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll olunub, Xəzərin statusu ilə bağlı mövqelərin yaxınlaşması prosesi faktiki olaraq həll olunmuşdur. Bu isə bütün Xəzəryanı ölkələr arasında konsensusun əldə olunmasına təkan verə biləcək mühüm amil ola bilər. 2022-ci il 22 fevral tarixində Moskvada Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” isə iki dövlət arasındakı strateji tərəfdaşlığın ən yüksək zirvəsi hesab olunur.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanladığı məktubda Rusiya-Azərbaycan əlaqələrinin inkişafı üçün ötən onilliklər ərzində bir çox işlərə nail olunduğu vurğulanıb. Məktubda qeyd olunub ki: “Bu il mühüm nailiyyətlə - Rusiya və Azərbaycan arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə əlamətdardır. Əminəm ki, ikitərəfli münasibətlərin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması xalqlarımızın təməl maraqlarına uyğun gəlir”.
Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı təbrik məktubunda isə qeyd olunur: “Bu gün fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıqla səciyyəvi olan dövlətlərarası əlaqələrimiz böyük məmnunluq doğurur. Qarşılıqlı ticarətin və investisiyaların davamlı artımı, sanballı müqavilə-hüquq bazası, müxtəlif sahələrdə birgə layihələrin və təşəbbüslərin səmərəli reallaşdırılması ikitərəfli münasibətlərin dinamik inkişafına parlaq sübutdur.
Xüsusilə sevindirici haldır ki, diplomatik münasibətlərin qurulmasının budəfəki yubiley ili Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə eyni vaxta düşüb. Bu mühüm sənəddə 30 illik dövrdə dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni, ən yüksək səviyyəyə çatması təsbit olunub”.
Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu il dönümü ilə bağlı paylaşımında bildirilir ki, "Bu münasibətlər Rusiya Federasiyasının xalqına və hökumətinə xoş arzularımızı çatdırır, strateji əlaqələrin inkişafını gözləyirik". Rusiya Xarici İşlər Nazirliyinin "Twitter" hesabında da oxşar paylaşım edib. Rusiya XİN Azərbaycanı mühüm strateji tərəfdaş adlandırıb. Paylaşımda qeyd olunub ki, iki ölkə arasında münasibətlər bərabərlik və qonşuluq prinsiplərinə, qədim dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.
Son illər Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələr yeni inkişaf mərhələsinə daxil olub. Bu əlaqələrin genişlənməsində Azərbaycanın tərəqqisi, mədəniyyətinin inkişafı və tarixinin tanıdılması istiqamətində misilsiz fəaliyyət göstərən Heydər Əliyev Fondunun rolu danılmazdır. Məhz yarandığı andan etibarən Fondun məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır. Ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir. Fondun Rusiya nümayəndəliyi bu baxımdan daha qabarıq hiss olunur. Nümayəndəliyin rəhbəri, Fondun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın zəngin və qədim tarixinin, milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının Rusiyada təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində bütün lazımi tədbirləri həyata keçirir. Fondun məqsədyönlü fəaliyyəti nəticəsində Rusiya ilə Azərbaycan arasında mədəni dialoq genişlənmişdir. 2007-ci ilin dekabrında Leyla Əliyevanın baş redaktorluğu ilə nəşrə başlayan "Bakı" jurnalı da Azərbaycanın və onun paytaxtının təbliği baxımından xüsusi əhəmiyyətə malikdir. Rusiyalı oxucular bu nəşr vasitəsilə ölkəmiz barədə daha dolğun məlumatları əldə etmək imkanını qazanırlar. 2009-cu il aprelin 18-də Moskva şəhərində Leyla Əliyevanın sədrliyi ilə Rusiya Azərbaycan Gənclər Təşkilatı (AMOR) təsis edilmişdir. Bu təşkilat qarşılıqlı etimada əsaslanan münasibətləri daha da möhkəmlətmək, dialoq üçün əlverişli platforma yaratmaqla iki ölkə arasında qarşılıqlı inteqrasiya proseslərini gücləndirmək istəyindən çıxış edir. Təşkilat Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında mühüm işlərə imza atmışdır. RAGT-nin 70-dən çox regional bölməsi fəal iş aparır. Azərbaycan və rus gənclərinin sıx birləşməsində "AMOR" jurnalı, habelə təşkilatın saytı xüsusi rol oynayır. Moskvada “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti sərgisi”nin açılışı (4 fevral 2013), “Təhsilə dəstək” layihəsi çərçivəsində Rusiyada bir sıra məktəblərin yenidən qurulması və əsaslı təmir olunması, Həştərxanda “Dostluq” körpüsünün salınması, yeni bağça və məktəblərin istifadəyə verilməsi və s. tədbirlər Fondun Rusiyada reallaşdırdığı çoxşaxəli fəaliyyətin bir hissəsi idi. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeninin təqdim edilməsi böyük miqyaslı işlərə verilən qiymətdir. Həmçinin Fondun vitse –prezidenti Leyla Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görə” medallarına, habelə III dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülüb. 2015-ci il noyabrın 4-də Kreml sarayının Georgiyevski zalında Rusiya Prezidenti Vladimir Putin tərəfindən sülhün, dostluğun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmlənməsində xüsusi xidmətlərinə görə Leyla Əliyevaya “Puşkin” medalı təqdim olunub.
Bu gün Rusiyanın ali məktəblərində minlərlə azərbaycanlı tələbə təhsil alır. Bir çox Rusiya universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Hal-hazırda Azərbaycanda təhsilin rus dilində olduğu 300-dən çox məktəb, Bakı Slavyan Universiteti, 2009-cu ildən etibarən Lomonosov adına MDU-nun Bakı filialı fəaliyyət göstərir. 2015-ci ildən Bakıda İ.M.Seçenov adına Moskva Birinci Dövlət Tibb Universitetinin ilk xarici filialı öz qapılarını tələbələrin üzünə açıb. 2009-cu ildə Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) açılışı olmuşdur. Açılış mərasimində iştirak edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Azərbaycanın bütün sahələrdə əlaqələrinin inkişafından məmnunluğunu ifadə etmişdi. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin əsas vəzifəsi ictimaiyyəti rus və Rusiya Federasiyası xalqlarının tarixi və mədəniyyəti ilə yaxından tanış etmək, Azərbaycan təşkilatları ilə əlaqələr qurmaq və inkişaf etdirməkdir. Mərkəzdə zəngin kitabxana var, rus dili kursları, dərnəklər fəaliyyət göstərir, konfranslar, dəyirmi masalar, sərgilər, kitab təqdimatları keçirilir. Mərkəz xalqlar arasında mövcud olan qırılmaz mədəni əlaqələrin həm Rusiya, həm də Azərbaycanda nümayişinə çalışır. Mərkəzin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırladığı “Rusiya-Azərbaycan: musiqi paralelləri” adlı musiqi festivalı çox mühüm musiqi hadisəsidir. “Rusiya violonçel məktəbi” sərgisi Azərbaycan Dövlət Filarmoniyasında və Musiqi Mədəniyyəti Muzeyində nümayiş etdirilib. Bunlardan əlavə çoxsaylı mahnı və rəqs festivalları keçirilib. 2015-ci ildə Mərkəz Mədəniyyət və İncəsənət Universiteti ilə əməkdaşlıq çərçivəsində “Rusiya-Azərbaycan mədəni əlaqələrinin tarixi” adlı layihəyə imza atmışdır.
2010-cu ildə Prezident İlham Əliyevin və Rusiyanın o vaxtkı Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə Bakıda humanitar əməkdaşlıq üzrə birinci Azərbaycan-Rusiya Forumu keçirilmiş, sonradan bu forum beynəlxalq status almışdır. 2013-cü il aprelin 12-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Dünya Forumunun Bakıda təşkili, forumda bu institutun fəxri məzunu cənab İlham Əliyevin şəxsən iştirakı Rusiya ilə Azərbaycan arasında digər səviyyələrdə də dayanıqlı əlaqələrin mövcudluğundan xəbər verir.
2014-cü ildə Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı Azərbaycanda silsilə tədbirlər həyata keçirilib. Azərbaycan xalqının böyük rus mədəniyyətinə, ədəbiyyatına və incəsənətinə dərin hörmətinin rəmzi kimi, Bakının mərkəzində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinə abidə ucaldılıb. Bakıda rus dilində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı fəaliyyət göstərir.
Hazırda Azərbaycanda 120 mindən artıq rus yaşayır. Tolerant mühitin bərqərar olduğu respublikamızda ruslar dinini, dilini qoruyub saxlamış, həmçinin ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında tam şəkildə inteqrasiya olunmaları üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ünvanladığı təbrik məktubunda bu amil də xüsusi vurğulanmışdır: “Dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla bağlı olan xalqlarımız arasında dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsində mədəni-humanitar münasibətlərin rolunu xüsusi qeyd etmək istərdim. Mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, Azərbaycanda rus dilinin və rus mədəniyyətinin dövlət səviyyəsində hərtərəfli dəstəklənməsi, Azərbaycanın məktəblərində və ali təhsil müəssisələrində rus dilində təhsil bizim tərəfdaşlığımızın humanitar gündəliyinə verdiyimiz əhəmiyyəti əyani şəkildə təsdiq edir”.
Bütün bu sadalanan amillər Azərbaycan-Rusiya əlaqələrinin sağlam inkişafa dayandığının əsas göstəricisidir. Bu gün Azərbaycan-Rusiya münasibətləri çox dinamik, müsbət istiqamətdə inkişaf edir. İki dövlət arasında həlli mümkünsüz olan məsələlər demək olar ki, yoxdur.
Nailə Tağızadə