Qərb hər vəchlə Ermənistanı müharibəyə təhrik etməklə bölgədə sülh prosesinə əngəl törədir. Son dövrlər Qərb mediasında guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması ilə bağlı şayələrin ortaya atılması da Qərbin məkrli planından xəbər verir. Bununla da gələcək erməni təxribatları üçün informasiya fonu yaradılır. Elə bir təəssürat yaranır ki, Ermənistan “həyati təhlükə”ylə üzləşdiyi üçün Qərb yardım əlini uzadır. Azərbaycan əraziləri işğal altında olan müddət ərzində Qərb tərəfindən ciddi addım atılmadı. 30 ilə yaxın 1 milyondan çox azərbaycanlı qaçqının öz torpaqlarına geri qayıtmaq hüququ haqqında susan Qərb indi özünü ermənilərin hüquq müdafiəçisi olaraq təqdim edir. Qərb Ermənistanı açıq şəkildə müdafiə etməklə, hərbi potensialını möhkəmləndirməyə çalışmaqla mövcud vəziyyəti daha da qəlizləşdirir, revanşist erməni qüvvələrin faəliyyətinə rəvac verir, bölgədə sabitliyin yaranmasına əngəl törədir, irqçilik nümayiş etdirir. Ermənistanda yerləşdirilən Avropa İttifaqının “sülh missiyası” isə anti-sülh fəaliyyəti ilə gündəmdədir. Missiya açıq şəkildə anti-Azərbaycan bəyanatlar səsləndirir, Azərbaycan sərhədlərini nəzarət altında saxlamağa çalışır.
Adı mülki, əslində isə hərbi legiona bənzəyən missiya 2023-cü il fevral ayının 20-dən fəaliyyətə başlayıb. Missiyanın hansı məqsədlərə xidmət etdiyi indiyədək müəmmalı qalır. Azərbaycan hələ o vaxtdan bu missiyanın heç də xoşməramlı olmadığını bəyan etmiş və bununla bağlı narahatlığını bildirmişdi. Sonrakı dönəmdə baş verən proseslər, xüsusən də sərhəddə yaşanan təxribatlar Azərbaycanın nə qədər haqlı olduğunu göstərmiş oldu. Avropa İttifaqı Şurasının bəyanatında isə deyilir ki, bu, yalnız Ermənistan ərazisində fəaliyyət göstərən və icra funksiyası olmayan neytral missiyadır.
Qeyd edək ki, 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyinin ilk Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilmişdi. Görüşdən sonra verilən bəyanatda bildirilirdi ki, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Bəyanatda o da qeyd olunurdu ki, Aİ-nin missiyası oktyabr ayında gələcək və maksimum iki ay müddətində işləyəcək. Onun məqsədi etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarının işinə töhfə vermək olacaq. Əldə olunmuş razılaşmaya əsasən, vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədilə oktyabrın 20-də şərti sərhədin Ermənistan tərəfi boyunca Aİ-nin mülki missiyası yerləşdirildi. Ancaq sonradan, yəni dekabrın 20-də rəsmi İrəvan missiyanın müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına dair birtərəfli qaydada qərar qəbul etdi. Beləliklə, Ermənistan–Azərbaycan şərti sərhədinə yerləşdirilmiş Avropa İttifaqının Mülki Missiyası (EUMA) 2023-cü ilin yanvarında sonradan uzadılma imkanı ilə 2 illik ilkin mandata malik olaraq Ermənistanda yerləşdi. Missiyada, təxminən, 103 Aİ əməkdaşının olacağı gözlənilirdi. 2023-cü il dekabrın 11-də isə Aİ Ermənistanda yerləşdirilən əməkdaşlarının sayının 209-a çatdırılacağını təsdiqlədi. Kanada Aİ üzvü olmadığı halda, bu ölkənin nümayəndələri Müşahidə Missiyasına qoşulub.
29 yanvar 2025-ci il tarixində Avropa İttifaqına üzv ölkələrin Brüsseldəki səfirləri Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidəçi missiyasının mandatını daha iki il müddətinə - 2027-ci il fevralın 19-dək uzatmaq barədə razılıq əldə etdilər. Qərarın yaxın günlərdə Aİ XİN başçılarının toplantısında təsdiqlənməsi gözlənilir. Beləliklə, Aİ-nin Müşahidə Missiyasının regionda qalma müddəti rəsmi Bakının və digər region ölkələrinin razılığı alınmadan yenə uzadılır. Bu isə Avropa İttifaqının regionda yerləşmək, mövcudluğunu qalıcı etmək niyyəti güddüyünü göstərir. Ən əsası, region üçün kənar qüvvə olan Avropa İttifaqı Müşahidə Missiyasının 2027-ci ilə qədər bölgədə qalması XİN başçıları səviyyəsində təsdiqlənsə, bu, sülh danışıqları prosesinə ağır zərbə olacaq.
Azərbaycan Avropanın əsas enerji təminatçılarından biridir. Ölkəmiz Cənubi Qafqazda yeganə güc sahibidir. Qərb 44 günlük müharibə ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərlə terrorçuların kökünün kəsilməsini həzm edə bilmir. Bunu açıq etiraf edə bilmədiklərindən müxtəlif yollarla ölkəmizə təzyiq edirlər. Avropa revanşist qüvvələrin fəaliyyətini dəstəkləməkdənsə iki ölkə arasında sülhün yaranması üçün fəaliyyətini gücləndirməlidir. Avropa qurumları tərəfindən qəbul edilən qərəzli bəyanatlar Qərbdə tüğyan edən irqçilik, islamofobiya və türkofobiyanın ifrat həddə çatdığını bir daha təsdiq edir. Bu bəyanatlar Ermənistanın simasında birbaşa təcavüzün və terrorun dəstəklənməsidir. Qərb sülh axtarışında tərəflərin səylərini təşviq etməli, öz bəyanatları ilə bu səylərin qarşısını almamalı, başlayan dialoqun tərəflərindən birinə təzyiq göstərməməlidir. Azərbaycan bu gün regionda yeni bir reallıq formalaşdırıb. Bu reallıq Ermənistan və onun havadarları tərəfindən qəbul edilməlidir. Ermənistan özünə yeni mütəffiqlər axtarmaqdansa sülh üçün səy göstərməlidir. Azərbaycanla etibarlı əməkdaşlıq regionda təhlükəsizliyə, sabitliyə və rifaha xidmət edə bilər.
Nailə Tağızadə