55-ci Davos Forumu və Azərbaycan …

 

Nüfuzuna görə yüksək reytinqə malik olan Davos İqtisadi Forumu beynəlxalq tədbirlər sırasında xüsusi rola malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur. Azərbaycanın aktiv iştirak etdiyi Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir.

Qeyd edək ki, Azərbaycanın Davos Forumunda ilk dəfə iştirakı 1995-ci ilə təsadüf edir. Həmin ilin 27-31 yanvar tarixlərində Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq Forumda iştirak edib. 27-31 yanvar 1995-ci ildə ümummilli lider Heydər Əliyevin ilk dəfə olaraq Ümumdünya İqtisadi Forumunda iştirakı və ölkəmiz haqqında, onun siyasi, iqtisadi və sosial-mədəni inkişafı barədə tədbir iştirakçılarına geniş məlumat verməsi Azərbaycanın Davos İqtisadi Forumundakı fəaliyyətinin əsasını qoymuşdur. Bu zaman  Azərbaycanın zəngin resurslara malik olduğunu və bu ‎resurslardan dünyanın gələcək inkişafı məqsədilə istənilən ölkə ilə qarşılıqlı maraqlar əsasında ‎istifadə etmək prinsiplərini özündə əks etdirən xarici iqtisadi siyasət xətti tutduğunu bəyan edən ulu öndər Heydər Əliyev ‎bununla müstəqil ölkənin gələcək inkişafı üçün stimul yaratmışdır.  

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Hər il mütəmadi olaraq dövlət başçısı səviyyəsində ölkəmiz forumda layiqincə təmsil olunur. 2013-cü il Dünya İqtisadi Forumunun ən vacib regional tədbirlərindən birinin Bakıda keçirilməsi, dünyanın bir çox qlobal və regional biznes liderlərinin, hökumət rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin bu tədbirdə iştirakı uğurlu əməkdaşlığın əyani sübutudur. Bu Azərbaycanın mövqeyinin beynəlxalq müstəvidə möhkəmlənməsi demək idi.

Sayca 55-ci olan budəfəki Forum yanvarın 20-dən 24-dək  “Ağıllı əsr üçün əməkdaşlıq” devizi altında toplaşıb.  Forumda 130-dan çox ölkədən 350 hökumət nümayəndəsi, o cümlədən 60 dövlət və hökumət başçısı iştirak edib.  Forumda 5 əsas istiqamət üzrə müzakirələr təşkil olunub:

– “İnkişafın yenidən təsəvvürü” – qlobal iqtisadi artımın yeni mənbələrinin müəyyənləşdirilməsi və daha dayanıqlı iqtisadiyyatların qurulması;     

– “Ağıllı dövrdə sənayelər” – sənaye liderlərinin texnoloji dəyişikliklər və yeni sənaye dinamikaları ilə uzunmüddətli prioritetlərini tarazlaşdırmalarına kömək edilməsi;

–  “İnsanlara investisiya” – insan kapitalının inkişafını və ona investisiyanı təşviq edərək dayanıqlı cəmiyyətlərin qurulmasına dəstək verilməsi; 

– “Planeti qorumaq” – iqlim və təbiət problemlərinin həlli üçün innovativ tərəfdaşlıqların qurulmasını, maliyyələşdirmənin artırılmasını və qabaqcıl texnologiyaların tətbiqinin əhatə edilməsi;   

– “Etimadın yenidən qurulması” – beynəlxalq arenada və cəmiyyət daxilində etimadın bərpası üçün yeni əməkdaşlıq yollarının araşdırılması.

Dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rola malik olan Forum təbii ki, yalnız iqtisadi əhəmiyyət kəsb etmir. Onun siyasi əhəmiyyəti də bu gün artmaqdadır ki, bu da Forum iştirakçılarının ikitərəfli qarşılıqlı əməkdaşlığa cəlb edilməsi ilə şərtlənir. Azərbaycan DİF-in fəal iştirakçısı imicində təqdim olunur, ona etimad güclənir, Prezident İlham Əliyev Davosda böyük rəğbətlə qarşılanır. Ölkəmizin artan nüfuzu, Avroasiya məkanında ölkəmizə artan maraq Azərbaycanı Forum iştirakçıları üçün xeyli maraqlı edir. Xüsusən də, son aylarda baş verən hadisələr Azərbaycanı bir sıra mövqelərdə irəli çıxarıb. Bunlardan biri qlobal iqlim dəyişikliyinə qarşı Azərbaycan təcrübəsi və ölkəmizdən gələn təkliflərdir. Ətraf mühitə atılan CO2 emissiyasının  azaldılması istiqamətində Azərbaycan təcrübəsi hər kəs üçün çox maraqlıdır. Prezident İlham Əliyevin Forum çərçivəsində bir sıra dövlət rəsmiləri və nüfuzlu şirkətlərin təmsilçiləri ilə keçirdiyi mütəmadi ikitərəfli görüşlər də ölkələr arasındakı siyasi-iqtisadi dialoqun davamlılığı baxımından mühüm əhəmiyyət kəsb edir və qarşılıqlı münasibətlərin  inkişafına xüsusi töhfə verir. Dövlətimizin başçısı Forumda qarşı tərəflərin müraciəti əsasında İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid, Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenski ilə, o cümlədən bir çox beynəlxalq şirkətlərin rəhbəri ilə görüşüb. Həmçinin çoxmilyonluq izləyicisi olan Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verərək ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırıb. Yanvarın 21-də Davos Forumunda "COP30-a gedən yol" mövzusunda panel müzakirə keçirildi. Müzakirədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil, Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo və digər yüksək vəzifəli nümayəndələr iştirak etdilər, Azərbaycanın COP29 təcrübəsi, uğurları da müzakirə olundu.

Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir. Ölkə Prezidentinin Davos İqtisadi Forumunda qarşı tərəfin təşəbbüsü ilə bir çox aparıcı, nüfuzlu şirkətlərinin rəhbərləri ilə də  görüşü baş tutub və onları işbirliyi üçün Azərbaycana dəvət edib. Xüsusi vurğulanmalıdır ki, Avropa İttifaqının “mavi yanacaq”la təminatı məsələsi də DİF-in başlıca diskussiya mövzuları sırasındadır və Avropa dövlətlərinin Azərbaycanla bu sahədə əməkdaşlığı genişləndirməyə çalışmaları qaçılmazdır. Eyni zamanda Azərbaycanın yaxın illər üçün Avropanın əsas “yaşıl enerji” istehsalçısı olmaq imkanları da Forum iştirakçıları üçün cəlbedicidir. Qeyd edək ki, son illər ölkəmiz üzrə enerji istehsalında yaşıl enerjinin payı ilk dəfə 14 faizə çatdırılıb və Azərbaycan dövlətinin hədəfi yaxın illərdə Avropaya çox böyük ölçüdə yaşıl enerji ixrac etməkdir. 

Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşdırmışdı və bu sahədə ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında birinci yerdə qərarlaşıb. Bu isə onu göstərir ki, Azərbaycan iqtisadiyyatını səmərəli şəkildə inkişaf etdirir, yeni intellektual dünya iqtisadiyyatına qoşulur. Ölkədə sahibkarlığın inkişafı, enerji sektorundan asılılığın ləğvinə yönələn islahatların həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafının təminini nəzərdə tutan tədbirlər planının reallaşması, insan resurslarının stimullaşdırılması, təbii resurslardan məqsədyönlü şəkildə istifadə olunması yeni intellektual dünya iqtisadiyyatına qəbulolunmanın təsdiqidir.

Dünya İqtisadi Forumunun 2025-ci il toplantısı qlobal problemlərə kollektiv həll yolları axtarışında əhəmiyyətli bir mərhələdir. Azərbaycan bu tədbirdə aktiv iştirakı ilə öz mövqeyini möhkəmləndirərək beynəlxalq əməkdaşlığa töhfəsini davam etdirir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Davos Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir. Azərbaycanın belə bir tədbirdə iştirak edərək iqtisadi və nəqliyyat kommunikasiya imkanlarını, enerji layihələrini bir daha təqdim etməsi baxımından əhəmiyyətlidir.

                                                                                                            Nailə Tağızadə

2025-01-24 / 18:06
Facebook