“Qarşıdakı on gün ərzində biz seçkilər keçirmək və yeni hökumət qurmaq barədə qərar verəcəyik”.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ictimaiyyətə müraciətində deyib.
“Partiya nümayəndələrini məsləhətləşmələrə dəvət edəcəyəm. On gün ərzində biz seçkilərə getmək, yoxsa yeni hökumət qurmaq barədə qərar verəcəyik. Lakin müvəqqəti hökumətlər olmayacaq. Bizim əsas vəzifəmiz tam sabitliyi təmin etmək olacaq və bununla şəxsən mən məşğul olacağam. Məsələ yıxılıb-yıxılmamaq deyil, nə qədər tez ayağa qalxmaq və mübarizəni davam etdirməkdir. Mən ayağa qalxmışam və mübarizə aparacağam, dostlarım və həmkarlarımla döyüşəcəyəm və qalib gələcəyik. Qələbəmiz Serbiya üçün sabitlik və təhlükəsiz gələcək deməkdir”, - deyə Aleksandar Vuçiç bildirib.
Qeyd edək ki, keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin öldüyü, 2 nəfərin ağır yaralandığı qəzaya görə tələbələrin keçirdiyi etiraz aksiyasından sonra Serbiyanın Baş naziri Milos Vuçeviç, eləcə də Novi Sad şəhərinin bələdiyyə sədri Milan Dyuriç tutduqları vəzifələrdən istefa veriblər.
Hadisə baş verən dövrdə isə tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç, eləcə də daxili və xarici ticarət naziri Tomislav Momiroviç tutduqları vəzifələrdən istefa vermişdilər.