Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər

 

İranda səfərdə olan Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının həmsədri Şahin Mustafayev bu ölkənin energetika naziri Abbas Əliabadi ilə görüşüb.

AZƏRTAC İran mediasına istinadən xəbər verir ki, görüşdə energetika sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib.

Nəzərə çatdırılıb ki, Azərbaycan Rusiya ilə İran arasında 600 meqavatlıq elektrik enerjisi mübadiləsinin ötürülməsində mühüm rol oynaya bilər. Enerji mübadiləsinin reallaşdırılması üçün hər 3 ölkənin rəsmi şəxslərinin görüşünün təşkil olunması məsələsinə də toxunulub. Qeyd olunub ki, regionun iqtisadi baxımdan inkişaf etmiş ölkələri arasında enerji mübadiləsinin həyata keçirilməsi üçün texniki əsaslandırma lazımdır. Bunun üçün isə işçi qruplarının yaradılması və görüşlərinin təşkili zəruridir.

Həmçinin görüşdə qeyd olunub ki, Rusiya ilə İran arasında elektrik enerjisi mübadiləsi və tranzitində Azərbaycanın yaratdığı infrastruktur çox əhəmiyyətlidir. Nəzərə çatdırılıb ki, yaxın gələcəkdə hər 3 ölkənin mütəxəssislərindən ibarət işçi qruplarının görüşü keçiriləcək və bu görüşdə bütün texniki məsələlər müzakirə ediləcək.

2025-01-22 / 16:58
Facebook