BRICS 2006-cı ilin iyununda Braziliya, Rusiya, Hindistan və Çinin iştirakı ilə formalaşıb və əvvəlcə bu ölkələrin adlarının baş hərflərinə uyğun olaraq BRIC adlandırılıb (Brazil, Russia, India, China). 2011-ci ilə qədər təşkilatla bağlı BRIC abreviaturası istifadə olunub. BRIC-ə Cənubi Afrika Respublikasının (CAR) birləşməsiylə əlaqədar 18 fevral 2011-ci ildə, hind maliyyə nazirinin ərizəsi üzrə bundan sonra qrup BRICS adını daşımağa başladı. 2024-cü il yanvarın 1-dən etibarən BRICS-ə daha beş ölkə – Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qoşulub. Birliyin adı dəyişdirilməyib. Birlik dünya iqtisadiyyatında yüksələn güclərin birliyini təmsil edir və qlobal güc balansında mühüm rol oynayır. Qurumun qlobal miqyasda tutduğu yer yalnız iqtisadi göstəricilərinə deyil, həm də siyasi və strateji əhəmiyyətinə görə böyükdür.
BRICS-in təsir gücü inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq və iqtisadi böyümə üçün alternativ bir platforma yaratmaq məqsədindən qaynaqlanır. Təşkilat üzvləri xüsusilə qlobal qərarların qəbul edilməsində daha böyük rol oynamaq və beynəlxalq arenada ədalətli güc balansının təmin edilməsini təşviq etmək məqsədini daşıyır. Qrup dünya əhalisinin 45%-ni təmsil edir və dünya neft ehtiyatlarına mühüm təsir göstərərək dünya iqtisadi istehsalının 28% - nə nəzarət edir. BRİKS üzvləri prioritetləri müəyyən etmək, mühüm iqtisadi və siyasi qərarlar qəbul etmək üçün hər il toplanır.
Hazırda birliyə iki formatda qoşulmaq mümkündür: BRICS+ birliyə hələ üzv olmayan ölkələrin iştirakını nəzərdə tutur, "aoutrich" isə - sədr ölkə tərəfindən dəvət edilmiş dövlətlər (əsasən öz regionundan olan dövlətlərin nümayəndələri dəvət edilir). Birliyə qoşulmaq istəyənlər müəyyən kriteriyalara cavab verməlidirlər. İlk növbədə, qrupda bir-birini tanımayan və ya birtərəfli sanksiyalar tətbiq edən ölkələr ola bilməz. Digər bir kriteriya qlobal idarəetmənin, o cümlədən BMT Təhlükəsizlik Şurasının islahatlarının dəstəklənməsi ilə bağlıdır.
BRICS qeyri-rəsmi bir birləşmə kimi mövcuddur - klubun rəsmi veb saytında "qeyri-rəsmi qrup" termini istifadə olunur. Blokun beynəlxalq təşkilat statusu yoxdur. Buna görə nə dəqiq strukturu, nizamnaməsi, qərargahı, nə də daimi rəhbəri var. Sammit zamanı "BRICS-in rəhbəri" funksiyasını növbəti görüşün keçirildiyi ölkənin prezidenti yerinə yetirir.
Hazırda BRICS iştirakçıları milli sistemləri birləşdirəcək öz ödəmə sistemi olan BRICS Pay-i hazırlayırlar. Lakin bu sistemin 2025-ci ildən tez işə salınması gözlənilmir. BRICS klubunun öz bankı - Yeni İnkişaf Bankı (NDB) 2014-cü ildə yaradılıb, onun qərargahı Çində yerləşir. Hazırda bank yalnız BRICS ölkələrində investisiyalarla məşğul olur, lakin onun fəaliyyətə başlaması zamanı digər inkişaf etməkdə olan iqtisadiyyatlara da investisiya qoyma imkanı nəzərdə tutulmuşdu. Hətta BRICS-ə hələ qoşulmamış ölkələr də NDB-yə üzv ola bilirlər: Misir və BƏƏ kluba dəvət edilməzdən əvvəl ona qoşulmuşdular. Fəaliyyəti müddətində bank BRICS-in beş ölkəsində 96 layihənin həyata keçirilməsi üçün 33 milyard dollar məbləğində kreditlər ayırıb. Bu pullar, əsasən, su təchizatı və nəqliyyatla bağlı infrastruktur investisiyalarına yönəldilib. 2020-ci ildə Cənubi Afrika pandemiya ilə mübarizə üçün bankdan bir milyard dollar borc alıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir ki, Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir. Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır. Artıq Azərbaycan rəsmi olaraq BRICS-ə üzvlük üçün müraciət ünvanlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib. Rəsmi Bakının qrupla əməkdaşlığı bir çox üstünlüklərə gətirib çıxaracaq. Bu, Cənubi Qafqaz ölkələri arasında qarşılıqlı ticarət həcmini artıracaq. Qrupa üzvlük Azərbaycana potensial iqtisadi fayda və beynəlxalq arenada dəstək təklif edə bilər. Eyni zamanda, Azərbaycan etibarlı tərəfdaş və arzuolunan üzvdür. BRICS-ə Cənubi Qafqazın ən böyük iqtisadi gücə malik dövlətinin qoşulması qrupun özü üçün də faydalıdır. Qeyd edək ki, namizədlər və onların qrupa qoşulma formatı ilə bağlı məsələlər BRICS-in oktyabrda Kazanda keçiriləcək sammitində həll olunacaq. Bu sammitdə Azərbaycanla bağlı müsbət qərarın qəbul olunacağı gğzləniləndir.
Nailə Tağızadə