İran Zəngəzur dəhlizinin açılmasına niyə mane olur?

 

Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq, regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq bir layihədir. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapmışdır. Bu əlaqə Zəngəzur Dəhlizi vasitəsilə təmin edilməlidir. Təsadüfi deyil ki, bir çox geosiyasi aktorlar da Zəngəzur dəhlizinin açılmasının tərəfdarıdır. Türkiyə və Rusiyanın da bu məsələdə mövqeləri Azərbaycanla eynidir. Həm rəsmi Ankara, həm də Moskva başa düşür ki, Zəngəzur dəhlizinin açılması region üçün nəinki iqtisadi, həm də siyasi dividentlər vəd edir. Bu, həm də regional təhlükəsizlik üçün mühüm amildir.

Lakin cənub qonşumuz və din “qardaşımız” hesab olunan, illərdir Ermənistan üçün nəfəslik rolunu oynayan İran isə ilk gündən bu dəhlizin reallaşmasının əleyhinədir və Ermənistanı da öz öhdəliyini yerinə yetirməməsi ilə bağlı təşviq edir. 44 günlük Vətən müharibəsindən sonra İran rəsmiləri artıq bir neçə dəfədir açıq şəkildə bəyan ediblər ki, “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”. Rəsmi Tehran Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” olaraq görməkdə və bu məsələyə qarşı çıxmaqda davam edir. 

İran nəinki özü Ermənistana Zəngəzur dəhlizini açmağa imkan vermir, həmçinin üçtərəfli bəyanatı imzalayan ölkələrdən biri olan Rusiyanın da prosesdə müsbət rol oynamasının qarşısını almağa çalışır. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 19-da Rusiyanın “Birinci kanal”ına açıqlamasında bildirdi ki, Rusiya Federasiyası üçün İrə­vanın Zəngəzur bölgəsi vasitəsilə kommu­nikasiyaların açılmasına dair razılaşmanı niyə sabotaj etdiyini anlamaq çətindir. O qeyd edib ki, Moskva Ermənistanla Azər­baycan arasında sülhün tezliklə bağlanma­sının tərəfdarıdır: “Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiya­ların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı sazişi sabotaj edən Ermənistan rəhbərliyidir. Belə bir mövqeyin mənasını anlamaq çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə ak­tual olaraq qalır”. Bu açıqlamadan bir müddət sonra Rusi­yanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Dedovun sentyabrın 2-də İran Xarici İşlər Nazirliyinə çağrılması İranın bu məsələyə qərəzli münasibətinin əyani göstəricisidir. Gö­rüş Moskvanın Zəngəzur dəhlizinə dəstək verən açıalqmalarına etiraz əlaməti olaraq keçirildi. İran Xarici İşlər nazirinin köməkçisi Müctəba Dəmirçilu bildirdi ki, Tehran regionun müəyyən edilmiş sərhədlərində istənilən geosiyasi dəyişikliyə qarşıdır. Qərb və İran mediası, o cümlədən Britaniyanın “The Guardian” və İranın “Tasnim” agentliyi İran Xarici İşlər Nazirliyində keçirilən bu görüşü Moskva ilə Tehran arasında Zəngəzur dəhlizi ilə bağlı münasibətlərin soyumasının birmənalı təsdiqi kimi təqdim etdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, rəsmi Moskva bu məsələ ilə bağlı Tehrana bütün lazımi izahatı verib. “Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”, - deyə Zaxarova vurğulayıb.

İran mediasında qeyd olunur ki, İslam Respublikası bu nəqliyyat marşrutunun yaradılmasına qarşıdır, çünki Tehran Ermənistana birbaşa çıxışını itirə bilər. Zəngəzur dəhlizinin Rusiya ilə İranı qarşı–qarşıya qoyması Türkiyə KİV-ində də geniş müzakirə olunur. Belə ki, Türkiyə mediası bu günlərdə tərəflərin məsələ ilə bağlı mövqelərinə təsir edən məqamları aydınlaşdırmışdı: “Rəsmi Tehran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycanın regiondakı nüfuzu daha da güclənəcək. İran bunu təhdid kimi qəbul edir. İran bunun regionda, xüsusilə Cənubi Azərbaycanda milli kimlik hissini artıracağından narahatdır. Başqa bir məsələ isə İranın regional mənada geosiyasi nüfuzunun azalması ilə bağlıdır. Həmçinin, Türkiyə ilə Mərkəzi Asiyadakı Türk dövlətləri arasındakı əlaqədə İran faktoru indiki kimi təsirli olmayacaq. Növbəti məqam İranın Ermənistanla sərhəddəki nəzarət imkanlarının məhdudlaşmasıdır”.

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın sentyabrın 17-də Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Nəticədə region dövlətləri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa marşrutu vasitəsilə bir-biri ilə bağlanacaq.

Rəsmi Tehran öz dəhlizini yaratmaq istəyir və Türkiyənin regionda güclənməsindən qorxur. İran bölgədə xarici aktorların mövcudluğunun artmasına həmişə çox həssas yanaşıb. Lakin Qərbin illərdir Ermənistanda sülh missiyası adı altında yerləşməsinə hələ də etirazını bildirməyib. Zəngəzur dəhlizinin açılması Türkiyənin Azərbaycan və Mərkəzi Asiyaya birbaşa çıxışı deməkdir ki, bu da Ankaranın regionda iştirakını artırır. Rusiyanın buna şərait yaratması isə rəsmi Tehranda anlaşılmazlığa səbəb olur.

Müsəlman həmrəyliyindən ağız dolusu danışan İran nədənsə öz qonşuluğunda illərlə davam edən Qarabağ münaqişəsi ilə bağlı müsəlman həmrəyliyinə sadiq qalmadı. Bir dəfə olsun haqq səsimizi müdafiə etmədi, işğalın sonlandırılması üçün hansısa bir fəaliyyətə cəhd etmədi. Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə işğalçı ölkəni hər şeylə, eləcə də hərbi təyinatlı materiallarla təchiz etdi və indi də bu fəaliyyətinə davam edir. Hətta Ermənistanda etiraf da olunub ki, əgər 35 km-lik İran-Ermənistan sərhədi - Mehri qapısı bağlanarsa, Ermənistan boğular. Bu o deməkdir ki, İran Ermənistan üçün vazkeçilməz bir ölkədir. Ermənistanı iqtisadi baxımdan bu 30 ildə ayaqda saxlayan da məhz İran oldu. Hətta İran və Ermənistan dəfələrlə çəkinmədən Azərbaycan-Türkiyə əlaqələrinin devizi olan "bir millət, iki dövlət" ifadəsini erməni və fars xalqlarına münasibətdə istifadə edərək - "ermənilərlə farslar bir millət, iki dövlətdir"- deyə bəyan etmişlər.

İranın Ermənistana maliyyə dəstəyi 20 il ərzində 2 milyard dolları ötüb. Siyasi dəstək bir yana, İran Ermənistana hərbi yardım edib. Bu isbatını tapmış dəqiq faktdır. Hətta indi də hərbi yardımın davam etməsi ilə bağlı inandırıcı fikirlər səsləndirilir. İranla Ermənistan arasında hərbi mövzuda rəsmi danışıqlar da aparılır.

Zəngəzur dəhlizinin reallaşması bütün region dövlətlərinin, ən çox da aclıq və səfalət içində boğulan Ermənistanın xeyrinədir. Ermənistan Zəngəzur dəhlizinin üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər.  Ermənistanın hakim dairələrində bu reallığı dərk edən edənlər və etiraf edənlər var. Lakin İranın təzyiqi Ermənistanın mövqeyini açıq şəkildə ortaya qoymasına imkan vermir. Ermənistanın başqa çarəsi yoxdur. Zəngəzur dəhlizi reallaşmalıdır. Bölgənin sabit inkişafı və gələcəyi çoxtərəfli əməkdaşlıqla mümkündür. Zəngəzur dəhlizinin açılması bu baxımdan əsas amildir.

                                                                                                      Nailə Tağızadə

2024-09-18 / 17:33
Facebook