II Şuşa Qlobal Media Forumu – Şuşadan dünyaya mühüm mesajlar …

 

20-22 iyul 2024-cü il tarixlərində Şuşa növbəti beynəlxalq konfransa ev sahibliyi etdi. Artıq Azərbaycanın təşəbbüsü ilə qlobal mövzuların müzakirə olunduğu toplantıların Şuşada keçirilməsi ənənə halını alıb. Bu, həm Azərbaycan reallıqlarının beynəlxalq təbliği, həm də Azərbaycanın Qarabağda həyata keçirdiyi sürətli bərpa-quruculuq işlərinin bütün dünya tərəfindən tanınması baxımından mühüm əhəmiyyətə malikdir. II Şuşa Qlobal Media Forumunun Milli Mətbuat gününün qeyd olunduğu ərəfədə keçirilməsi də xüsusi anlam daşıyır. Builki Foruma 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumu qatıldı. Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Forum çərçivəsində "Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək", "Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər", "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi" və "İqlim hərəkatı və media" mövzularında dörd panel sessiya təşkil olundu. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi apardılar. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə geniş məlumatlar verildi.

Forumda dezinformasiyanın yaranması, yayılması və hədəfləri barədə geniş araşdırmalar aparıldı, indiyədək deyilməyən fikirlər səsləndirildi. Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki nitqi bu baxımdan daha əlamətdardır. Dövlətimizin başçısı çıxışında Azərbaycanın məruz qaldığı informasiya savaşını, dezinformasiya hücumunu nümunə göstərməklə dezinformasiya yaradıcılarının niyyət və metodları barədə məlumat verdi. İkinci Qarabağ savaşı, həmçinin 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilmiş antiterror əməliyyatları zamanı aparıcı dövlətlərin informasiya müstəvisində yol verdikləri manipulyasiyalar barədə konkret misallar göstərməklə, dezinformasiya yayıcılarının hansı mexanizmlərdən faydalandıqları barədə aydın təsəvvür formalaşdırdı.

Dövlət başçısı aşıq şəkildə vur­ğuladı ki, natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlar daha çox Qərb ölkələrindən qaynaqlanır. Prezident İlham Əliyevin bu fikri Şuşa Forumuna qatılmış beynəlxalq media strukturlarının təmsilçiləri tərəfindən də təsdiq olundu. Məsələn, Əl-Cəzirə Me­dia İnstitutunun meneceri Montaser Ma­rai beynəlxalq ictimai rəyə təsir göstərən trans-milli KİV-lərin daha çox Qərbdəki korporasiyaların əlində olduğunu qeyd etdi. Həmçinin sosial şəbəkə platformala­rının da texnologiya nəhənglərinin əlində olduğunu, bu nəhənglərin isə Qərbdə, əsasən, ABŞ-də yerləşdiklərini bildirdi. Dezinformasiyaların daha çox transmilli KİV-lər və sosial media platformalarının üzərindən yayıldığını önə çəkməklə, de­zinformasiyaların mənbəyi rolunda Qər­bin çıxış etdiyinə işarə verdi.

22 iyul tarixində forum çərçivəsində "Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: media savadlılığının təşviqi" adlı sessiyada texnologiya və media sahələrinin nümayəndələri, elm xadimlərinin iştirakı ilə dezinformasiyanın yayılmasında və qarşısının alınmasında rol oynayan texnologiyalar, süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri, həmçinin media savadlılığının dezinformasiyaya qarşı mübarizədə önəmi, rəqəmsal əsrdə dezinformasiyanın yaradılması və yayılmasında süni intellektin açdığı imkanlara qarşı həll yolu kimi istehlakçıların media savadlılığının artırılması, bu istiqamətdə müxtəlif tərəflərin səmərəli əməkdaşlıq modelləri müzakirə edildi. 

"İqlim hərəkatı və media" mövzusunda keçirilən panel sessiyada isə iqlim hərəkatında medianın rolu, "yaşıl dünya" naminə effektiv məlumatlandırma mexanizmlərinin hazırlanması, iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində ictimai gündəmin yaradılmasında medianın əhəmiyyəti kimi mövzular da müzakirələrin mövzuları oldu.

Ötən bir il ərzində - Qarabağda ikinci dəfə əlli ölkənin media təmsilçisinin bir araya gəlməsinə qədər olan müddətdə Cənu­bi Qafqaz regionunda, bütövlükdə dünyada  maraqlı tarixi transformasiyanın şahidi oluruq. I Fo­rumdan keçən bir il ərzində baş vermiş ən mühüm hadisə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır. Artıq ənənəvi ittifaqlar zəifləyib, yeni əməkdaşlıq formatları meydana gəlib. Belə bir tarixi şəraitdə Prezident İlham Əliyevin müəllifi olduğu “Qafqaz evi” ideyasının reallaşması üçün zəmin yaranıb. Dövlət başçısı yenə də xoş məramını ifadə edərək, region dövlətləri ilə mehriban qonşuluq siyasətinə sadiqliyini bildirdi. Bunun üçün Ermənistan hökumətinin və cəmiyyətinin üzərinə məsuliyyət düşür. Ermənistan aldığı dərsdən nəticə çıxarmalı, regionda sülh və sabitliyin yaranması üçün addım atmalıdır. Ümid edək ki, dövlət başçımızın Şuşada dünyanın çoxsaylı media təmsilçilərinin qarşısında söylədik­ləri gerçəkləri rəsmi İrəvan nəzərə alacaq, sülhün mümkün qədər tezləşməsi üçün Azərbaycan kimi əmək sərf edəcək.

                                                                                                          Nailə Tağızadə

2024-07-23 / 17:17
Facebook