Fransa XXI əsrdə kolonial siyasətini davam etdirir. Hələ də dünyada kifayət qədər müstəmləkə ərazilərinə malik olan Fransa Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa kimi dənizaşırı əraziləri, habelə Korsikanı müstəmləkə torpaqları qismində öz nəzarəti altında saxlayır. Digər tərəfdən, bütün bu illər ərzində onun müstəmləkçilik boyunduruğundan qurtulmuş Afrika ölkələrinin təbii sərvətlərini talamaq siyasətini davam etdirir. Fransanın müstəmləkləri də tabeçilik boyunduruğunu atmaq üçün Parisin siyasətinə qarşı sərt mövqe sərgiləyirlər. Bu məsələdə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılmış Bakı Təşəbbüs Qrupu (BTQ) mühüm platformalardan birinə çevrilib. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Son günlər Sakit Okeanda yerləşən Yeni Kaledoniyada vəziyyət yenidən kəskinləşib. Yerli əhalinin müstəqillik təşəbbüsünü qırmağa çalışan Fransa hökuməti hər cür amansızlığa imza atır. Qeyd edək ki, XIX əsrin ortalarından etibarən ingilis və fransız missionerləri adaya ayaq açıb, 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı qatı cinayət törətmiş öz məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başladı. Qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarıb emal etməklə adanın külli miqdarda sərvəti Fransaya daşındı. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa yerli əhaliyə azadlıq verməkdən imtina edib. Yeni Kaledoniya öz müstəqilliyini elan etmək üçün sonuncu dəfə 2020-ci ildə referendum keçirdi. Referendum iştirakçıları müstəqilliyin lehinə səs versələr də Fransa hələ də bu qərarı tanımır. Hətta daha da irəli gedərək mövcud olan konstitusiyaya düzəlişlər edərək yerli əhali olan kanakların müstəqillik arzularını tamamilə boğmağa çalışır. Belə ki, sözgedən düzəlişlərin nəticəsində Yeni Kaledoniyada 10 ildən çox yaşayan fransızlar səsvermə hüququna malik olacaq. Bu da yerli əhalinin diskriminasiyasına gətirib çıxarır. Təqribən 300 minə yaxın əhalisi olan yerlilərə qarşı qanunların qəbul olmasında bu kimi vasitələrdən istifadə edilməsi məqbul hesab edilmir. Bununla yanaşı, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniyanın müstəqillik hərəkatı arasında imzalanmış Numea sazişinə əsasən adada təxminən 42 min nəfər, yəni seçicilərin hər beşindən biri səsvermə hüququndan məhrum edilib. Fransızlara səsvermə hüququnun verilməsi seçici siyahısını önəmli şəkildə artırır. Bu da Yeni Kaledoniyanın müstəqilliyi uğrunda çıxış edən indiki hökuməti, dekabrda keçiriləcək seçkilərdə mübarizədən kənarda qoya bilər. Yeni Kaledoniya Konqresi Fransanı düzəlişi geri götürməyə çağıran bir qətnamə qəbul edib və təklif qəbul edilmədiyi üçün yerli əhali etirazlara başlayıb. Etirazların miqyasının artmasından qorxan Fransa hökuməti Yeni Kaledoniyaya ordu yeritməyə başlayıb. Bu isə yerli əhalini soyqırımı təhlükəsi ilə üz-üzə qoyur. Fransa bu addımını davam edən iğtişaşlar səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında pərdələyir. Artıq azadlıq uğrunda uzun illərdir mübarizə aparan kanaklardan 10 nəfəri qətlə yetirilib, yaralıların sayı 200-ü keçib. BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa tərəfindən ölkəsində törədilən qırğınlar nəticəsində qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib. Fransa hökuməti Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib. Rəsmi Paris ordunun adada törədə biləcəyi vəhşiliklərin ictimailəşəcəyindən narahatdır.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Korsika adası da uzun müddətdir Fransa müstəmləkəçiliyinin qurbanıdır. Əsrlərdir sözügedən bölgədə daha çox italyan dilli qrupları əhali yaşayır. Həmin qrupların əsas tələbi Korsika dilinin dövlət idarələrində işlənməsi ilə bağlıdır. Çünki Fransa buna əngəl yaradır. Bu kimi səbəblər ada daxilində müstəqillik uğrunda mübarizəni daha da gücləndirir. "Nazione" hərəkatı da məhz Fransadan ayrılmaq istəyən korsikalıların azadlıq uğrunda mübarizəsinə dəstək olan mühüm təşkilatlardan hesab olunur. Bu hərəkat Fransa hakimiyyəti tərəfindən də təqiblərə və repressiyalara məruz qalır. Maraqlıdır ki, Cənubi Qafqaz regionuna işğal dövründə Qarabağa qanunsuz köçürülmüş ermənilərin hüquqlarının müdafiəsi adı altında daxil olmağa çalışan Fransa öz daxilində olan etnik azlıqların hüquq və azadlıqlarını tanımır. Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir. Ölkəmizi guya ermənilərə qarşı cinayət törətməkdə ittiham edən və istintaqın başlanmasına çağırış edən Fransa öz azadlığı uğrunda mübarizə aparan, müstəqilliyini tələb edən müstəmləkələrinə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib və törətməkdə də davam edir.
Fransa təkcə Polineziyanın kömür və qazından hər il 25 milyard dollar qazanır. Öz qazının 70 faizini müstəmləkə altında saxladığı ölkələrdən əldə edir. Müstəqillik tərəfdarı olan qrupların üzvləri Fransa tərəfindən həbs edilir. Hər ay minlərlə polineziyalı gənc Fransa ordusuna çağırılır və onlar Fransanın müstəmləkəçilik siyasətinin həyata keçirilməsi yolunda həlak olurlar.
Fransa Polineziyada 200-ə yaxın, Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində isə 17 dəfə nüvə sınağı həyata keçirib. Onlardan 11-i yeraltı sınaqlar olub. Fransa bugünədək aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri Əlcəzairə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın alınması məsələsindən də boyun qaçırır.
Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasını ermənilərə qarşı təhqiredici əlamət kimi qiymətləndirən Fransa Paris şəhərindəki "İnsan muzeyi"ndə bu ölkənin müstəmləkəsi olan xalqların 18 min nümayəndəsinin kəllə sümüyünün nümayiş etdirir. Bunlar müstəmləkə boyunduruğuna qarşı müqavimət göstərən əlcəzairli partizanların, partizan dəstələrinin rəhbərlərinin, quldur kimi qələmə verilən müstəmləkə boyunduruğuna baş əyməyən insanların kəllə sümüklərindən ibarət kolleksiyadır. 2018-ci il məlumatına görə Paris muzeyinin zirzəmisində 536 əlcəzairli müqavimət hərəkatı üzvünün kəllə sümüyü olub. Bu kəllə sümükləri Əlcəzairin bütün regionlarından olan müqavimətçilərə aiddir.
Fransa rəhbərliyi yerli əhaliylə razılığa gəlməkdənsə utanmadan baş verən hadisələrdə günahkar axtarışına çıxıb. Fransa daxili işlər naziri Jerald Darmanen “France-2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə nazirin iddialarına dair şərhində Fransa tərəfinin ilk növbədə Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmasının tələb edildiyini bildirib. O qeyd edib ki, Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı. XİN sözçüsü vurğulayıb ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir: “Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq”.
Maraqlıdır ki, Azərbaycanı əsassız yerə ittiham edən, Azərbaycanın daxili işlərinə müdaxilə edən Fransa Cənubi Qafqazda aktivləşən fəallığını erməniləri müdafiə adı altında reallaşır, Azərbaycanın humanizmi və demokratik dəyərləri müdafiəsini isə müdaxilə olaraq adlandırır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkə siyasətinə qarşı sərt mövqeyi, insan hüquq və azadlıqlarını dəstəkləməsi, mənfur kolonial siyasətini hələ də yürüdən rəsmi Paris üçün əsaslı zərbə oldu. Xüsusilə, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv olan bütün dövlətlərin, o cümlədən Əlcəzairin hüquqlarının bərpası və ölkəyə qarşı edilmiş amansızlığa görə Fransanın üzr istəməsinin vacibliyini dəfələrlə bildirmişdir: "Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə və soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən və digər ölkələrdən üzr istəməlidir". Bununla yanaşı, mayın 1-də Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumununun açılış mərasimində ölkə başçımız bildirdi ki, Qoşulmama Hərəkatının üzvlərinin əksər hissəsinin çox ağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizənin aparılması o deməkdir ki, biz buna inanırıq. Çünki biz ədalət naminə danışırıq, çünki biz beynəlxalq hüquq naminə danışırıq. Yəni, biz belə bir məsələyə imkan verə bilmərik ki, indi – XXI əsrdə bəzi Avropa ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın.
Bakı Təşəbbüs Qrupu da Fransa tərəfindən etirazçıların həbs olunması və mülki şəxslərə zorakılığın tətbiq olunması ilə bağlı bəyanat yayıb. Fransadan bu hərəkətlərin dayandırılması tələb olunub. Bakı Təşəbbüs Qrupu kanak dostlarımızla həmrəyliyimizin olduğunu, Azərbaycanın həmişə onların yanında olacağını bildirib. Maraqlıdır ki, Kaledoniyanın dövlət bayrağı Azərbaycan bayrağına oxşayır. Sadəcə ay və ulduz əvəzinə onlarda qarışqa təsviri var. Yeni Kaledoniya Fransa imperializminə qarşı mübarizədə Bakı təşəbbüsünə çox güvənir və bu platformanı çox təsirli hesab edir, bu platforma vasitəsilə haqlı səslərini dünyaya yaymağa çalışırlar. Yerli əhalinin etirazlar zamanı Azərbaycan bayrağını dalğalandırmaları Azərbaycana nə qədər güvəndiklərinin göstəricisidir. Fransa mediası Yeni Kaledoniyada baş verən vəhşilikləri işıqlandırmır, yaxud da işıqlandırmamağa məcbur edilirlər. Azərbaycan isə heç nədən çəkinmədən əzilən əhalinin yanında olaraq, öz imkanlarından istifadə etməklə reallıqları işıqlandırmağa çalışır.
Gülməli məqam isə Fransanın bu il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməsidir. Məlumdur ki, Olimpiyadalar tarix boyu sülhə çağırış mahiyyətini daşıyıb. Fransa kimi bir ölkənin sülh mahiyyətli tədbirə ev sahibliyi etməsi isə həqiqətən də, ironikdir. Yeni Kaledoniyada baş verən hadisələr isə Fransanın onsuz da aşağı düşən imicinə ciddi zərbə vuracaq.
Dünyaya demokratiya dərsi verməyə çalışan Fransanın öz müstəmləkəsində saxladığı, hər zaman əzib, sömürdüyü dövlətlər artıq haqq savaşı üçün ayaqlanmağa başlayıblar. Unutmaq olmaz ki, bəşəriyyət tarixində mövcud olan ən qanlı soyqırımların müəlliflərindən biri Fransadır. Fransa tarixən insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törətmişdir. Əlcəzairdə, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə sakini məhv edən Fransa hansı haqla özünü “insan haqlarının və demokratiyanın vətəni” sayır? Haqq-ədalətdən danışacaq ən sonuncu dövlət Fransadır.
Nailə Tağızadə