“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı ...

 

Şuşa şəhərində “Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Tədbir 1989-cu ilin mayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə düzənlənib. 1989-cu ilin festivalında yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları iştirak edib. Ümumilikdə festivala 100-ə yaxın insan qatılıb. Cıdır düzü meydançasında tikilən 7 məkanda konsertlər düzənlənib. Həmin gün Qarabağ atlarının da yarışları olub. Festival çərçivəsində Şuşada güləş yarışları keçirilib.

1990-cı ildə “Xarıbülbül” musiqi festivalı beynəlxalq status alıb. Sonrakı illərdə tədbir Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ-nin müttəfiq  respublikalarının iştirakı ilə keçirilib. Beynəlxalq status daşıyan festival yalnız Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri sayılıb.

Üçüncü festival 1991-ci ildə düzənlənib. Bu tədbirə 25 ölkədən təxminən 300 nəfər qatılıb. Festivalın qərargahı iştirakçıların Qarabağa getdiyi Mingəçevir şəhərində idi. Tamaşaçılar o qədər  çox olub ki, festival çərçivəsində konsertlər stadionlarda keçirilib. 1990-1991-ci il final konsertləri Bakıdakı Respublika Sarayında düzənlənib.

Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən böyüyü olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Ancaq işğalçı ermənilərin xəyanətkarlığı, məkri bu işimizi də yarımçıq qoydu. “Xarıbülbül” musiqi festivalını həmin il Şuşada təşkil etmək mümkün olmadı. Erməni qəsbkarları Şuşa şəhərini mayın 8-də işğal etdilər. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarətdə keçirildi.

Qarabağ münaqişəsi başlayandan Xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə Xarıbülbül bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda Xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Tədricən isə nişan azadlıq müharibəsinin simvoluna çevrildi. Xarıbülbül şəhidlərin xatirəsinin və ordumuzun zəfərinin simvolu olaraq təqdim olundu və hər bir azərbaycanlı tərəfindən yüksək sevgi, ehtiram, müqəddəslik rəmzinə çevrildi.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğradaraq düşməni işğal altında saxladıqları ərazilərimizdən qovdular. Müzəffər ordumuz noyabrın 8-də Azərbaycanın Şuşa şəhərini erməni işğalçılarından azad etdi. Zəfərimizdən qısa müddət sonra işğaldan azad olunan ərazilərimizdə böyük quruculuq layihələri həyata keçirilməyə başladı və bu gün də davam etməkdədir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. 2021-ci ilin yanvarında Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla videogörüşdə Şuşada yenidən “Xarıbülbül” festivalının keçirilməsinin vacibliyini bildirdi, bu folklor festivalının ənənəsinin yaxın vaxtlarda yenidən keçirilməsinin zəruriliyini qeyd etdi. Dövlət başçısı 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olundu. Bununla da Şuşanın, bütövlükdə Qarabağ torpağının mənəvi dirçəlişinin əsası qoyuldu. 2021-ci il mayın 12-si və 13-də işğaldan azad olunandan sonra ilk dəfə Şuşada “Xarıbülbül” festivalı düzənləndi.  V Festival 2022-ci il - “Şuşa ili”ndə 12-14 may tarixlərində baş tutdu. VI Festival isə 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşada 9-11 may tarixlərində keçirildi. Bu il isə festival 11-13 may tarixlərində reallaşdı. Bu dəfəki tədbiri daha da əlamətdar edən amil 2024-cü il üçün Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi idi.  Musiqi festivalı da məhz bu önəmli hadisəyə  həsr olundu. Festivalda çıxışı zamanı Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunduğunu vurğulayan Prezident İlham Əliyev bunun İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edildiyini bildirdi. Festivala gələn qonaqlar arasında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də var idi. Təsadüfi deyil ki, builki festival iştirakçıları arasında ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər də yer aldı. Bu isə deməyə əsas verir ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı  İslam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına da töhfə verəcək. Bu il 35 yaşını qeyd edən festival Laçın şəhərində də keçirilməklə əhatə dairəsini genişləndirdi. Mayın 13-də Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olundu.

Bu gün Qarabağ yenə öz beynəlxalq şöhrətini bərpa edir. Düşmən əsarətindən azad edilmiş torpaqlarımız musiqimizin, muğamımızın sədaları altında müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir. Çoxşaxəli fəaliyyət və beynəlxalq təəssürat deməyə əsas verir ki, festival davamlı olaraq keçiriləcək, festivala olan maraq artdıqca ildən-ilə digər ölkələrdən gələn qonaqların sayı daha da çoxalacaq. Bundan sonra Şuşanın simvollarından birinə çevrilən “Xarıbülbül” festivalı əbədi yaşayacaq. Festival vasitəsilə Azərbaycan dünyaya sülh, birlik, həmrəylik mesajlarını çatdıracaq.

                                                                                                        Nailə Tağızadə

2024-05-14 / 17:19
Facebook