Heydər Əliyev Fondu – 20 illik yorulmaz fəaliyyət …

 

Müasir dünya xəritəsində öz yerini təsdiqləmiş Azərbaycan regional lider olaraq xarakterizə olunur. Dövlətimiz beynəlxalq sülhün və sabitliyin qorunmasına yönəlmiş dünyamiqyaslı proseslərdə fəal iştirak edir. Bu nailiyyətlərin yaşanılmasında Heydər Əliyev Fondunun ölkə daxili və xarici sferada həyata keçirdiyi layihələrin və məqsədyönlü fəaliyyətin rolu müstəsnadır. Danılmaz faktdır ki, yeni dünya nizamı vətəndaş cəmiyyətinin inkişafı, demokratiyanın dərinləşməsi, milli maraqların qorunmasında QHT-lərin rolunu önə çəkir.  Heydər Əliyev Fondu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. Fond ulu öndər Heydər Əliyevin xatirəsinə 2004-cü il 10 may tarixində təsis olunmuşdur. Xalqın milli-mənəvi dəyərlərini, tarixi kimliyini, milli özünəməxsusluğunu qoruyub saxlayan, həmçinin gələcək nəsillərə də ötürməyi bacaran ulu öndər Heydər Əliyev daim elmin, təhsilin, milli-mənəvi dəyərlərin böyük hamisi və qoruyucusu olmuşdur. Məhz 20 ili əhatə edən məqsədyönlü fəaliyyəti ilə Fond bu amala sadiqliyini nümayiş etdirmişdir. Heydər Əliyev Fondu fəaliyyətində ümumbəşəri dəyərləri uca tutmaqla həm də beynəlxalq miqyaslı qeyri-hökumət təşkilatına çevrilmiş, fəaliyyəti ilə müxtəlif ölkələrin ictimai, elmi, mədəni həyatına fəal təsir imkanları əldə etmişdir.

Heydər Əliyev Fondu zəngin tarixə malik mədəniyyətimizin dünyada tanıdılması və inkişaf etdirilməsi istiqamətində perspektiv fəaliyyət nümayiş etdirir. Fondun dünya mədəniyyətinə və Azərbaycanın milli-mədəni irsinin dirçəlməsinə, habelə muğamın inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanmalıdır. Məhz Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın xüsusi diqqəti nəticəsində muğamımızın canlanması müşahidə olunmuş,  Azərbaycan muğamı  YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Artıq bu siyahıda qədim aşıq sənətimiz və Novruz bayramımız da yer almışdır.

Uşaqlara və ahıllara göstərilən nəvaziş, onlar üçün tikdirilən və təmir olunan çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri, uşaq evləri, talasemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı Fondun reallaşdırdığı fəaliyyətin ayrılmaz qoludur.  Uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək,  insanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək Fondun qarşıya qoyduğu əsas məqsədlərdəndir. Uşaq evləri və internat məktəblərinin məzunu olan gənclər üçün yaşayış binalarının tikilməsi, dini müəssisə və icmaların bərpası, uşaq bağçalarının tikilməsi, yaxud bərpası, uşaq əyləncə mərkəzlərinin yaradılması, həmçinin xarici dövlətlərlə əlaqələrin genişlənməsi məqsədilə ( Pakistanda qızlar məktəbinin, Sarayevoda Dostluq parkı, Həştərxanda Dostluq körpüsünün və s. tikilməsi) görülən tədbirlər sosial fəaliyyətin mahiyyətini təşkil edir.

Qarabağla bağlı həqiqətləri əks etdirən nəşrlər, “Xocalı soyqırımı”nın tanıdılması və təbliği çərçivəsində görülən işlər Fondun aparıcı fəaliyyət istiqamətini təşkil edir. Torpaqlarımızın işğalı dövründə "Qarabağ xanəndələri" adlı azərbaycan, ingilis, rus, fransız dillərində olan musiqi albomunun, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə "Qarabağ həqiqətləri" silsiləsinin, “Qarabağ həqiqətləri” bukletlər toplusunun, "Müharibə və tarixi mədəniyyət abidələrimiz", Parisdə ingilis dilində  “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması”, “Muğam haqqında əlyazmalar toplusu” , “Qarabağ xanəndələri” musiqi albomunun və s. nəşri Azərbaycanın ayrılmaz guşələrindən olan Qarabağda ermənilər tərəfindən törədilən amansızlıqların, tarixi mədəniyyət abidələrinin məhv olunması və ya dəyişdirilməsi faktlarının dünya ictimaiyyətinə çatdırılması yolunda mühüm vasitə olmuşdur. Xocalı faciəsinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun müstəsna rolu danılmazdır. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyasının ötən dövrlər ərzində uğurlu təbliğatı nəticəsində aksiyaya dünyanın əksər ölkələrindən yüzlərlə könüllü qoşulub. Bu təbliğat yalnız Xocalı soyqırımının dünyaya tanıdılması ilə kifayətlənmir, ümumiyyətlə, təcavüzkar erməni siyasətinin obyektiv tanıtımı ilə bağlı aktiv iş aparır.

Azərbaycan reallıqlarının dünyaya tanıdılmasında Fondun fəaliyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir: “… Məhz Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə ikinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir”.

Hazırda Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarımızda dini-mədəni abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi həyata keçirilir. 29 ildən sonra 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı baş tutdu.  Bundan sonra artıq hər il “Xarıbülbül” festivalı Şuşada keçirilir. Bu il isə 35 yaşını qeyd edən festival Şuşa və Laçın şəhərlərində baş tutacaq. 2021-ci il 30 avqust tarixində Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu və ənənəvi olaraq hər il baş tutur. Azərbaycan Milli Xalça Muzeyinin Fond tərəfindən Şuşa filialı açılıb. Şirin su hamamı, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evi və Mehmandarovlar malikanə kompleksində bərpa işləri aparılır. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu Qarabağı 21-ci əsrin mədəni-mənəvi məkanına çevirir.

Bütün bu fəaliyyət istiqamətləri Fondun reallaşdırdığı kompleks tədbirlər sisteminin əsas məcmusudur. Ümumilikdə isə Heydər Əliyev Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar, ekologiya və idman sahələrində müxtəlif layihələrə dəstək verməklə, həm ölkə çərçivəsində, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Məqsəd isə müxtəlif mədəniyyətlər arasında kəsişən nöqtələri tapıb qloballaşan dünyada sülh şəraitində birgə yaşayışı təmin etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin, dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin qovşağı kimi birgə yaşayışa əyani sübutdur. Fondun rasional siyasəti nəticəsində Azərbaycan həqiqətləri bu gün dünya ölkələrində yayımlanır, ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi yüksək səviyyədə təbliğ edilir. 20 ili əhatə edən Fondun səmərəli fəaliyyəti Azərbaycan həqiqətlərinin beynəlxalq spektrli tanıdılmasında və nümayişində qarant rolunda çıxış edir. Məhz bunun nəticəsidir ki, ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan Fond 20 illik fəaliyyəti ilə insanların sevgi və inamını qazanmağa nail olmuşdur.

                                                                                                           Nailə Tağızadə

2024-05-10 / 10:10
Facebook