VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu; Bakıdan dünyaya sülh və dialoq çağırışı …

 

2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılmış, mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platforma olan “Bakı Prosesi” mənəvi-mədəni dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə müxtəlif mədəniyyətlər və dinlər arasında səmərəli dialoqun qurulması məqsədilə irəli sürülmüş və qlobal hərəkata çevrilmiş “Bakı Prosesi” çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir. Mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmləndirilməsinə böyük töhfə verən və artıq Azərbaycanın dini-mənəvi dəyərlərə dərin ehtiramının ifadəsinə çevrilən bu cür tədbirlər ölkəmizin tolerantlıq mühitinin təbliği baxımından son dərəcə önəmlidir.

Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoq məkanı kimi dünyada tanıdılması istiqamətində görülən tədbirlərin davamı olaraq mayın 1-dən 3-dək ölkəmizdə təşkil edilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 100-dən çox ölkəni təmsil edən 700-ə yaxın mötəbər qonaq iştirak etdi. Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəldilər. Üç gün davam edən Forum çərçivəsində 12 panel müzakirə və 4 plenar sessiya keçirildi. Forumda təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, dini müxtəlifliyin qorunması, qanunsuz miqrasiya və digər məsələlər müzakirə edildi. Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərləri də baş tutdu. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsəti oldu.

Azərbaycan bu gün dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan əsas dövlətlərdən biridir. Artıq bir neçə ildir ki ölkəmiz neokolonializmə qarşı mübarizəni əsas prioritetlərdən biri elan edib. Azərbaycan daim beynəlxalq müstəvidə atdığı hər bir addımla sübut edib ki,  müstəmləkəçiliyin, siyasi, iqtisadi, mənəvi istismarın hər cür təzahürünə qarşıdır və dünyanın harasında baş verməsindən asılı olmayaraq, bu cür neqativ halları qınayır, bunu yolverilməz hesab edir. 1-3 may tarixlərində keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu qəbildəndir. Prezident İlham Əliyev forumun açılış mərasimində bu məsələyə xüsusilə toxundu. “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda – Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”, - deyə ölkə başçısı bəyan etdi. Prezident bildirdi ki: “Dünya iyrənc neokolonializm praktikasına göz yummalı deyil. Bu, assimilyasiyadan xəbər verir, bu məcburi assimilyasiyadır. Bu, Fransanın 10-dan artıq dənizaşırı ərazisində baş verir. Buna son qoyulmalıdır”.

Prezident İlham Əliyev bir çox dövlət liderinin cürət edib səsləndirə bilmədiyi həqiqətləri növbəti dəfə beynəlxalq tədbirdə dilə gətirib, Fransanın uzun əsrlərdir ki həyata keçirdiyi müstəmləkəçilik siyasətini bu gün də davam etdirməsini, Afrika qitəsində öz hərbi mövcudluğunu silah gücünə, zorakılıqla sürdürmək cəhdini dəfələrlə tənqid edib. Dövlət başçısı haqlı olaraq qeyd edib ki, Fransa Afrikada, dünyanın digər bölgələrində qanlı cinayətlər törədib, minlərlə insanın həyatına son qoyub. Təbii ki, Fransanın bu mənfur siyasətinə son qoyması üçün tək Azərbaycanın səsi yetmir, digər dövlətlərin də Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinə ciddi ehtiyac var. Yalnız beynəlxalq ictimaiyyətin birliyi, həmrəyliyi və qətiyyəti sayəsində çağdaş dünyada orta əsrlər dövrünün qalığı olan müstəmləkəçilik siyasətinə son qoymaq mümkündür. Təəssüf ki, dünyada hökm sürən ikili standartlar belə vacib bir mövzunun diqqətdən kənar qalmasına səbəb olur. Erməni lobbisinin əlində oyuncağa çevrilmiş bəzi Qərb rəsmiləri belə önəmli məsələlərlə məşğul olmaqdansa, erməni yalanlarını dəstəkləməklə məşğuldurlar.

Azərbaycanın yekdil qərarla COP29-a ev sahibliyi edən ölkə seçilməsini xüsusi vurğulayan dövlət başçısı bildirdi ki, biz öz rolumuzu körpülərin salınmasında görürük. Qərb ilə Şərq arasında unikal mövqeyə sahib olan dövlətimiz  bu gün dünyada baş verən siyasi kataklizmlər fonunda sülh və dialoq yaratmağa çalışır, yeni körpülər salır, sabitlik və təhlükəsizlik diyarına çevrilir. Beynəlxalq hüququn düzgün işləmədiyi bir dövrdə Azərbaycan təkbaşına milli birlik və hərbi gücünün sayəsində öz ərazi bütövlüyünü təmin etdi. Bu gün də Azərbaycan sülh üçün çalışan, sülh yolunda hər cür maneələrə əngəl olan tərəfdir. Ermənistan yeni reallıqla barışmalı, əsrlərdir erməni millətinin beyninə hopdurulan xülyalardan əl çəkilməli, sülh üçün addımlarını genişlətməlidir.

Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşayışına ən gözəl nümunə olmuşdur. Azərbaycan hər zaman humanist ideyaların öndə gedənlərindən biri kimi çıxış edir. Ümumdünya mədəniyyətlərarası dialoqa çağırışın məhz Bakıdan start götürməsi Azərbaycan xalqının humanist, sülhpərvər xarakterini, həm də onun dövlətinin mövqeyini nümayiş etdirir. Azərbaycanın təşəbbüsü ilə baş tutan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu getdikcə daha böyük miqyas alaraq, sülh və təhlükəsizlik sahəsində bir pionerə çevrilib. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən altı forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib. Sivilizasiyalar arasında körpü yaratmaq istəyən Azərbaycan müzakirə olunan qlobal miqyaslı problemlərlə Forumun dünyəvi əhəmiyyətini bir daha təsdiqləyir. Bununla Azərbaycan humanist mövqeyini bir daha təsdiqləyir, sülhsevər siyasətini sərgiləyərək insan amilinin inkişafına yönələn siyasətini dünya təcrübəsinə aşılamaq imkanı əldə edir.

                                                                                                           Nailə Tağızadə

2024-05-09 / 09:48
Facebook