Qalib xalqın Lideri …

 

2024-cü il 7 fevral tarixində keçirilən Prezident seçkilərində Azərbaycan xalqı öz iradəsini nümayiş etdirərək yenə öz liderinə sədaqətini, etibarını bildirdi, növbəti dəfə İlham Əliyevi qalib etdi. Budəfəki seçkilər Azərbaycanın müstəqillik tarixi boyunca baş tutan ən qürurlu seçki kimi tarixə düşdü. Seçkilər suveren Azərbaycan ərazisinin hər bir qarışında baş tutdu, Qarabağ sakinləri öz doğma torpaqlarında səsvermə hüquqlarından istifadə etdi. Seçkini daha da əlamətdar edən isə Prezident və ailə üzvlərinin Xankəndində səsverməsi oldu. Prezident işğaldan azad olunmuş ərazilərdə mühüm siyasi kampaniya keçirməklə bölgədə Azərbaycan Konstitusiyasının bərpa edildiyini bir daha nümayiş etdirdi.

Bu seçkilərdə də ölkədə ədalətli rəqabət mühitinin təmin edilməsi üçün hər cür şərait yaradılmışdı. Seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılmışdı, bütün namizədlər  üçün bərabər şərait təmin olunmuşdu.   Növbədənkənar prezident seçkisini 7 beynəlxalq və regional təşkilat müşahidə edirdi: Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatının Gənclər Təşkilatı (QHGT). Bundan başqa minlərlə yerli və xarici müşahidəçilər də bu prosesi izlədi. Seçkiləri müşahidə edən xarici ekspertlər, beynəlxalq və regional təşkilatların nümayəndələri seçkilərin azad və ədalətli keçirildiyini etiraf etdilər. Demokratik əsaslarla baş tutan seçkilərdə yüksək seçici fəallığı müşahidə olundu. Azərbaycan seçicisi öz iradəsini böyük fəallıq və coşğu ilə ifadə etdi. Təkcə Azərbaycan daxilində deyil, xaricdə yaşayan və müxtəlif səbəblərdən xaricdə olan soydaşlarımız da səfirliklərimizdə yaradılan seçki məntəqələrində səsvermə hüquqlarını fəal şəkildə icra etdilər.

Dünya mediası fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini diqqət mərkəzində saxlayaraq İlham Əliyevin növbəti dəfə qələbəsini operativ olaraq geniş işıqlandırmaqda davam edir. Məqalələrdə yüksək seçici fəallığı, Qarabağda 30 ildən sonra ilk dəfə seçki məntəqlərinin yaradılması, azad olunmuş ərazilərdəki insanlarımızın həvəslə seçkilərdə iştirakı barədə geniş məlumatlar, seçicilərin, eyni zamanda xarici müşahidəçilərin rəyləri öz əksini tapır.  

Bu seçkilərdə İlham Əliyevin mütləq səslə qələbəsi gözlənilən idi. Seçkinin nəticələrini post-müharibə dövrünün reallıqları öncədən müəyyən edirdi. Bu, təkcə seçicinin seçimində yox, aktivliyində də özünü göstərdi. Bu seçkilər tək Azərbaycanın deyil, ümumilikdə, regionun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edirdi. 20 ilin xülasəsinə nəzər yetirsək görərik ki, Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər uğurla yerinə yetirildi. Xüsusilə illərdir ki, xalqımızın ən ağır yarası olan Qarabağ problemi ədalətli həllini tapdı. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 il Azərbaycanın regional liderliyi ilə nəticələndi. Güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dünyada baş verən mürəkkəb geosiyasi hadisələr fonunda Azərbaycanın müstəqilliyini, regional liderliyini İlham Əliyev kimi müdrik, peşəkar, praqmatik rəhbər qoruyub saxlaya bilərdi. Xalq bütün bunları dəyərləndirdiyi üçün yenə də Müzəffər Ali Baş Komandanına etimad göstərdi, onun yanında oldu, ona güvəndi, Azərbaycanın gələcəyini növbəti dəfə ona həvalə etdi. Azərbaycan xalqı yenə də sabitliyə, rifaha, inkişafa səs verdi. Xalq yenə dəmir yumruq kimi Prezidentin ətrafında birləşdi, öz mütəşəkkilliyi ilə ermənipərəstlərin cavabını verdi. Azərbaycan xalqı Böyük Qayıdışın əsasını qoyan liderin bu qayıdışı tamamlamasını istədi. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Xalq əmindir ki, İlham Əliyev bundan sonra da Azərbaycanın rifahı, qüdrəti naminə reallaşdırdığı işləri davam etdirəcək, yeni Prezidentlik dövründə qarşıda duran vəzifələrin layiqincə öhdəsindən gələcək.

                                                                                                         Nailə Tağızadə

2024-02-09 / 15:39
Facebook