30 il ərzində Azərbaycan torpaqlarının işğalına göz yuman, 1 milyondan artıq qaçqının hüquqlarını tələb etməyən, azərbaycanlılara qarşı törədilən soyqırımlara səs çıxarmayan beynəlxalq və regional təşkilatlar Azərbaycanın öz ərazi bötövlüyünü bərpa etməsilə ermənipərəst mövqelərini açıq şəkildə ortaya qoymağa başlayıblar. Bu qurumlar regionda sülh və sabitliyin yaranması üçün çalışmaq əvəzinə danışıqlar prosesinə mane olmağa çalışır.
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) da bu yaxınlarda öz qərəzli, anti-Azərbaycan bəyanatı ilə diqqət çəkib. Belə ki, qurum Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edib. Təşkilatın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib. İclaslarda Azərbaycan nümayəndə heyəti iştirak etsə də, onların səsvermə hüququ məhdudlaşdırılıb.
Azərbaycan 2001-ci ildə Avropa Şurasının Nizamnaməsinin preambulasında ifadə olunan “ədalətə və beynəlxalq əməkdaşlığa əsaslanmış sülhün möhkəmləndirilməsinin insan cəmiyyətinin və sivilizasiyanın qorunması üçün həyati əhəmiyyət daşıdığına inanaraq” təsisata üzv olub. Lakin görünən odur ki, nizamnamədə əks olunanlar kağız üzərində qeyd olunanlardır. Reallıq isə bundan ibarətdir ki, Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına çevirib. Heç şübhəsiz, Azərbaycan əleyhinə atılan adımlar Fransanın təşkilatçılığı və təhriki ilə həyata keçirilir. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmuş Fransa sülhün qurulması istiqamətində heç bir rol oynamasa da, münaqişənin yenidən alovlanması üçün ciddi cəhdlə çalışır. Hər iki ölkənin vasitəçilərsiz irəliyə doğru addım atması, sülh razılaşması ilə bağlı müsbət ümidlərin yarandığı bir məqamda Ermənistanı silahlandırmaq, Senatda və beynəlxalq təşkilatlarda Azərbaycana təzyiq üçün qərarlar qəbul etdirmək arzusu Fransanın sülhü pozan fəaliyyətlə açıq şəkildə məşğul olduğunu göstərir
Bununla da Qərbin Azərbaycanla Ermənistan arasında normallaşma prosesində aktiv şəkildə iştirak iddiası, özünü danışıqlar prosesinə calamaq cəhdləri tamamilə iflasa uğrayır. Azərbaycan əraziləri işğal altında olan müddət ərzində hər hansısa Qərb təsisatı, o cümlədən AŞPA tərəfindən ciddi addım atılmadı. 30 ildir ki, 1 milyondan çox azərbaycanlı qaçqının öz torpaqlarına geri qayıtmaq hüququ haqqında susan Avropa indi özünü ermənilərin hüquq müdafiəçisi olaraq təqdim edir. Qərb Ermənistanı açıq şəkildə müdafiə etməklə, hərbi potensialını möhkəmləndirməyə çalışmaqla mövcud vəziyyəti daha da qəlizləşdirir, revanşist erməni qüvvələrin faəliyyətinə rəvac verir, bölgədə sabitliyin yaranmasına əngəl törədir, irqçilik nümayiş etdirir.
Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun Strasburqdakı binasında bəyanatla çıxış edərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdığını bildirdi. Bəyanatda qeyd olunur ki: “… 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.
… Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir”. “Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib” – deyə bəyanatda vurğulanıb. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. Bu Azərbaycan tərəfindən atılan əsl cəsarət addımıdır. Haqsız və ədalətsiz hücumlara məruz qalan Azərbaycan öz sərt mövqeyi ilə AŞPA -ya öz yerini göstərdi.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini davam etdirmək istəyən beynəlxalq aktorlardan biri də Avropa İttifaqıdır. Məlumdur ki, İkinci Qarabağ müharibəsi bitdikdən sonra Cənubi Qafqazda sülhün təmin olunması üçün Avropa İttifaqı müəyyən təşəbbüslərlə çıxış etdi. Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə 2021-ci ilin dekabr ayında Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk görüşü keçirildi. Bundan sonra, Brüssel formatı çərçivəsində liderlərin bir neçə görüşü baş tutub. Lakin sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror əməliyyatından sonra Avropa İttifaqının mövqeyində ədalətsiz yanaşma özünü göstərdi. Xüsusilə, Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdə davam edir. Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diqtəsinə uyğun davranışlar sərgiləyir. Qarabağda keçirilən antiterror tədbirləri zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərmişdi. Eləcə də, Avropa İttifaqının Xarici Əlaqələr Şurasının ötən ilin noyabrında Brüsseldə keçirilən iclasında Ermənistanın 30 illik işğalçı siyasətinə göz yuman Borrel demişdi: “Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması qəbuledilməzdir və münasibətlərimizin keyfiyyəti üçün ciddi nəticələrə səbəb olacaq”. Bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı C.Borrel yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirdi: “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq”. O hətta Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi C.Borrelin budəfəki açıqlamasını və iddialarını rədd edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif olunması Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Aİ münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir. Ayxan Hacızadə əlavə edib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq.
Azərbaycanın AŞPA-dakı fəaliyyətini dayandırmasıyla, itirən yalnız bu qurumun özü olacaq. AŞPA-da və ya Avropanın digər siyasi dairələrində oturub Azərbaycana qarşı düşmənçilik edənlər anlamalıdırlar ki, belə davam edəcəkləri təqdirdə, bölgədəki tərəfdaşlarını itirəcəklər. Azərbaycan Avropanın əsas enerji təminatçılarından biridir. Ölkəmiz Cənubi Qafqazda yeganə güc sahibidir. Qərb 44 günlük müharibə ilə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini və ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərlə terrorçuların kökünün kəsilməsini həzm edə bilmir. Bunu açıq etiraf edə bilmədiklərindən müxtəlif yollarla ölkəmizə təzyiq edirlər. Avropa revanşist qüvvələrin fəaliyyətini dəstəkləməkdənsə iki ölkə arasında sülhün yaranması üçün fəaliyyətini gücləndirməlidir. Avropa qurumları tərəfindən qəbul edilən qərəzli bəyanatlar Qərbdə tüğyan edən irqçilik, islamofobiya və türkofobiyanın ifrat həddə çatdığını bir daha təsdiq edir. Bu bəyanatlar Ermənistanın simasında birbaşa təcavüzün və terrorun dəstəklənməsidir. Qərb sülh axtarışında tərəflərin səylərini təşviq etməli, öz bəyanatları ilə bu səylərin qarşısını almamalı, başlayan dialoqun tərəflərindən birinə təzyiq göstərməməlidir.
Nailə Tağızadə