7 fevral 2024-cü il tarixində baş tutacaq Prezident seçkiləri Azərbaycanın müstəqillik tarixi boyunca baş tutacaq ən qürurlu seçki kimi tarixə düşəcək. Budəfəki seçkilər suveren Azərbaycan ərazisinin hər bir qarışında baş tutacaq, Qarabağ sakinləri öz doğma torpaqlarında səsvermə hüquqlarından istifadə edəcəklər. Bu seçkilərdə də ölkədə ədalətli rəqabət mühitinin təmin edilməsi üçün hər cür şərait yaradılıb. Seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılması mövcud şəffaflğın əyani sübutudur. Bir çox partiyalar isə İlham Əliyev kimi xalq sevgisini qazanmış müdrik bir siyasətçiylə mübarizə aparmağın çətin olduğunu anlayaraq öz səslərini İlham Əliyevə verəcəklərini bəyan edərək seçkilərdə iştirakdan imtina ediblər. Vətənə, millətə müxaliflər isə bu dəfə də məğlub olacaqlarını bildikləri üçün “boykot” adı altında seçkidə iştirakdan yayınıblar…
Son 20 ilin xülasəsinə nəzər yetirsək görərik ki, Prezident İlham Əliyev tərəfindən verilən bütün vədlər uğurla yerinə yetirilib. Xüsusilə illərdir ki, xalqımızın ən ağır yarası olan Qarabağ problemi nəhayət ki, ədalətli həllini tapıb. Bu baxımdan, 2023-cü il dekabrın 15-də keçirilən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi ürəyi vətənlə döyünən hər bir azərbaycanlının yekdil qərarı, arzu və istəyinin təcəssümüdür.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycanın regional liderliyi ilə nəticələnib. Ölkədə yüzminlərlə yeni iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi minimuma endirilib, sahibkarlığın və bütövlükdə özəl sektorun inkişafı diqqət mərkəzində saxlanılıb. iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi məqsədilə regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı qəbul olunub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Azərbaycan təşəbbüsçüsü və təşkilatçısı olduğu Cənub Qaz Dəhlizini, onun əsas seqmentləri olan TANAP, TAP kimi nəhəng enerji layihələrini icra edilib. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ilə Xəzərin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin müddəti 2050-ci ilə qədər uzadılıb. Ölkəmiz beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətliliyini qoruyan iqtisadiyyata malik olması ilə liderliyini qoruyur. Bu gün ölkəmiz müxtəlif mövzularda beynəlxalq əhəmiyyətli mötəbər tədbirlərin yüksək səviyyədə təşkili və keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Bütün bu sadalananlar Prezident İlham Əliyevin müəllifi olduğu və uğurla reallaşdırdığı milli inkişaf konsepsiyasının nəticəsidir.
Bütün siyasi-iqtisadi uğurlarımızla yanaşı, tarixi Qələbə və Zəfərimizə görə də Müzəffər Ali Baş Komandanımıza minnətdarıq. 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsiylə Prezident İlham Əliyev 17 il ərzində həyata keçirdiyi siyasi strategiyasının məğzinin Azərbaycan dövlətini və xalqını məhz bu savaşa hazırladığını sübut etmiş oldu. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, 44 günün ərzində reallığa çevrildi. 44 gün ərzində millət bir olaraq Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi. Dünyanın hansı guşəsində yaşamasından, statusundan, eləcə də siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bir yumruq kimi Prezident İlham Əliyevin ətrafında birləşdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Prezident İlham Əliyev Vətən müharibəsində qazandığı böyük zəfərlə çoxəsrlik Azərbaycan tarixinə müasir dövrün müzəffər Ali Baş Komandanı olaraq daxil oldu. 2023-cü ilin sentyabrının 19-20-də isə uğurlu antiterror əməliyyatları ilə Azərbaycan beynəlxalq qanunlarla təsbit olunmuş ərazilərində suverenliyini, ərazi bütövlüyünü tam bərpa etdi. Lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızdan separatizmin kökü kəsildi. Bununla, Azərbaycan bütövlükdə Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıq yaratdı.
Güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarının qürur mənbəyidir. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dünyada baş verən mürəkkəb geosiyasi hadisələr fonunda Azərbaycanın müstəqilliyini, regional liderliyini İlham Əliyev kimi müdrik, peşəkar, praqmatik rəhbər qoruyub saxlaya bilər. İlham Əliyev 20 illik yorulmaz fəaliyyəti ilə xalqın ona olan etimadını layiqincə doğruldub. Xalq Müzəffər Ali Baş Komandanının yanındadır, ona güvənir, Azərbaycanın gələcəyini ona həvalə edir.
Nailə Tağızadə