Ermənistana ismarış: Zəngəzur dəhlizinin reallaşması qaçılmazdır!

 

10 dekabr 2024-cü il tarixində yerli televiziya kanallarına müsahibə verən Prezident İlham Əliyev Ermənistanın hələ də Azərbaycanla Naxçıvan arasında maneəsiz nəqliyyat əlaqəsi yaratmadığını xatırlatdı. Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında torpaq rabitəsinin təmin edilməsi məsələsi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda əksini tapmışdır. Bu əlaqə Zəngəzur Dəhlizi vasitəsilə təmin edilməlidir.

Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Burada geosiyasi, siyasi, ideoloji, coğrafi, iqtisadi, sosial-mədəni, hüquqi və təhlükəsizlik məqamları bir-biri ilə çulğaşıb. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin işə salınması adi hadisə deyil – onun arxasında müxtəlif vacib faktorlar dayanır. Dövlət başçısı dəfələrlə ən yüksək səviyyədə Ermənistanın ərazi bütövlüyünü tanıdığını, Zəngəzur dəhlizini hərbi güc yolu ilə açmayacağını vurğulayıb: “Biz üç il gözləmişik, bizi ittiham edirdilər ki, biz güc tətbiq edərək o yolu açacağıq. Halbuki bu, cəfəng bir ittiham idi. Onu da bildirməliyəm ki, bu şayiələri, belə ucuz şayiələri yayan da Fransadır. Biz dəqiq bilirik ki, hər yerdə danışırdılar və bu gün də yəqin davam edir ki, bu gün-sabah Azərbaycan Ermənistana hücum edəcək. Halbuki bunun heç bir əsası yoxdur, heç bir hazırlıq da getmir və bu gün hazırlığı gizlətmək də mümkün deyil. Çünki hər şey yuxarıdan, peykdən görünür, digər informasiya mənbələri var”. Prezident eyni zamanda Ermənistanın imzaladığı üçtərəfli sazişin bəndini icra etməyərək dəhlizi bağlı saxlayacağı təqdirdə, Azərbaycanın da Ermənistanı dünyaya açacaq nəqliyyat arteriyalarını bağlı saxlayacağını bildirib. Yerli televiziya kanallarına müsahibəsi zamanı dövlət başçısı bir daha bəyan etdi ki: “Azərbaycandan Azərbaycana, dediyim kimi, heç bir yoxlama aparılmadan insanlar və yüklər keçməlidir. Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və əgər, dediyim marşrut (Zəngəzur dəhlizi – red.)  açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni, beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”. Prezident Naxçıvana gedən yolun təhlükəsizliyi ilə bağlı Ermənistan rəhbərliyinin qarantiyalarının kifayət olmadığını, nəzarəti razılaşmada qeyd olunduğu kimi Rusiya tərəfinin həyata keçirməli olduğunu deyib: “10 noyabr Bəyanatında göstərilmişdi ki, Rusiya sərhədçiləri 42-43 kilometr ərazidə təhlükəsizliyi və nəzarəti həyata keçirirlər və bu öhdəlik yerinə yetirilməlidir. Ermənistan isə bundan indi boyun qaçırmaq istəyir. Halbuki bu da məntiqli deyil. Çünki Rusiya sərhədçiləri Ermənistanın, İrəvanın aeroportundadırlar, Ermənistan-İran, Ermənistan-Türkiyə sərhədindədirlər. Niyə orada onlar qala bilərlər, amma burada qala bilməzlər? Sadəcə olaraq, bu, bir bəhanədir ki, bu yol açılmasın”. 

Prezident Zəngəzur dəhlizi kontekstində Ermənistanın irəli sürdüyü “sülh kəsişməsi” layihəsinə də münasibət bildirərək, bunu piar aksiya adlandırıb: “… Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq öz öhdəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirməliyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil”.

          Dövlət başçısı qeyd etdi ki, Ermənistanın öhdəliyi Zəngilanla Ordubad arasındakı ərazidə Azərbaycana maneəsiz keçid verməsidir: “Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər. O ki qaldı, digər ölkələrin yüklərinə, əgər, məsələn, Orta Asiyadan Türkiyəyə bir yük Ermənistan ərazisindən göndərilirsə və hətta Azərbaycandan Türkiyəyə hansısa bir yük göndərilirsə, təbii ki, bütün gömrük rüsumları da ödənilməlidir. Yəni, bu, çox ədalətli mövqedir”.

Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq, regionda davamlı sülhün və sabitliyin təmin edilməsində önəmli rol oynayacaq. Dəhlizin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq. Ən vacib nüanslarından biri ondan ibarətdir ki, Zəngəzur dəhlizi nəinki Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqələrinin şaxələndirməsinə, həmçinin Xəzər və Aralıq dənizindən başlayaraq Cənub Şərqi Asiya və Mərkəzi Asiya olmaqla Avropa arasındakı nəqliyyat-logistika xətti olmaqla davam edəcək. Ən əsas amil isə bu dəhlizi reallaşdırmaqla Azərbaycan tarixi ədaləti bərpa edəcək. Dövlət başçısının da vurğuladığı kimi, “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir...”.

Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatlarından da aydın olur ki, Zəngəzur dəhlizinin açılması qaçılmazdır və Ermənistanla sülh müqaviləsinin əsas şərtlərindən biridir. Zəngəzur dəhlizi proyektinin hansı formada açılacağı Ermənistanın tutduğu mövqedən asılıdır. Bu gün Ermənistanda bəzi dairələr Zəngəzur dəhlizinin açılmasına qarşı çıxırlar. Ancaq onların fəaliyyətinin nəticəsizliyi ölkə rəhbərimiz tərəfindən dəfələrlə ifadə edilmişdir. Ermənistanın başqa çarəsi yoxdur. Zəngəzur dəhlizi ya könüllü olaraq açılacaq, ya da Ermənistan buna məcbur olacaq. Bölgənin gələcəyi çoxtərəfli əməkdaşlıqla əlaqəlidir və Zəngəzur dəhlizinin açılması bu mənada əsas məqamdır. İqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 75 faizini təşkil edən çiçəklənən Azərbaycanla əməkdaşlıq etmək Ermənistan üçün faydalıdır. Ermənistan Zəngəzur dəhlizinin üstünlüklərindən yararlanarsa, başqa sözlə, regional əməkdaşlığa önəm verərsə, sosial-iqtisadi sahələrdə müsbət göstəricilərlə qarşılaşa bilər. İlk növbədə, iqtisadi blokadadan çıxmaq və iqtisadi inkişafını gerçəkləşdirmək imkanları əldə edər. Əks halda, destruktiv siyasətindən əl çəkməsə, bu ölkədə demoqrafik problemlər daha da kəskinləşəcək,  işsizlik səviyyəsi daha da artacaq, mühacirət və yoxsulluqla müşayiət olunan oxşar iqtisadi vəziyyət getdikcə ağırlaşacaq, xaos və özbaşınalıq daha da dərinləşəcək. Buna görə də Ermənistan inkişaf və sabitlik istəyirsə, revanşizmi unutmalı və Azərbaycanın təklif etdiyi əməkdaşlıq formulunu qəbul etməlidir.

                                                                                                          Nailə Tağızadə

2024-01-15 / 15:59
Facebook